28 Oktyabr 2024 05:19
16
ANALİZ

Qlobal sülhə mühüm töhfə-BRICS+ formatı 

Ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, ticarət mübadilələrinin genişlənməsi və investisiya axınının artırılması perspektivlərini ortaya qoyan BRICS+ platforması uğurlu iqtisadi platformalardan sayılır. Kazan şəhərində XVI BRICS Sammitinin reallaşması, sammit çərçivəsində keçirilən görüşlər, səslənən fikirlər onu deməyə əsas verir ki, BRICS iqtisadi imkanların genişlənməsi ilə yanaşı beynəlxalq layihələr, qlobal təhlükəsizlik və enerji təminatında mühüm rol oynayan platforma statusundadır.

Azərbaycanın da bu platformada təmsil olunması və öz sözünü deməsi ölkəmiz üçün yeni imkanlar açır. Sammitdə iştirak edən dövlət başçısı İlham Əliyev sammit çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanın ikitərəfli münasibətlərdə etibarlı tərəfdaş olduğunu, ölkəmizin enerji və digər layihələrin reallaşmasında, eləcə də trasmilli layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırdı. Dövlət başçısı Azərbaycanın BRICS+ platformasında iştirakı, qlobal təhlükəsizlik və enerji təminatı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər aktual məsələlərə də toxundu. Bir sıra prioritetləri təqdim etdi. Prezident İlham Əliyev iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektoru ilə bağlı investisiyaların artırılması, “yaşıl enerji” təşəbbüsləri və texnoloji innovasiyaların inkişaf etdirilməsi məsələlərini vurğuladı. Azərbaycan Prezidenti, BRICS+ çərçivəsində iqtisadi və siyasi məsələlərin müzakirə olunmasının, həmçinin iştirakçı ölkələr arasında dostluq və işbirliyinin güclənməsinin vacib olduğunu bildirdi. Dövlət başçısı bu problemlərin müzakirəsi üçün BRICS+ platformasının əhəmiyyətini vurğuladı və iştirakçı ölkələri birgə fəaliyyət göstərməyə dəvət etdi. Eyni zamanda, Azərbaycanın sülh və təhlükəsizliyin təmin olunmasında aktiv rol oynadığını, bölgədəki münaqişələrin həlli üçün konstruktiv yanaşmalar sərgilədiyini bildirdi.

Hazırda dünyanı narahat edən qlobal təhlükəsizlik məsələri ilə bağlı həyata keçirilən müzakirələr və strateji yanaşmaların ortaya qoyulması BRICS+ formatının əhəmiyyətindən xəbər verir. Siyasi ekspertlər də hesab edir ki, bu tip yanaşmalar münaqişələrin həllinə kömək edə və dünya miqyasında sülhün bərqərar olmasına dəstək verə bilər. Bu cür tədbirlər yalnız ölkələr arasında iqtisadi əlaqələri gücləndirmək deyil, eyni zamanda, qlobal müstəvidə sülh, təhlükəsizlik və inkişafın təmin edilməsi üçün də vacibdir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı