adalet.az header logo
  • Bakı -°C
05 Fevral 2026 16:39
111
MƏMLƏKƏT
A- A+

“Dövlətçiliyimiz əleyhinə təbliğat aparan media sistemləri bloklanmalıdır”

“Xalqın xilas edilməsi üçün Azərbaycanda özəl televiziyalar ləğv edilməlidir. Ailələri lağa qoymaq, biabırçı vəziyyətə gətirmək üçün gecə-gündüz bu adamlar çalışırlar. Statistikaya baxanda görürsən ki, çox ciddi nəticələr də əldə ediblər. Bizdə boşanmalar ən aşağı səviyyədə idi, dünyanın ən möhkəm ailə institutuna malik xalq idik. Amma indi boşanmalar 50 faizə çatıb və dünyada rekord səviyyədə ən bərbad vəziyyətə düşmüş ailə sisteminə sahibik”.

Bunu Adalet.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib. 

O, bildirib ki, bu gün milli-mənəvi dəyərlərdən uzaq düşmüş bir kütlə böyüyür:

“Bu gün gənclərimizin doxsan faizi ədəbiyyatımızdan, milli-mənəvi dəyərlərimizdən xəbərsizdir. Bu proses o qədər sürətlə mükəmməl şəkildə aparılır ki, insanlar heç nə hiss etmir. Azadlıq, müasirlik adı altında bütün sistemləri dağıdırlar. Ona görə də həmişə təklif etmişəm ki, dövlət bu işə əl qoymalıdır. Ümumiyyətlə, özəl televiziya anlayışı ləğv edilməli, hamısı dövlət balansına keçirilməlidir. Azərbaycanın mənəvi dəyərləri, dövlətçiliyi əleyhinə təbliğat aparan bütün media sistemləri bloklanmalıdır. Bu təkcə bizdə yox, Qərb sisteminə daxil olmaq istəməyən ölkələrdə də aparılır. Biz bundan özümüzü qorumalıyıq”.

Vasif ƏLİHÜSEYN