adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Yanvar 2023 12:00
1045
MƏMLƏKƏT

Qarlı yollar... - Faiq QİSMƏTOĞLU yazır

Belə yollarda avtomobilləri idarə etmək sürücülərdən böyük təcrübə tələb eləyir

 

Havaların qəfil soyuması, qarın yağması və şaxtanın düşməsi təbii ki, respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətini həmişə çətinləşdirib və bu gün də çətinləşdirir. Çünki yağışlı, yağmurlu və buzlu yollarda avtomobilləri idarə etmək elə də asan deyil. Ən azından ona görə ki, sürücü sükan arxasında olarkən belə vəziyyətlə qarşılaşanda gərgin anlar yaşayır və çətin vəziyyətdən çıxmağa çalışır. Daha təcrübəli və səriştəli sürücülər istər-istəməz qəza vəziyyəti baş verərkən çıxış yolu tapır və özünün həyatını xilas edir. Amma səriştəsiz, təcrübəsiz sürücülər belə kritik anda karıxır, bilmir ki, necə hərəkət eləsin və hansı yol tutsun. Nəticədə qəza baş verir və faciəli hadisələr olur.

Bütün bunların qarşısını almaq üçün yol hərəkəti iştirakçıları öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidir. Yəni sürücülər qaydalara əməl etməli, piyadalar da öz üzərinə düşən missiyanı icra etməlidilər. Başqa sözlə demiş olsaq, ya sürücü, ya da piyada qaydaları pozarsa, burda birmənalı olaraq yol-nəqliyyat hadisəsinin baş verməsi qaçılmazdır. Təkcə bir faktı qeyd edək ki, bayram günlərində respublika ərazisində 17 yol-nəqliyyat hadisəsi olub. Bu hadisələr zamanı 15 nəfər ölüb, 28 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Göründüyü kimi, bu cür faciəli hadisələr heç də özbaşına yaranmayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli ilə əlaqə yaratdıq və bayram günlərində olmuş yol-nəqliyyat hadisələrinə münasibətini öyrəndik. Cənab kapitan dedi ki, həmin hadisələrin baş verməsinə əsas səbəb sürət həddinin aşılması və bəzi sürücülərin meteroloji durumu düzgün qiymətləndirilməməsidir. Hansı ki, biz bayram günündən öncə sürücülərə xəbərdarlıq etmişdik ki, hava şəraitini düzgün qiymətləndirsinlər, sürət həddinə əməl etsinlər və eləcə də nəqliyyat vasitələrinin texniki göstəricilərinə önəm versinlər. Göründüyü kimi, bəzi sürücülərin məsuliyyətsizliyi və diqqətsizliyi nəticəsində bayram günlərində ölümlə nəticələnən ağır qəzalar baş verib. Birmənalı olaraq deyə bilərik ki, sürücülərin bu cür səhlənkarlığı neçə-neçə ailənin faciəsi ilə nəticələnib. Əlbəttə, əgər sürücü yola çıxarkən diqqətli olsa, məsuliyyətini unutmasa, bu cür hadisələr baş verməz. Deməli, sükan arxasında əyləşmək, çox böyük məsuliyyət, həm də bir vicdan borcudur. Çünki məsuliyyətli adam bilir ki, atdığı addım hansı nəticə verəcək.

