Qəzənfər Musabəyovun ideyası:"Bakının ruslara, Qərbi Azərbaycanı ermənilərə verək!" -Müsahibə

Deməli, 2020-ci ilin noyabr ayının sonları idi . Rusiya sülhməramlıları artıq Qarabağda yerləşdirilmişdi. Türkiyə sülhməramlılarının Qarabağa gəlişi də nəzərdə tutulmuşdu amma bilinməyən səbəblərdən bu ləngiyirdi. O arada Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verdi.
Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb oldu. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib. Bir sözlə, Rasim Musabəyovun Türkiyəyə qarşı çıxması cəmiyyətdə böyük etiraza səbəb oldu.
Hamımıza məlumdur ki, R. Musabəyov 1918-ci ildə 31 Mart qırğınını Bakı şəhər kommunasının sədri Şaumyanın əmri ilə həyata keçirən əsas təşkilatçılar sırasında yer alanlardan biri, Bakının hərbi komendantı olmuş Qəzənfər Musabəyovun nəvəsidir.
Bu gün (26 iyul 1888-ci il) Qəzənfər Musabəyovun doğum günü olduğunu nəzərə alıb, onun kimliyini , əməllərini, Azərbaycan xalqına qarşı düşmənçiliyini xatırladacağıq.
Beləliklə Qəzənfər Musabəyovun "işıqlı" fəaliyyəti ilə bağlı suallarımıza siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavab verir.
- Zaur müəllim, bir dəfə sizin bolşevik Qəzənfər Musabəyovla bağlı bir məqalənizi oxumuşdum. İttihamlarınız çox kəskin idi:"İSTİQLALIMIZA GÜLLƏ ATAN BOLŞEVİK GƏDƏSİ - "PADLA" QƏZƏNFƏR". Bu fikir vətəndaş olaraq vətəninizə zərbə vuran birinə qarşı qəzəbdən yaranan həqarət idi, yoxsa bir alimin araşdırmaları sayəsində gəldiyi son nəticə idi?
-İndi mən Qəzənfərin fəaliyyəti ilə bağlı araşdırıb ortaya çıxardıqlarımı sizə və oxucularınıza danışım, qərarı özünüz verin! Azərbaycan Respublikası DTX-nın arxivində çoxsaylı sənədlər var ki, bu gün onların üzə çıxması və tədqiq edilməsinə çox ehtiyac var. Orda saxlanan və bir neçə il öncə üzə çıxarılan qovluqların birində yazılır: "1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik”...
Kim idi bu şəxs ki, ermənilər və ruslarla birgə Azərbaycan Cümhuriyyət ordusuna qarşı döyüşə girib və Bakını işğal olunmasında bolşevik-daşnaklara yardım edib. Bu günə qədər Binəqədi rayonunda adına küçə salınan, Azərbaycan kommunistlərinin fəal üzvü, Azərbaycan Cümhuriyyətinə düşmən kəsilən Qəzənfər Musabəyovdur. Ayna Sultanovanın qardaşı Qəzənfər Musabəyov kommunizmin qələbə çalacağına inanan şəxslərdən olub. 1929-1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışıb.
- Hardasa oxumuşdum, qədim Azərbaycan torpaqlarının ermənilərə verilməsində də Qəzənfər Musabəyovun xüsusi xidmətləri olub.
- Düz oxumusunuz! Azərbaycanda Dağlıq Qarabağ bölgəsinə muxtar status verilməsinə səs verənlərdən biri də Azərbaycan K(b)P MK Rəyasət Heyətinin 1923-cü il iyulun 1-də S.M.Kirovun sədrliyi keçirilən iclasda Qəzənfər Musabəyov da var idi. Professor Musa Qasımlının “Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920‐1994‐cü illər)” adlı kitabında yazlılır ki, 1936-cı ilin may ayında Parisdən 2 min nəfər erməni Ermənistana gətirildi. Onlar RK(b)P Zaqafqaziya Diyar Komitəsinin birinci katibi L.Beriyaya və ZSFSR XKS sədri Qəzənfər Musabəyova may ayının 22-də göndərdikləri məktubda “yad ölkədən yeni vətənə gəldiklərinə şərait yaradıldığı üçün” təşəkkür etdilər.
Bir sözlə Sovet Ermənistana, Zəngəzur və İrəvan ərazilərində yaşamaq və ermənilərin sayının artırılması üçün xaricdən ermənilərin köçürülməsi işində Musabəyovun rolu böyük olub. Məhz onun sayəsində Qərbi Azərbaycanda ermənilərin sayı azərbaycanlılardan daha çox olmağa başlayıb və 1936-cı ildə ermənilərin sayı 55% və azərbaycanlıların sayı 45% olub. Sonradan isə deportasiyalar başlanıb.
-Parlament sədri olaraq "fəaliyyəti" bununla yekunlaşmaz , məncə....
- Bakıda erməni Bolşevik qruplaşmasının üzvü olmuş, azərbaycanlılara düşmən kəsilən Pyotr Montin-Montyana həsr olunan abidənin də açılşını məhz Qəzənfər Musabəyov açıb. ANS Pressin 2010-cu ildə verlişlərinin birində Musabəyovun ləqəbinin “Padla” olduğu deyilirdi.
