23 Oktyabr 2025 10:14
71
SİYASƏT

“Ermənistan anlamalıdır ki, qlobal ticarət əlaqələri Azərbaycanla normal münasibətdən asılıdır” 

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri Bakı ilə Astana arasında əlaqələrdə yeni dinamika gətirdi. Qazaxıstan Prezidentinin görüş zamanı və mətbuat konfransında iki dəfə İlham Əliyevə “görkəmli lider” kimi müraciət etməsi dövlət başçımıza yükəsk etimadın göstəricisi idi. Dövlət başçıları bir daha qarşılıqlı əlaqələrin möhkəmlənməsinin vacibliyini diqqətdə saxladılar. Bu səfər Qazaxıstan-Azərbaycan əməkdaşlığının yeni keyfiyyət səviyyəsinə yüksəlməsinə təkan oldu.

Səfər zamanı həm də cənab Prezident Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırdığını elan etdi. Dövlət başçımız da bildirdi ki, belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Bu, Vaşinqton sammitindən sonra yaranmış yeni reallıqdır. Bu, sülhün iqtisadi dividentləridir. Ermənistan anlamalıdır ki, ticarət əlaqələri üçün imkanlarının genişlənməsi Azərbaycanla normal münasibətdən asılıdır. 
Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərə gəlincə, Bakı və Astana hər zaman bir-birinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir. Uzun illərdir Azərbaycan və Qazaxıstan yerləşdikləri regionun lider ölkələridir. İki ölkənin qarşılıqlı əlaqələri möhkəmləndirməsi Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid məkan kimi mövqeyini gücləndirir. Həm Bakı, həm də Astana müstəqil daxili və xarici siyasət həyata keçirir, malik olduqları resursların düzgün idarə edilməsi, insan kapitalına çevrilməsi baxımından da unikal təcrübə nümayiş etdirir. 

Tərəflər yeni geosiyasi şəraitdə strateji tərəfdaşlığı genişləndirməyi vacib hesab edirlər. Belə ki, Asiya ilə Avropanı birləşdirən Qazaxıstan və Azərbaycan ərazilərindən keçən Transxəzər nəqliyyat dəhlizinin əhəmiyyəti xüsusi aktuallıq kəsb edir. Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün cəlbedici tərəfdaşdır. Ən böyük üstünlük isə ölkələrin vaxtında zəruri infrastrukturu yaratmasıdır. Bu gün artıq yük axınlarının birləşdirilməsindən və həcminin artırılmasından, həmçinin tranzit potensialının artırılmasından söhbət gedir. Cənab Prezidentin də söylədiyi kimi, “bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir”. 

Prezident İlham Əliyevin dövlət səfəri zamanı qəbul edilən qərarlardan biri də qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan Birbaşa İnvestisiya Fondunun fəaliyyətinin aktivləşdirilməsi oldu. Prezidentlər də qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyini təsdiqlədilər.

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinə dair dövlət başçılarının imzaladığı birgə bəyannamədə də hərtərəfli əməkdaşlıq istiqamətləri əksini tapıb.

Region ölkələrinin nəqliyyat və tranzit məsələlərinin səmərəli həlli üzrə gələcək qarşılıqlı fəaliyyəti milli nəqliyyat strategiyalarının prioritetləri sırasındadır. 

Bu gün Azərbaycan və Qazaxıstan öz regionlarında aparıcı rol oynayaraq sabit regionlararası əlaqələr yaratmaq potensialına malikdir. Bu ölkələrin iqtisadi, texnoloji və insan resursları qarşılıqlı faydalı tərəfdaşlıq üçün əsasdır. Rəqəmsal dövlətin formalaşması, tranzit təhlükəsizliyinin inkişafı əməkdaşlıq üçün prioritet sahələrdir.