adalet.az header logo
  • Bakı -°C
06 Dekabr 2025 16:03
80
GÜNDƏM
A- A+

Ramiz Mehdiyev haqqında yazılan mədhiyyə... - Elcan Məmmədov yazır

Təsadüfən 2020-ci ildə çox hörmətli tarixçimiz Solmaz Rustamova-Togidi nin Ramiz Mehdiyev haqqında yazdığı mədhiyyə qarşıma çıxdı. Və dərhal məndə belə bir sual yarandı. Axı bu yazı Ramiz Mehdiyev haqqında deyildi. İnanmaq istəmirəm. Yəni, həqiqətən də bizim haqqında danışdığımız Ramiz Mehdiyevdən gedir söhbət?! Bunu həqiqətən Solmaz Tohidi yazıb?

Az qala “milli xilaskar” haqqında yazılmış tərcümeyi-hal təsviri idi, vallah. Hansı ki, bu gün eyni Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd və dövlətə xəyanətdə ittiham olunur. İndi mənim bir sualım var. Bu sualı həm jurnalist, həm sosial şəbəkə istifadəçisi, həm vətəndaş, həm də vicdan məsələsi hesab edərək verirəm.

Onu da əlavə edim ki, bu sualımın cavabı yoxdur. Sadəcə, ritorik sualdır! Solmaz Tohidi 2020-ci ildə bu adamın kim olduğunu görmürdümü, yoxsa görüb susurdu? Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hər gün dərs keçən, müşahidələrimə və eşitdiklərimə görə də Cümhuriyyət ideyalarını tez-tez indiki hakimiyyətə qarşı alətə çevirən Solmaz Tohidi, necə olub ki, 30 ildən çox bu dövlətin düşməni olan Ramiz Mehdiyevin real simasını görə bilməyib? Tarix oxuyan, arxivlərdə oturan, siyasi prosesləri təhlil edən bir tarixçi üçün Ramiz Mehdiyev axı son 5 ilin fiquru deyildi… Bu sistem, bu idarəçilik, bu model illərlə gözümüzün qarşısında qurulub.

Solmaz Tohidi öz yazısında Ramiz Mehdiyevi demək olar ki, “məbəd” statusuna qaldırır. Onun Akademiyaya, elmə, alimlərə “diqqətindən”, zənglərindən, kitablarla maraqlanmağından yazır. Əziz Solmaz Tohidi, sizə zəng edib kitabınızla maraqlanan adamı “məbəd” adlandırırsınızsa, onda Cümhuriyyət dövrünün o tarixi şəxsiyyətlərini necə adlandırırsınız? Şəxsən mənə çox maraqlıdır! Bir məmurun sizə telefonla zəng etməsini elmi və dövlətçilik ölçüsünə çevirmək nə vaxtdan tarixçilik oldu? Tarixdə yüzlərlə nümunə var ki, ziyalılara “diqqət” göstərənlər sonradan bu dövlətlərin altını üstünə çeviriblər.

Bunu oxuduğunuz, araşdırdığınız Tarixinizdə heç görməmisiniz? Solmaz xanım yazır ki, Ramiz Mehdiyev onun etirazlarına, məktublarına reaksiya verib, “nəzarətə götürüb”. Bu “nəzarətə götürülmə”ni Solmaz xanım az qala, özünün “uğuru” kimi təqdim edir. Solmaz xanım, siz tarixçisiniz, yoxsa Prezident Administrasiyasına ərizə yazıb cavab alan sadə vətəndaş? Tarixçi üçün “nəzarətə götürülüb” möhürü elmi nəticə deyil axı. Sizcə siyasi mexanizmdir, ya yox? Bunu ayırd etmək bu qədərmi çətindir? Dövlətçilik harda qaldı, Solmaz xanım? Cümhuriyyət liderlərinin bütün addımlarını “dövlətçilik prizmasından” oxuyub şərh edən tarixçi, müasir dövrdə dövlət içində paralel güc mərkəzi yaradan, sistemi illərlə öz ətrafında formalaşdıran Ramiz Mehdiyevi “məbəd” kimi təqdim edirsə, bu, dövlətçilikdən imtina hesab olunmur? Tarix boyu az qala bütün çevriliş cəhdlərində, dövlətə xəyanət hadisələrində bir motiv olub. Ziyalıların bir qismi ya susub, ya da hakim gücün yanına düzülüb ona “ideoloji mədhiyyə” yazıb.

