adalet.az header logo
  • Bakı -°C
11 Dekabr 2025 14:19
85
MÜSAHİBƏ
A- A+

“O, mənə zəng vurub dedi ki, Moskvada Azərbaycanda dövlət çevrilişi etmək üçün...” 

Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyevin “Ramiz Mehdiyev işi” ilə bağlı Adalet.az-a müsahibəsini təqdim edirik:

- Fərəc müəllim, Ramiz Mehdiyev və Əli Kərimlinin gizli əlaqələrinin ortaya çıxması cəmiyyətdə birmənalı qarşılanmadı.

- Bugünkü hadisə Əli Kərimli və yandaşlarının ilk “əl işi” deyil. 2013-cü ildə prezident seçkiləri ərəfəsində Əli Kərimli və yandaşları Milli Şurada toplaşaraq artıq açıq şəkildə dövlətə xəyanətə cəhd etdilər. Onların iradəsindən asılı olmayaraq bu çevriliş və Qarabağda ikinci erməni dövləti qurma baş tutmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində Milli Şurada ilk vaxtlar təmsil olunan və sonra bu qurumun missiyasının nədən ibarət olduğunu bilib oranı tərk edən Rauf  Arifoğlunun müsahibəsindən bir hissəni nəzərə çatdırmaqla prosesə işıq salmaq olur: 

“Milli şura , xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər”.

- Dövlət çevrilişinə cəhd etmək üçün bu adamların arxasında hansı qüvvələr dayanmışdı? 

- Mən bu haqda 20 oktyabrda “Müsavat TV“də canlı yayımda ilk dəfə bəzi məsələlərə toxunmuşam. - 2013-cü ildə Azərbaycanda ilk dəfə dövlət çevrilişinə cəhd haqda biz məlumatlı olduq və hakimiyyətin ən yüksək səlahiyyətlilərini məlumatlandırdıq. 2013-cü ildə partiyamızın Şamaxı təşkilatının səlahiyyətli nümayəndəsi Əmirxan bəy Moskvadan zəng edib bildirdi ki, Moskvada cərrahiyyə institunun akt zalında Volodinin rəhbərliyi ilə Azərbaycanda dövlət çevrilişi etmək üçün xüsusi hazırlıqlara həsr olunmuş toplantı keçirilib. Bakıda yerli  xəyanatkarlardan ibarət Milli Şura və

Moskvada isə onları maliyyələşdirəcək Milyarderlər ittifaqı yaradılacaq. Mən Əmirxan müəllimin dərhal Bakıya gəlməsini və müvafiq strukturlara bildiyi və müşahidə etdiklərini rəsmi çatdırmasını xahiş etdim. O Bakıya gəldi və mən Baş prokurorun müavini Rüstəm Usubovla danışdıqdan sonra, Əmirxan müəllimdən bir neçə dəfə izahat alsalar da, bu iş yarımçıq qaldı və heç kim cəzalandırılmadı. Əmirxan müəllim ürək tutmasından dünyasını dəyişdi. Mən Milli Məcliddə bir neçə dəfə də bu dövlət çevrilişi cəhdinə biganəliyi tənqid etsəm də heç kimə “gözün üstə qaşın var” deyən tapılmadı. İndi aydın olur ki, hakimiyyətdə olan Rusiyanın “beşinci kolon”u bütün gücü ilə bu prosesə mane olub. 

- Bu fəaliyyətinizə görə, sizə təzyiqlər oldumu?