Mənbələrdə yazılır ki, Qəzənfər Musabəyov Cümhuriyyət ordusuna kömək üçün Dağıstan tərəfə gedən Qaçaq Mayıl, Həmdulla Əfəndi və Bakı qoçularının dəstəsinə müraciət edib deyir ki, bizim məqsədimiz işğal deyil, Atatürkün çağırışı ilə Azərbaycandan keçib Türkiyəni xilas etməyə getməkdir. Bundan sonra isə zirehli qatar birbaşa Bakıya gəlib və silahlı işğal başlayıb. Bakıya hücum planı isə Mikoyan və Musabyov tərəfindən hazırlanıb. Ona görə də Bakı tezliklə işğala məruz qalıb.
Bütün respublika ərazisində 1918-1920-ci illərdə xalqı Cümhuriyyəti devirməyə çağıran, çevrilişə dəstək vermək çağırışlarına imza atanlardan biri də məhz Qəzənfər Musabəyov idi.
- Bəs, o vaxtkı Sovet Azərbaycanının baş katibi Mircəfər Bağırov onun bu fəaliyyətinə necə baxırdı?
-Mircəfər Bağırov Musabəyovun Mikoyan, Şaumyan, Nikolay Yejov, Kirovla dostluğuna görə münasibəti soyuq idi. Ona görə də 1937-ci ilin hadisələri zamanı elə ilk hədəfi onu seçir. 1937-ci il oktyabrın 29-da Q.Musabəyov ilə sorğu-sualı onun tələbi ilə müstəntiq olan erməni Krimyanı çağrır və 24 nəfərin də adını çəkir. 24 nəfəri əksinqilabçı kimi verib öz həyatını xilas etmək planı isə boşa çıxır. 12 yanvar 1938-ci
ildə güllələndi.
-Zaur müəllim maraqlı məlumatlarınıza görə təşəkkür edirik. Çox sağ olun ki, Azərbaycana xəyanət etmiş hər kəsə layiq olduğu münasibəti göstərirsiniz. Amma sizin araşdırmalarınız bir daha təsdiq edir ki, hər işıldayan qızıl deyil, qızıl ilan da ola bilər.
Bunu isə qeyd etmək yerinə düşər:
Azərbaycan Respublikası MTN-nin arxivində saxlanılan qovluqda Qəzənfər Musabəyovun "qardaş" deyə müraciət etdiyi Nikolay Yejova məktubu da vardır. Məktubun M. C. Bağırova aid hissəsin yazılır :
"Əziz Nikolay İvanoviç! Sənə, rəhbərimizin sədaqətli şagirdinə, əziz və sədaqətli qardaşıma deməliyəm ki, Bağırov mənə çoxdan düşmən kimi münasibət göstərirdi. Azərbaycanda işləyən zaman aramızda tez-tez siyasi məsələlərə baxışda mübahisələr olurdu. Bağırov yoldaş bir sıra siyasi səhvlərə yol verdiyinə görə iki dəfə işdən azad edilib. 1927-ci ildə o, Serqo Orconikidzenin təklifi ilə Dövlət Siyasi İdarəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb. 1930-cu ildə isə rəhbərliyə qarşı antipartiya mövqeyinə görə, Gikalo yoldaşla birlikdə MK qərarı ilə vəzifədən azad edilərək, Moskvanın sərəncamına göndərilib. Etiraf edirəm ki, siyasi səhvlərinə, hərəkətlərinə və qeyri-səmimiyyətinə görə mən də Bağırov yoldaşa pis münasibət göstərmişəm".
Bəs Yakov "qardaş" nə edib? Müavini Litvinə tapşırıb ki, ərizəni istintaq materiallarına əlavə etsin.
Görəsən, "Bağırov yoldaşa pis münasibət göstərmiş" Q. Musabəyov kimlərə rəğbət bəsləyib? İstintaq qovluğundakı məktubunda oxuyuruq: "1917-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirərək Bakıya qayıtdım. Bakı kommunasında Caparidze və Şaumyan yoldaşların rəhbərliyi altında ərzaq cəbhəsində çalışdım. 1918-ci ilin avqustunda Bakı Kommunasının süqutundan sonra Caparidze yoldaşın təklifi ilə mən digər kommunarlarla birlikdə Həştərxana yollandım. Burada iki il Sergey Kirov yoldaşın rəhbərliyi altında partiya işində və 11-ci Orduya xidmət sahəsində fəaliyyət göstərdim.
1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik".
Söhbətləşdi Əntiqə Rəşid
Digər Xəbərlər

Qızılcadan necə qorunmaq olar? - MÜSAHİBƏ

"Azərbaycanın inkişafına “Galt & Taggart” ın qeyri-ciddi münasibəti..." - İqtisadçı ilə MÜSAHİBƏ

İlham Əliyev “Euronews”a müsahibə verib - YENİLƏNİB + VİDEO

Daimi yorğunluğumuzun səbəbi nədir? - MÜSAHİBƏ

"Mavi gözlüm, sənə görə, qürur hissi keçirirəm!" - Şəhid anası ilə MÜSAHİBƏ

QİÇS-ə yoluxanları müalicə etmək mümkündürmü? - MÜSAHİBƏ

“8 ay müddətində şəhəri təhvil vermişik” - MÜSAHİBƏ