Toğrul Nəsirli bir fikri də vurğuladı ki, son günlər respublika ərazisində hava şəraiti daha da mürəkkəbləşib, qar yağıb və yollar buz bağlayıb. Bakı-Şamaxı-Ağsu, Bakı-Quba-Rostov, Bakı-Qəbələ, Bakı-İsmayıllı yollarında nəqliyyat vasitələrinin hərəkəti daha da çətinləşib. Üstəlik də, qar yağması nəticəsində Ağsu dolaylarında avtomobillərin idarə olunması sürücülərdən daha yüksək məsuliyyət tələb edir. Ümumiyyətlə, biz bir daha sürücülərə xəbərdarlıq edərək bildiririk ki, qarlı, şaxtalı və yolların buz bağlandığı günlərdə axşam saatlarında Ağsu dolaylarından istifadə etməsinlər. Həmin istiqamətə gedən sürücülər və hərəkət iştirakçıları Bakı-Qazax yolu ilə hərəkət etsələr, yəni, Kürdəmir istiqaməti ilə getsələr, daha təhlükəsiz olar. Və bir də sürücülərin nəzərinə onu çatdırmaq istəyirik ki, qarlı və şaxtalı havada və eləcə də, yollar buz bağlayanda nəqliyyat vasitələrinin şinləri qış mövsümünə uyğunlaşdırılmalı, bununla yanaşı, şüşə silənlər keyfiyyətli olmalı, avtomobilin digər texniki göstəricilərinə də önəm verilməlidir.

Respublikamızın ərazisinə qarın yağdığı vaxtda və eləcə də yolların buz bağlandığı günlərdə Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının ayrı-ayrı tağımları ilə əlaqə yaratdıq. Bakı-Şamaxı-Ağsu avtomobil yolunda xidmət aparan üçüncü tağımın əməkdaşları qarlı və şaxtalı günlərdə və eləcə də bayramda gücləndirilmiş iş rejimində işləyiblər. Onlar sutkanın 24 saatını davamlı olaraq iş başında olub, hərəkətin təhlükəsizliyi üçün öncədən qabaqlayıcı tədbirlər görüblər. Elə bütün bunların həyata keçirilməsi nəticəsində qarlı havalarda bu istiqamətdə baş verən ağır qəzalar azalıb, ölüm və xəsarətalma halları aşağı enib. Üçüncü tağımın komandiri, polis mayoru Ürfət Şükürov bildirir ki, bizə əvvəlcədən aidiyyatı qurum tərəfindən məlumat verilmişdi ki, qar yağacaq, temperatur 15 dərəcə aşağı düşəcək və yollar buz bağlayacaq. Ona görə də biz qabaqlayıcı tədbirlər həyata keçirdik, xidmət apardığımız Bakı-Şamaxı-Ağsu yolunun sərt döngələrində, eləcə də çətin yerlərdə əlavə naryadlar qoyduq. Üstəlik də, axşam saatlarından Yol İdarəsi ilə birgə avtomobil yoluna duz qarışıq qum səpildi. Hələ bunlar da hamısı deyil. Yolda qalmış ayrı-ayrı sürücülərə əməkdaşımız kömək göstərdi, özünü pis hiss edən sərnişin və hərəkət iştirakçılarına yardım edildi. Hətta çıxılmaz vəziyyətdə olan bəzi hərəkət iştirakçısı stasionar məntəqəyə gətirildi, onlara isti otaqda əlverişli şərait yaradıldı. Bütün bunlar onu göstərir ki, biz hərəkət iştirakçıları üçün nə lazımsa onu edirik.

Qarlı və şaxtalı günlərdə Yol Patrul Xidməti Alayının 1-ci, 3-cü, 7-ci və 12-ci tağımının əməkdaşları sözün həqiqi mənasında hərəkət iştirakçılarının təhlükəsizliyi üçün bütün tədbirləri vaxtında həyata keçirib və onları gözləyən hər hansı bir çətinlik qısa zaman kəsiyində aradan qaldırılıb. Məhz bu istiqamətlərdə də havaların mürəkkəb keçdiyi günlərdə yol-nəqliyyat hadisələri xeyli azalıb. Çünki adını çəkdiyimiz həmin tağımın əməkdaşları tərəfindən sürücülər və hərəkət iştirakçıları stasionar məntəqədə saxlanılaraq maarifləndirilib və onlara lazımi göstərişlər və tövsiyələr verilib. Təbii ki, bu qabaqlayıcı tədbirlər də həmişə olduğu kimi, qarlı və şaxtalı havada da öz müsbət nəticəsini verib.