25 Avqust 2023 09:00
1751
LAYİHƏ

QİSAS QİYAMƏTƏ QALMADI…

Ermənilər elə bilirdilər ki, 30 ildən də çox işğal etdikləri torpaqlarımızı əllərində saxlayacaq, təbii sərvətlərimizi tari-mar edəcək, flora və faunamızın hamısının məhvinə nail olacaqlar. Elə belə baxanda onlar 20 faiz torpaqlarımızı işğal edərkən onun daşını daş üstə qoymamışdılar. Bəlkə də dünyada analoqu və oxşarı olmayan vəhşiliklər törətmişdilər. Bu vəhşiliklər nə idi?

İndi onların bir çoxunu yada salacağıq: Ağdam kimi, Füzuli kimi, Cəbrayıl kimi şəhərləri yer üzündən silmişdilər. Heç o biri rayonlarımızda da vəziyyət yaxşı deyildi. Zəngilanın, Qubadlının, Kəlbəcərin, Laçının mərkəzləri məhv olmuşdu, kəndlərin isə daşı-daş üstə, bayaq dediyimiz kimi, qalmamışdı. Daşıdıqlarını aparmışdılar, daşıya bilmədiklərini od vurub yandırmışdılar. Bunların vəhşiliyinin bir həddinə baxın: qəbiristanlıqların başdaşını aparandan sonra qəbirlərdən cəsədləri çıxarıb dişləri qoparıblar.

Üstəlik də həmin qəbiristanlıqların əksəriyyətini traktorların, buldozerlərin qabağına verib düzləyib, sonra da traktorları ora salıb taxıl əkiblər. İnsan qəbiristanlığında taxıl! Heç bu taxılı, buğdanı yemək olarmı? Amma onlar iranlı qardaşları ilə birgə Füzulinin, Ağdamın qəbiristanlıqlarında taxıl əkiblər, onu biçiblər, aparıb üyüdüb un edərək çörək bişirib yeyiblər. Burunlarından gəlsin o çörək, elə burunlarından da gəldi!

… 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən 44 günlük İkinci Qarabağ savaşı ermənilərin bütün arzularını gözündə qoydu. 30 il yeyib-içdiklərini, yığıb-apardıqlarını Azərbaycan Ordusu onların burunlarından gətirdi. Döyüş meydanında ancaq gücləri mülki əhaliyə çatan ermənilər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədi. Çünki Azərbaycan əsgəri onların 1990-cı ilin əvvəllərində gördüyü əsgər deyildi. Və Azərbaycan Ordusu da həmin illərin ordusu deyildi. Öz havadarlarına arxayın olub kömək gözləyən erməni faşistləri bütün döyüş bölgəsindən geri çəkilməyə məcbur oldu. Mövqeləri qoyub qaçdılar. Yenə onlar gözləyirdilər ki, kimlərsə gəlib ermənilərin əvəzinə döyüşəcək. Elə bilirdilər ki, ötən əsrin 90-cı illərin əvvəllərində olduğu kimi yenə rus əsgərləri qabağa düşəcək, vuruşacaq və bunlar da onların arxası ilə gələcəklər. Amma gözlədilər-gözlədilər nə rus əsgərləri gəldi, nə də onlara qahmar çıxan fransızlar. Döyüş meydanında erməni əsgəri Azərbaycan əsgəri ilə üzbəüz qaldı. 

Və Azərbaycan əsgəri də hər biri aslan kimi, pələng kimi döyüşüb torpaqlarımızı azad etdilər. Eyni zamanda müharibənin qızğın vaxtında ermənilər, daha doğrusu, onların baş naziri Paşinyan dünya güclərinə telefon açır, yalvarır, kömək istəyirdi. Dəfələrlə Rusiya prezidentinə yalvardı. Rusiya prezidenti Putin də onun əlindən boğaza yığılmışdı. Hətta onun telefon zənglərinə cavab belə vermirdi. Hər yerdən əli üzülən Ermənistanın baş naziri dezinformasiyalar yaymağa başladı. Və eyni zamanda bu dezinformasiyaları Ermənistanın Müdafiə Nazirliyi də tirajlayırdı.

Təbii ki, bu cür yalanlarla onlar öz xalqını aldadırdı. Guya Şuşa ermənilərin nəzarətindədi, Hadrut azərbaycanlıların əlinə keçməyib. Bu yalanları bir müddət yaydılar və axırda da gördülər ki, yalanın ömrü o qədər də çox deyilmiş və yavaş-yavaş əsl həqiqəti erməni xalqına çatdırdılar. Bu həqiqəti isə o xalq biləndən sonra istər-istəməz dövlət başçısına və Müdafiə Nazirliyinə inamları qalmadı. Əlbəttə, öz millətini, xalqını aldadan dövlət başçısına və Müdafiə Nazirliyinə kim inana bilərdi?