Bu dəfə də eyni mənzərəni gördük. Təəssüf ki! “Məbəd” yazan tarixçimiz, indi hardadır? Solmaz Tohidi o məqaləsində AMEA-nı “Məbəd” adlandırır, Ramiz Mehdiyevin həm alimlərlə münasibətlərini, həm də elmi “himayəsini” xüsusi vurğulayır. O “məbəd”ə bu gün zərbə endirməyə cəhd edən siyasi oyunların arxasında kimin dayandığını görmür? Bir tarixçi kimi siz necə olur ki, dövlət institutlarının içərisinə illərlə yeridilmiş, sistemi öz orbitinə salmış adamı görə bilmirsiz, amma Cümhuriyyəti hər gün “şüar”a çevirirsiniz? Əgər tarixi bu qədər yaxşı bilirsizsinizsə niyə tarixdə hökumətləri içəridən çökdürən “boz kardinal” tipajlarını görməmisiniz? Niyə bu şablonu Ramiz Mehdiyevin üzərinə proyeksiya edə bilməmisiniz? Yoxsa problem başqadır? Cümhuriyyəti təhlükəsiz mövzu kimi istifadə etmək rahat idi, Ramiz Mehdiyevi tənqid etmək isə narahat? Tarixçi üçün rahatlıq meyarı olmur, Solmaz xanım. Tarixçi ya həqiqətin tərəfində olur, ya da susaraq sistemin. Bu gün Ramiz Mehdiyev haqqında ittihamlar danışılırsa, ən azı həmin mədhiyyəni yazan Solmaz Tohidi çıxıb bir cümlə deməlidir. 

“Mən yanıldım. Mən o vaxt bu adamı yanlış qiymətləndirdim.”

Amma o nə edir? Susur! Susqunluq isə bəzən açıq dəstəkdən daha ağırdır. Mən Ramiz Mehdiyevi 5 il əvvəl tanımırdım, bəlkə də sadəcə adı mənə nəsə deyirdi.

Amma Solmaz Tohidi onillərlə bu sahəni araşdıran, sistemin içini görməli olan adam idi. Bu gün mənim yazdığım bu status Solmaz Tohidinin şəxsinə deyil, onun tarixçi kimi mövqeyinə hədəflənib. Çünki tarixi faktları hər gün cəmiyyətin gözünə soxub, müasir tarixi proseslərin içində yalnış tərəfdə dayanmaq tarixçinin ən ağır günahıdır. Solmaz Tohidinin vicdanı indi sızıldamırsa, deməli problem Ramiz Mehdiyevdə yox, ona mədhiyyə yazan “tarix” şüurundadır. Bəlkə də həddimə deyildi, amma hörmətsizlik etmirəm qətiyyən.

Solmaz Tohidiyə niyə hörmətsizlik edim ki? Əksinə, mən çox sevinərəm ki, Solmaz Tohidi bir ziyalı kimi, tarixçi kimi gəlsin, elə televiziyalarda, saytlarda indi “Dövlət hansı xainlərlə üz-üzə qalıb, Dövlət niyə bu addımları atır, niyə cəmiyyət Mehdiyev və onun şəbəkəsinin ətrafında olmamalıdır”, bax, bununla bağlı öz ziyalı mövqeyini ortaya qoysun. Şəxsən, mən Solmaz xanımı dəvət edirəm. Həqiqətə dəvət edirəm! Bu ölkənin 25 yaşlı adi jurnalisti olaraq, bu ölkənin alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, 6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrlərin müəllifi, 7 kitabın elmi redaktoru, 4 sənəd kolleksiyasının və dövrü nəşrin tərtibatçısı Solmaz xanımı dəvət edirəm! Gəlin, Solmaz xanım! Gəlin, tarix dərsi keçin! Gəlirsiniz?!