- O zamankı MTN –nin (Millii Təhülkəsizlik Nazirliyi) durumu və rəhbərliyinin nə vəziyyətdə olması hamıya məlumdu. Sonralar Parlanent seçkilərində mənə qarşı qurulan oyunlar və Jirinovskinin ”biz millətçilərin parlamentə düşməsinin qarşısını aldıq” ifadəsi də bizim Azərbaycanda mütəmadi qarışıqlıq salmağa çalışan Rusiya və onun həm hakimiyyət, həm müxalifətdəki 5-ci kolonuna qarşı barışmaz mübarizəmizin nəticəsi idi. Əli Kərimli Rusiyanın qarşısında duran, Rusiyanın planlarını pozan və onu qorxuzan xalq hərəkatına mütəmadi ağır zərbələr vurub. AXC-ni parçalayan əsas icraçılardan biri kimi onu dağıtmağa, bitirməyə nail oldu. Bu layihənin icraçıları yerli bölücülər, o cümlədən AXCP adı altında çıxış edən “Yurd” təşkilatı və hakimiyyətdəki “Rusiya uşaqları” olsa da, əmr və sifariş verən Rusiya idi. Azərbaycan xalqı yəqin ki, unutmayıb, 20 Yanvar qırğını zamanı Rusiya imperiya ordusunun baş cəlladı marşal Yazov deyirdi : “Biz Azərbaycana AXC strukturlarını dağıtmaq üçün gəlmişik”. Rusiyanın ordusunun edə bilmədiyini bu şəbəkə etdi. Əli Kərimli gerçək milli demokratik müxalifəti “zərərsizləşdirib “ meydanda özü tək qalmaq üçün ötən illərdə hakimiyyətdəki şəriklərinin, Rusiyanın hakimiyyətdəki 5-ci kolon nümayəndələrinin  vasitəsi ilə AXC-dən nə qədər adamı şərlədi, satdı. Bir qismini ya təkrar əsgərliyə, ya  həbsxanaya göndərtdi, ya da qorxudaraq mübarizədən uzaqlaşdırdı, yaxud 30 il küçələrdə razılaşdırılmış məğlubiyyətlərlə oyalayaraq bezdirdi, qocaldıb öldürdü. 

-İndi AXC -ni bölənlərin yanında, AXCP adı ilə çıxış edən “Yurd” təşkilatında AXC-ni təsis edən 63 nəfərdən bir nəfər belə yoxdu. 

- Mən bir dəfə 2010-cu ildə parlament seçkisində debatda bir məsələyə toxundum.Əli ilə o vaxt Suraxanı rayonunda rəqib idik. Ora dağılmış bir dairə idi. Bir seçki əvvəl ora dağılmışdı. İcra başçısı çıxarılmışdı. Bütün hamının da diqqəti orada idi. Mən o vaxt da orada dedim. Dedim ki, necə olur, biz eyni işi, eyni təşkilatda görürük mən türməyə, sən parlamentə gedirsən? O vaxtları qarışıq seçki sistemi idi. XC-dən proporsional seçki sisteminə siyahı verilirdi.  Mən o vaxt, XC-də, faktiki olaraq  Elçibəydən sonra, ikinci adam idim. Mən tutulmuşam. Amma haqqımda məhkumluq yox idi. Məni o siyahıda, altıncı adam yazıblar. O vaxtları, mənim və Arif Paşayevin azad olunması üçün imza toplanırdı. Bu, Azərbaycanda analoqu olmayan bir hadisədir. Bir milyon imza toplanmışdır. Bu da bizim təşkilatın da özümüzün də nüfuzumuza bağlı olan məsələ idi. İndi bax, niyə bura altıncı adaa yazıblar? Çünki 4-5 adamın alverini ediblər, bunlar keçməlidir və bunlar da türməyə getməlidir. İndi Fazil Mustafa yazı vermişdi ki, məni əsgərliyə göndərdilər, düşdülər. Düz deyir adamı ikinci dəfə əsgərliyə göndərdilər. Aparıcı adamları həbsə, əsgərliyə, mühacirətə “göndərməklə” məşğul idilər. Yəni, meydan boş olsun deyə. Bir Əfqan misalı var deyir düz yerdə təpələr dağ görünər. Hakimiyyətlə alver eləmişdilər. 

Biz azad, hüquqi, demokratik cəmiyyət qururuq. Bu cəmiyyətdə hökuməti tənqid etmək, aparılan siyasətlə razılaşmamaq və bunu açıq şəkildə ifadə etmək hər bir vətəndaşın haqqıdır. Lakin kənardan idarə olunan, gizli maliyyələşən, düşmən dairələrlə əməkdaşlıq edən, ölkəni xaosa sürükləmək üçün təxribatlar hazırlayan şəbəkələrə bəraət yoxdur və ola da bilməz. Hesab edirəm ki, xəyanət şəbəkəsinin kökündən qazılıb çıxarılması, cəmiyyətin gözü qarşısında, qanunun aliliyi çərçivəsində zərərsizləşdirilməsi dövlətçiliyimizin, milli birliyimizin tələbidir”.

Vasif