Yekə-yekə danışırdılar ki, onların müdafiə səddini, yəni «Ohanyan səddi»ni heç bir qüvvə yara bilməz. Amma bu səddi qüdrətli və möhtəşəm Azərbaycan Ordusu sentyabrın 27-isi yardı və qısa zamanda Füzulinin 4 kəndi və Cəbrayılın 3 yaşayış məntəqəsi erməni işğalından azad olundu.

Azərbaycan Ordusu İkinci Qarabağ savaşında ermənilərin mülki əhalisinə bir güllə belə atmadı. İstəsəydi Hadrutu işğaldan azad edəndə yüzlərlə mülki əhalini Azərbaycan əsgəri öldürə bilərdi, amma bizim əsgərlər erməni əsgərləri kimi cəllad və amansız deyildi. Onlar üz-üzə gəldiyi erməni əsgərlərini məhv elədilər, torpaqlarımızdan iti qovan kimi qovdular, ağır silahlarını, tanklarını, artilleriya qurğularını əllərindən aldılar. Hətta Azərbaycan Ordusu və qırıcı təyyarələrimiz ermənilərin Təcili tibbi yardım maşınlarına belə atəş açmırdılar. Azərbaycan əsgəri xalqın, millətin qisasını döyüş meydanında, cəbhədə, səngərdə erməni əsgərlərindən, zabitlərindən, generallarından aldı. Xocalının, Qaradağlının, Ağdabanın və digər yerlərdə baş vermiş qırğınların qisasını Azərbaycan əsgəri qiyamətə saxlamadı və bu qisası erməni ordusundan və erməni əsgərindən aldı.

44 günlük möhtəşəm İkinci Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan Ordusunun qarşısında heç bir güc, heç bir qüvvə dayana bilməz. Qüdrətli və müzəffər Azərbaycan Ordusu 44 gündə 30 ildə görüləcək döyüşü həyata keçirdi. O döyüş ki dünyanın hərb tarixinə qızıl hərflərlə yazılıb.

Dünyada çox müharibələr olub və müharibələrdə də yazılmamış və yazılmış qanunlar var. Amma ermənilər nə yazılmış, nə də yazılmamış qanunlara əməl etmədilər. Onlar Azərbaycana nə az, nə çox - yüz milyarddan da artıq maddi ziyan vurublar. Bunlar hamısı müharibə cinayətləridir. Müharibə cinayətlərini törədən canilər isə gec-tez məhkəmə qarşısında cavab verməli olur.

İndi ermənilər tumanlarını başlarına keçirib «humanitar fəlakət» deyib Qarabağdakı ermənilərin acından qırıldıqlarını deyirlər. Fransa başda olmaqla, digər Avropa ölkələri onların bu yalanlarını əldə rəhbər tutaraq beynəlxalq təşkilatlarda hay-küy qaldırır, dünyanın diqqətini kef içində yaşayan Qarabağ ermənilərinə yönəltmək istəyirlər. Amma gözləri kor, qulaqları kar, dilləri lal olan həmin o fransızlar və avropalılar bir dəfə olsun belə Qarabağda daşı- daş üstə qoymayan, evləri-eşikləri yandıran, qadınları, uşaqları gülləbaran edən və ölkəmizə yüz milyard dollardan çox ziyan vuran erməni vəhşiliyi haqqında bir kəlmə belə danışmırlar. Əksinə, Avropadan beynəlxalq müşahidəçilər və fransızlar Ermənistana axışır, Laçın sərhəd keçid məntəqəsinin yaxınlığında dayanmış «tırların» şəklini çəkərək dünyaya yayıb timsah kimi ağlayırlar.

Artıq ölkəmizə dəymiş yüz milyard dollar dəyərində ziyanı sübut edən sənədlər Beynəlxalq Ədalət Məhkəməsinə göndərilməlidir. Qoy ermənilər canları çıxıb o ziyanı ödəsinlər, ya da ziyanı ödəyə bilmirlərsə onda Zəngəzur və digər yerləri Azərbaycana versinlər. Ermənilərlə adam dilində yox, onların öz dilində danışmaq lazımdır. Çünki bu dünyada ədaləti nə beynəlxalq təşkilatlar, nə də onların qətnamələri həll etmir. Ədaləti Azərbaycan əsgəri və Azərbaycan Ordusu dəmir yumruqla həll edib və edəcək!

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.