05 Iyul 2024 11:54
815
GÜNDƏM

Rusiya işğalına qarşı  Ağsu döyüşü:106 ilin gizlinləri

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, erməni milliyyyətçisi və azərbaycanlıların qanına susamış Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etdi. 1918-ci ilin martında S. Şaumyanın rəhbərliyi ilə Bakı soyqırımı baş vedi. Bu zaman minlərlə azərbaycanlı erməni-rus birləşmələri tərəfindən qəddarcasına qətlə yetirildi.


Araşdırmalarda deyilir ki, bolşeviklərin əlinə keçən Rusiya imperiyasının tərkibində muxtariyyət hüquqları tanınmayan, Azərbaycan gərgin mübarizə və döyüşlərdən sonra öz cümhuriyyətini yaratmağı bacardı. 1918-ci ilin may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Bu hal əlbəttəki, bir imperiyanın qəzəbləndirəcək ən böyük hadisələrdən biri oldu. Qəzəbli Rusiya nə yolla olursa olsun Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün bütün imkanlarından istifadəni həyata keçirməyə başladı.
Hələ dayaqlarını bərkitməyə macal tapmayan cümhuriyyətin üzərinə ermənilərlə rusların birlik olduğu Qızıl Ordu hərbi qüvvələri və qaniçən Şamuyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qoşunları hücuma keçdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv etdilər. Türklərin heyvanlarını və yeyəcək-içəcəklərini əllərindən aldılar.


Tarixi mənbələrə görə,  Hacıqabul stansiyasında toplanmağa başlayan Qızıl Ordu qüvvələri 10 iyundan etibarən Gəncəyə getmək üzrə yola çıxdı. Qızıl Ordu qüvvələrinin qarşısında gürcü və türklərdən ibarət kiçik bir hərbi dəstə vardı. Bu dəstəyə gürcü əsilli Maqalov komandirlik edirdi. Birləşmiş qüvvələr 11 iyunda Sığır stansiyasını ələ keçirdi. Şaumyan türk hərbi qüvvələrinin hələ hamısının Gəncəyə çatmadığını da xəbər almışdı. Gəncəli ermənilər isə o günlərdə türk əsgəri ilə toqquşma halındaydılar. Bakı Soveti komissarı lehinə olan bu durumdan faydalanmaq istəyirdi. Sığır stansiyasının ələ keçirilməsi Şaumyanı son dərəcə ümidləndirdi.


Tarixçilərin bildirdiyinə görə, 1918-ci il iyunun 16-da səhər saat 9-da başlayan döyüşdə Qafqaz Qırmızı Ordusunun 3-cü briqadasının qüvvələri azərbaycanlılardan, gürcü və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Türk hərbi qüvvələri bölgəyə gəlib çatmadığından Qaraməryəm ətrafında dayanan müdafıə dəstələri qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qaldılar və bolşevik-daşnak qoşunları Qaraməryəmi ələ keçirdilər. Döyüş yenidən başladı  və Qaraməryəmin qərb hissəsi tamamilə, şərq hissəsi isə qismən Qafqaz İslam Ordusu hissələrinin nəzarəti altına keçdi. Həlledici döyüşlərin uğurla başa çatdırılması ordunun şəxsi heyətində qəti qələbəyə inam yaratdı, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizədə dönüş nöqtəsi oldu.


1918-ci il iyulun 5–6-da Ağsu ətrafında baş vermiş döyüşdə Qafqaz İslam Ordusunun 10-cu və 13-cü piyada alayları, 10-cu alayın tabeliyinə verilmiş Azərbaycan süvari bölmələri iştirak edirdilər. İyulun 6-da düşmən qüvvələrinin müqavimətini qıran 13-cü alay Ağsuya daxil oldu və hücumunu Şamaxı yoxuşuna qədər davam etdirdi. 10-cu alay isə Ağsunun şimalından irəliləyərək, qaçan düşmənə ciddi zərbə endirdi. Gürçüvanı azad edərək, orada mövqe tutdu. Döyüşün gedişində 1 səhra topu, 1 cəbhəxana arabası, 5 pulemyot, 30-a qədər müxtəlif silah və daşnakların talan etdiyi yerli əhalinin əmlakı ilə dolu 15-ə qədər araba ələ keçirildi. Ağsu döyüşü Qaraməryəm döyüşündə qazanılmış qələbəni möhkəmləndirdi.


Qaraməryəm  və Ağsu döyüşü Qafqaz İslam ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun düşmənə qarşı döyüşlərdə dönüş nöqtəsi və böyük naliyyət hesab olundu. Məhz bu döyüşdəki nailliyyətdən sonra 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

 Əntiqə Rəşid