10 Yanvar 2025 10:04
89
DÜNYA

"Regiondankənar qüvvələr sülhə mane olur" - Xameneinin nümayəndəsi

Regiondankənar qüvvələrin mövcudluğu regionda sülh və sabitliyin əldə olunmasını çətinləşdirir.

Adalet.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

İran rəsmisinin sözlərinə görə, sülh və sabitlik yalnız region ölkələrinin köməyi və əməkdaşlığı ilə mümkündür.

Həmsöhbətlər Şimal-Cənub layihəsinin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar avtomobil yolunun tikintisinin ikitərəfli ticarət dövriyyəsinin və yükdaşımalarının həcminin artmasına da yeni təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Regional nəqliyyat kommunikasiyalarının açılması kontekstində Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh yollarının kəsişməsi” layihəsinə toxunulub. Əhmədian qeyd edib ki, İran bu layihənin müəyyən prinsiplər əsasında həyata keçirilməsini dəstəkləyir.