Regional inkişafı şərtləndirən təkliflər

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclası sözügedən qurumun gələcək fəaliyyəti üçün yeni konturları müəyyən etdi. Tədbirdə səslənən təkliflər, irəli sürülən əməkdaşlıq modelləri MDB-nin həm iqtisadi həm də siyasi nüfuzunun daha da artmasına gətirib çıxaracaq.
Prezident İlham Əliyev iclasda çıxış edərək ölkəmizin MDB-də Azərbaycanın təşəbbüsləri barəsində danışdı. Bildirdi ki, ölkəmizin əsas məqsədi təşkilat daxilində əməkdaşlığın dərinləşməsi, humanitar əlaqələrin genişlənməsi, həmçinin regional tərəfdaşlığın yeni mərhələyə keçidinə verdiyi töhfələrdən ibarətdir: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.
Cənab Prezident daha sonra Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına diqqəti yönəldib: “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”.
Düşənbədə təşkil olunan tədbirdə keçirilən görüşlər də diqqətdən yayınmayıb. Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti arasında keçrilən görüş xüsusi diqqət kəsb edib və görüş zamanı Rusiya Prezidentinin bir sıra etirafları iki ölkə arasında münasibətlərin gələcək inkişafından xəbər verir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı