adalet.az header logo
  • Bakı -°C
01 Avqust 2026 08:25
74
DÜNYA
A- A+

Rusiya Kiyevi ballistik raketlərlə vurdu - 9 ölü, 23 yaralı

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi ballistik raket zərbələri nəticəsində azı 9 nəfər həlak olub, 23 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir.

Adalet.az ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində paytaxtın beş rayonunda yaşayış və qeyri-yaşayış binaları zərər görüb, çoxsaylı yanğınlar baş verib.

Ən ağır itkilər Darnıtski rayonunda qeydə alınıb. Burada 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılar arasında iki uşaq da var. Rayon ərazisində inzibati və qeyri-yaşayış binalarında yanğınlar baş verib, avtomobillər yanıb, yaşayış evlərinə ziyan dəyib. Xilasedicilər hadisə yerində raketin yaratdığı krater də aşkar ediblər.

Solomyanski rayonunda isə iki nəfər həyatını itirib, səkkiz nəfər yaralanıb. Yaralılar arasında iki uşaq var. Hücum nəticəsində beşmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb və yanğın baş verib. Digər ərazidə dayanacaqda olan avtomobillər alovlanıb. Xilasedicilər binadan 35 sakini təxliyə edib, üç yaralı xəstəxanaya çatdırılıb.

Şevçenkivski rayonunda qeyri-yaşayış binasında və kinostudiyanın ərazisində yanğın qeydə alınıb. Bundan başqa, təcili tibbi yardım avtomobillərinin də zərər gördüyü bildirilir. Dneprovski rayonunda mağazaya, Peçerski rayonunda isə dörd fərdi yaşayış evinə və yardımçı tikililərə ziyan dəyib.

Hazırda xilasedicilər və digər operativ xidmətlər dağıntılar altında axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Rəsmilər ölən və yaralananların sayının dəyişə biləcəyini, dağıntıların miqyasının isə dəqiqləşdirildiyini bildiriblər.