adalet.az header logo
  • Bakı -°C
13 Avqust 2026 10:51
63
SİYASƏT
A- A+

“Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq”

“Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində kadr və struktur islahatlarına toxunaraq əsas hədəfin qədim diyarın daim inkişaf etməsi, insanların rahat, təhlükəsizlik şəraitdə və firavan yaşaması olduğunu bildirib”.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, Naxçıvanda son illər həyata keçirilən islahatlar muxtar respublikanın büdcə gəlirlərinə də təsirsiz ötüşməyib:

“Naxçıvan büdcəsindəki şaxələnmə büdcə gəlirlərinin dayanıqlığını artırıb. Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq. Naxçıvanın 2026-cı il büdcəsinin gəlirləri 483 milyon 178 min manat, xərcləri isə 483 milyon 178 min manat məbləğində təsdiq edilib. Muxtar respublikanın bu ilki büdcə gəlirləri 2025-ci ilə nisbətən 31 faiz çox olacaq. Bununla yanaşı, ən vacib məqam 2026-cı il üzrə büdcə gəlirlərinin ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələməsidir. 2026-cı ilədək dövlət büdcəsindən dotasiyanın məbləği hər zaman yerli mənbələrdən yığılan gəlirlərdən çox olub. Fiskal baxımdan 2026-cı ildə Naxçıvan yeni bir ilk qeydə alınacaq”.

V.Bayramov bildirib ki, bu il muxtar respublikanın büdcə gəlirlərində daxili mənbələrin payı 271 milyon 550 min manat olacaq:

“Dövlət büdcəsindən daxil olan dotasiya isə 211 milyon 628 min manat nəzərdə tutulub. Bu o deməkdir ki, 2026-cı ildə yerli mənbələrdən əldə edilən vəsait dövlət büdcəsindən ayrılacaq dotasiyanı 60 milyon manat üstələyir.Naxçıvanda islahatların dərinləşməsi növbəti illərdə fiskal dayanıqlığı daha da gücləndirəcək. İslahatlar daha çox iqtisadi inkişaf və büdcə gəlirləri deməkdir”.

Vasif ƏLİHÜSEYN