adalet.az header logo
  • Bakı -°C
29 Dekabr 2025 10:41
70
GÜNDƏM
A- A+

“Kişilərin müraciətlərinin arxasında bunu bilmədən nəticə çıxarmaq...”

“Belə bir məlumat yayılıb ki, 63 kişi qadınlar tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı polisə müraciət edib. Təəssüf ki, bu statistika sosial platformalarda gülüş obyektinə çevrilib. Niyə? Çünki cəmiyyətimizin şüuraltında hələ də bu stereotiplər hökm sürür. Kişi döyülməz, qadın kişiyə əl qaldırmaz, əsasən kişi döyər, qadın döyülər”.

Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

“Lakin 63 rəqəmi təkbaşına heç nə demir. Kişilərin müraciətlərinin arxasında neçə faiz manipulyasiya, neçə faiz alkoqol asılılığı, neçə faiz davranış pozuntusu və neçə faiz həqiqi zorakılıq dayandığını bilmədən yekun nəticə çıxarmaq doğru deyil. Bu rəqəmlər təhlilsiz təqdim edildikdə, sabah üçün təhlükəli və yanlış perspektivlər yarada bilər. Unutmamalıyıq ki, biz daimi gərginlik şəraitində olan bir coğrafiyada yaşayırıq. Bu mühitdə kişinin güc anlayışının deformasiyaya uğradılması, onun zəifliklə eyniləşdirilməsi və ya lağ hədəfinə çevrilməsi uzunmüddətli psixoloji və sosial fəsadlara yol aça bilər. Kişinin gücünün sistemli şəkildə aşınması, son nəticədə daha ağır fərdi və ictimai faciələr doğura bilər. Biz kişinin gücünü qadın üzərində qaldırılan yumruqda görmürük. Kişinin gücü onun ruhunun möhkəmliyində, məsuliyyət daşımasında, özünü idarə etməsində və zorakılığa yox, dəyərlərə söykənən mövqeyində ölçülür. Güc zorakılıqla deyil, daxili dayanıqlılıqla dəyər qazanır”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN