SABİR YUSİFOĞLU: 60 YAŞIN İŞIĞINDA ŞEİRLƏR

Fevralın 10-da Şair dostum Sabir Yusifoğlunun 60 yaşı tamam olur!
1962 – ci ilin fevralında Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. Bu gün Sumqayıtda yaşayan Sabir müəllimin maraqlı və düşündürən poeziyası onun İlhamlı və Ağrılı ÜRƏYİNİN pıçıltılarıdı... Doğum GÜNÜN mübark, ŞAİR Sabir YUSİFOĞLU!
QARLI NAĞIL
Gəraylı yaşında bir qız sevərsən,
qoşmaya çevrilib çıxar əlindən.
Ovcunda od tutar qar topası da,
Əriyə-əriyə axar əlindən.
Səni həsrət sevər, ayrılıq seçər,
köhnənin tanışı yolundan keçər,
"gəraylı yaşlı qız" qolunda keçər:
"Bu da xanımımdı"...
Sıxar əlindən.
... Ömür körpü kimi ortadan sındı,
sındı, qadan alım, çox qadın sındı!..
Gözləri onsuz da başqasınındı,
əlləri boylanıb baxar əlindən.
QANIMI SORUR
ÜRƏYİM
Ağlım nəsə düzüb-qoşur,
dağıdıb, qırır ürəyim.
Yenə düşüb sol əlimin
içində vurur ürəyim.
Tələsəndə dala çəkir,
guya doğru yola çəkir.
Ayağlarım sola çəkir,
tərsinə burur ürəyim.
Hərdən mənimlə öyünür,
hərdən baxmıram,- deyinir.
Bəlkə boş yerə döyünür,
özünü yorur ürəyim?!
Hərdən gözünü qan tutur,
üzün məndən də yan tutur.
Səhərəcən divan tutur,
məhkəmə qurur ürəyim.
Dost olmazdım belə bilsəm,
dərdi nədi?-
bilə bilsəm.
Üzə düşüb gülə bilsəm,
üzümə durur ürəyim.
Daşa çırpır yaddaşımı,
tutur dizimi, başımı.
Daha məndə qan daşımır,-
qanımı sorur...
Ürəyim!
BU DA BELƏ BİR "SƏNSİZ"
Güllə yerini yalayan
yalquzaq kimi ulayan,
Mənəm sənsiz…
Baş götürüb gedim hara?!
Qəlbimdəki arzulara
Kəfənəm sənsiz…
Bəxtim bir yol gətiribmiş,
indi daha itirilmiş
Vətənəm sənsiz…
QAN ÇƏKİR
Vaxtilə vaxt var idi,
indi çox vaxt an çəkir.
Salam qaytarmağa da
adam var ki can çəkir.
Adamda vicdan varsa,
bir az təmiz qan varsa,
hansı tərəfdən vursan
ağrısın vicdan çəkir.
Yağışda da, qarda da,
bu üzdə də, orda da,
bir adsız məzarda da
vallah yenə QAN çəkir!..
BALACA ZƏHRAYA
Göy üzündən sallanıb
Topa-topa buludlar.
Hayandan gəlir belə
Çapa-çapa buludlar.
Uzadıb əllərini,
Silib yerin tərini.
Böyüyür bir-birini
Tapa-tapa buludlar.
Göyü ayırdı yerdən,
Nə boyda oldu birdən.
Dənizlərdən, göllərdən
Qopa-qopa buludlar.
Pəncərəndən qara bax,
Bəxtin kimi ağappağ.
Saçlarına qonacaq
Lopa-lopa buludlar.
SÜRÜŞÜB OVCUNDAN ŞƏKLİM DÜŞƏCƏK
Quruyan dənizəm, batıram sənsiz,
gözdən yaş düşdükcə yaşın üstünə.
Vursan-çıxsan ömür cəmi beş gündü,
uzağı il də gəl, beşin üstünə.
Niyə tək gəlmədin son görüşə, tək?!
Bir-bir barmağını qatla beşədək...
Sürüşüb ovcundan şəklim düşəcək
bir divar həsrətli daşın üstünə.
Nəsə ağır gəldi, daş, bir balaca,
yola gec düşəydik, kaş, bir balaca!..
Hayıf!..
qol saatım donub qalacaq,
Əliboş gedirəm qışın üstünə...
SÖKÜLƏN, TİKİLƏN ŞƏHƏR...
Daha çökür bu şəhərin
mənimlə yaşıd evləri.
Rəngi-ruhu öləziyir,
saralır yaşıl evləri.
Qocalıb əldən düşəni
saxlaya bilmir bu şəhər.
Özünə də fərli bir gün
ağlaya bilmir bu şəhər.
Divarların daş üzündə
qırışları yağış yumaz.
Bu dünyanın çıxışların,
girişlərin yağış yumaz.
Çökən evlərin dalınca,
köçən evlərin dalınca
düşüb qaçar xatirələr.
Diksinərik...
Başımıza,
üstümüzə evlər kimi
birdən uçar xatirələr?!
Gələndən haqq-hesab sorub,
gedənləri ötürmədi.
Ömrümüzü rüşvət verdik,
dərdimizi götürmədi.
Indi bizi ayaqlayıb,
göyə dırmaşır evləri.
Mənimlə qocalan deyil,
nəvəmlə yaşıd evləri.
Buludların ayağından
tutub yapışan bu evlər.
Ayaq üstdə, boş-boşuna
yatan, yatışan bu evlər.
Oturub kimi gözləyir
bu şəhərin boş evləri?!
Evlənməyə yaşı düşən
oğlumla tay-tuş evləri.
Divarların daş üzündə
qırışları yağış yumaz.
Bu dünyanın çıxışların,
girişlərin yağış yumaz...
BUZ TƏKİ RAHATDI ÖZÜM SARIDAN
Allah bilmir məni harda saxlasın,
Yaxşı ki yer tapdım öz ürəyimdə.
Ölüm də sevəcək nə vaxtsa məni
Vurulub öləcək düz… ürəyimdə.
Bu payız ömrümün qışı da yetər,
Ağac basdırsam da, daha dərd bitər.
Haqsız cəza çəkən məhbusdan betər
Göynəyir nə qədər söz ürəyimdə.
Bir də göyərdərmi yaşı qurudan?-
Eh, bu yaşda kimdi məni yarıdan.
Buz təki rahatdı özüm sarıdan,
Bir az da qalıbdı köz, ürəyimdə.
MƏN BU ÖMRÜN DÖNGƏSİN DƏ DÜZ KEÇDİM
Al ömrümün qalanını,
sür getsin,-
Bəlkə sən bir gün görərsən, qarışqa.
Heç qıymazdım bir kimsəyə bu ömrü,
əvəzində nə verərsən, qarışqa?!
Tutdu bizi batan yurdun qarğışı,
gah qırağda, gah arada qalmışıq.
Darıxanda bu xaraba qalmışı
ağı deyib dindirərsən, qarışqa.
Nə danışım o xanımdan, qadından?!
Ölüb getdim, çıxmadı ki yadımdan...
Nəsə tapsan ocağından, odundan,
qəbrim üstə göndərərsən, qarışqa.
Dən boydadı yer kürəsi gözündə,
qarışqayıq hamımız yer üzündə.
Çiynindəki bu dünyadan bezəndə,
dartıb qəbrə endirərsən, qarışqa.
Keçiləsi bir can vardı, tez keçdim,
öz bəxtimə düşəndən də vaz keçdim,
Mən bu ömrün döngəsin də düz keçdim,
hara gəldi sən sürərsən qarışqa.
ARXAMCA BAXAN LALƏ
İlahi, neyləyim vaxtsız, vədəsiz,
Yolumun üstünə çıxan laləni.
Qoparıb dərməyə əlim də gəlmir,
Bu xanım laləni, bu xan laləni.
Ömrümü, günümü ona bağlayım,
Saçını üzümə tutub ağlayım.
Allah, bir yer göstər, orda saxlayım,
Mənə ürəyimdən yaxın laləni.
Bəxtimə gün doğub, günümdə yandır,
Allah, onsuz ömrü, günü dayandır.
Sındırmaq istəsən, sən məni sındır,
Sındırma arxamca baxan laləni.
ÜZÜ QARA XALLI DƏNİZ
Gözü mavi, teli bəyaz,
Üzü qara xallı dəniz.
Adamları yarıçılpaq,
Balıqları pullu dəniz.
Gəmilərin sinəsinə,
Qadın kimi sıxılırsan.
Gözəlin də, çirkinin də
Ayağına yıxılırsan.
Bir az da dərdimizdən al,
Göz yaşını udan dəniz.
Bilsən ki, biz nə çəkirik
Çıxarsanmı sudan dəniz?
Yelkəni külək gözləyən,
Qayıqlardan biri mənəm.
Gətir mənim küləyimi
Sonrasın özüm bilərəm.
Gözü mavi, teli bəyaz,
Üzü qara xallı dəniz.
Adamları yarıçılpaq,
Balıqları pullu dəniz.
ÖMRÜN QURAQLIQ KEÇƏN GÜNLƏRİNƏ
Susuz səhra kimi uzanır ömrüm,
İlğıma çevrilir çatdıqlarım da.
Ürəyim bir yana, çat verir indi,
İlk öpüşün yeri dodaqlarımda.
On yeddi yaşımın yaşıllığından,
Çıxıb bu tərəfə düşəcəyimi,
Bilmədim,
küləklər ağzında gedən,
Qanadı qırılmış yarpaqlar kimi.
Dünyanın ikicə rəngi var imiş,
Bir də ikisinin qarışığı - boz.
Hardansa səs gəlir:
taleyin ilə
Sən öz arandakı barışığı poz.
Saçından asılmış qızdı bu tale -
Nağıl quyusunun qaranlığında.
Ümid basdırıram hər ötən günə,
Göyərmir buranın quraqlığında.
Susuz səhra kimi uzanır ömür,
Susuz səhra kimi…
DƏRDİN ÜST-BAŞINI ÖRTMƏK DƏ OLMUR
Hansı yaza qaldı boy atmağımız,
Ürəyim heç nəyə uçunmur daha.
Yıxılıb ömrümdə qalan günlərin,
Üzünü ağardan saçımdı daha.
Məni sürüyürmüş sürdüyüm ömür,
Ürək də soyulub sürünmək ilə.
Dərdin üst-başını örtmək də olmur,
Köynəyə, pencəyə bürünmək ilə.
Nə bu can mənimdi, nə mən dünyanın,
Ömrün tələsində çırpınan ovam.
Qəlbində varamsa çıxar, at məni,
Mələklər yanında boş qalıb yuvam.
MƏNƏ BİR MƏKTUB GÖNDƏR
Susuzluqda su təki
Bəlkə yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.
Səndən başqa bilən yox,
Dərdimə bir dərman yaz.
Iki kəlmə nədi ki,
Ay gözünə qurban, yaz.
Çox yox , bir varaq göndər,
Vaxtın yoxsa ağ göndər,
əllərinin izini
evimə qonaq göndər.
bilim harda solursan,
ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.
ÜRƏKDƏN ÖLÜRÜK DAHA
Ürəyi tab gətirməyən qələm dostlarımın xatirəsinə
Sevincimiz nisyə gəlir,
Qəm-kədər nağdı yerindən.
Heç nəyimiz olmasa da,
Bir-iki "salam-əleyk” var
Hər səhər nağdı yerindən.
Hər addım ürək ağrısı,
Hər an əsəb bahasına.
Yaraşıqlı şəkilimizi
Torpaq taxır yaxasına.
Qocalıb, əldən düşmədən,
Qəfil, sakitcə gedirik.
Nə təhər yaşamışdıqsa,
Elə də incə gedirik.
Gülün, çiçəyin ətrini
Küləkdən alırıq daha.
Ürəkdən yaşamaq olmur,
Ürəkdən ölürük daha…
GÜCÜNDƏ TÜRKÜN QANI VAR
Qarı dünya aç gözünü,
Ovcunda türkün qanı var.
Qan qurudan oxların da
Ucunda türkün qanı var.
Qılınclar diksinir qında,
Qan iyinə sınır qında.
Bütün şahların taxtında,
Tacında türkün qanı var.
Ağlını şeytana vermə,
Bəsdi, dondan-dona girmə,
Gücünü mənə göstərmə,
Gücündə türkün qanı var
ÜRƏYİMİİN AĞRISINI
Anam bilməz, bacım bilməz,
bir həkim, münəccim bilməz.
Qaraçıya açım, – bilməz
Ürəyimin ağrısını.
Hansı qara daşa çırpım,
taca çırpım, başa çırpım?!
Üzü qarlı qışa çırpım
Ürəyimin ağrısını.
Coşub-daşsa da arazlar,
dərdə toy tutan bu azlar
qapılardan buraxmazlar
Ürəyimin ağrısını
Sözü gülləyə çevirdim,
həm vuruldum, həm sevildim.
Üzü qibləyə çevirdim
Ürəyimin ağrısını.
Atın torpağın çatına,
Yer kürəsinin altına,
Yazın bu yurdun adına
Ürəyimin ağrısını
Yoxumsa da dinar-dirhəm,
yenə də həmən Sabirəm.
Mən girov qoyub gedirəm
Ürəyimin ağrısını
SÖZƏ BAXAN YOXDU
Ucuz söz ki göynən gedir,
Baha sözə baxan yoxdu.
Baxanlar da ələ baxır,
Daha sözə baxan yoxdu.
Sözün taxtından enən kim,
Sözün çiyninə minən kim.
Odla oynayır dünənki
çağa...sözə baxan yoxdu.
Düz deyirsən, düz alınmır,
Bu qapıda o zalımdı.
Söz verildi – səs alındı
Qağa, sözə baxan yoxdu.
Hərənin bir bölgəsi var,
Bölgə boyda kölgəsi var,
Öz ölçüsü, bölgüsü var,
Şaha, sözə baxan yoxdu.
Getdim, dalımca gələrsən,
Nə çəkdiyimi bilərsən.
Birdən alddanıb elərsən,-
Bax ha..sözə baxan yoxdu.
KÜLƏK SƏNİ APARACAQ
Nə yaman başlayıb külək,
külək səni aparacaq.
Küləkdən qaçsan da, çərxi-
fələk səni aparacaq.
Astar-üz oldun neşə yol,
arada bir dön insan ol.
Nə boydana olursan ol,
ələk səni bizi aparacaq
Nə ağlın elə dayazdı,
nə əlində xalın azdı,
bu oyunda uduzmazdın,
kələk səni aparacaq.
Qan uddurma haqq deyənə,
heç nə yoxdu haqqı yenə.
Şeytana uysan da yenə,
mələk səni aparacaq.
Ömür su – axır, kəsilir,
kimə nə çatdı, bəsidi.
...bu gələn qatar səsidi
görək səni aparacaq...
DÜNYA İLƏ HEÇ-HEÇƏYƏM
Məni yaxınlar öldürür,
qırağa ehtiyac yoxdu.
Biri də sənsən, ay zalım
yarağa ehtiyac yoxdu.
Heç bilirsənmi necəyəm?-
Dünya ilə heç-heçəyəm.
Ovcu günəşli gecəyəm,-
çırağa ehtiyac yoxdu.
Bu qara günlünü ağa
büküb verərlər torpağa.
Ölüdən xəbər tutmağa,
sorağa ehtiyac yoxdu.
ALLAH,
vermədiklərini
axtar öz cibindən çıxart.
Göyün yeddinci qatından,
lap yerin dibindən çıxart.
Bir lal qəbirqazan kimi
öz əlinlə qaz qəbrimi.
Tapmasan deyim çəmini
özün də qəbrimdən çıxart.
Apar, apar uzaqlara,
nağıl olum uşağlara.
Bu günü, bu üzü qara
ölkənin qəlbindən çıxart!..
YANDIM QIZ İMTAHANINDAN
Kəsilə-kəsilə qalır
adam
öz imtahanından.
Bəxtin-taleyin təkbətək,
üzbəüz imtahanından.
Vaxtında niyə ölmədim!?
Xal da toplaya bilmədim,
Bal da toplaya bilmədim,-
yandım qız imtahanından.
İndi daha səni görcək,
üstündə "gülüm" yerinə
tikan bitirən dilimin...
...Hardan kəsilsək də, boş ver...,
qorxma, keçərik ölümün
kəfən-bez imtahanından...
BÖLÜNƏ-BÖLÜNƏ AZALIR ADAM
Boşuna xərclədik bu ömrü qardaş,
Heç nə saxlamadıq qohuma, yada.
Elə qovuluruq küncə-bucağa,-
Qəbir də qəfəsdi, ev də dünyada.
Bu taxt xəstələri, tac xəstələri,
Cumur canımıza tac virusuynan.
Üzü üzlər görmüş bu oyunbazlar,
Udur bir-bir bizi bic virusuynan.
Yüzünün əlindən yal götürənlər,
Gör necə danışır öz şərəfindən,
Yenə əvvəlkitək vurulur adam,
Dürüst tərəfindən, düz tərəfindən.
Yollar da tutulub,
qanadımız yox,
Hayana qaçasan çopur dünyadan?!
Bölünə-bölünə azalır adam,
Qırıla-qırıla qopur dünyadan...
MƏN VURUŞLA YAŞAYIRAM HƏR GÜNÜ
Mən vuruşla yaşayıram hər günü,
mən döyüşlə uzadıram ömrümü.
Uzadıram,
əl açmadan ətəyə,
yaşayıram üzə duran ömrümü.
Mən ölmüşü güllə kimi oyatdı,
qəfil dəyən şillə kimi oyatdı.
Vaxtsız sevgi uşaq kimi oynatdı,
sözə gələn, sözə duran ömrümü.
Tut Allahın yaxasından silkələ,
bu dünyaya səhv düşmüşəm, bəlkə də.
Artıq sayam kimünçünsə ölkədə,-
sürürəm də, gözə duran ömrümü.
Uzadıram əl açmadan heç kimə,
yaşayıram üzə duran ömrümü.
Mən vuruşla yaşayıram hər günü,
mən döyüşlə uzadıram ömrümü..
YADDAŞDA PIS NƏ VAR, SİLİB-POZURAM
İndiki rənginə rəngim uyuşmaz,
ağ-qara şəklinə baxıram daha.
Dünyanı dişimə sıxırdım bir vaxt.
canımı dişimə sıxıram daha.
Qardaş ağrısını dost günahını,
yerinə düşməyən söz günahını,
arabir Allahın öz günahını
götürüb çiynimə yıxıram daha.
Qanım türk qanıdı,, həməndi soyum,
deyirlər düz gəlmir çəkim, ya boyum.
Gələr e...altına ancaq nə qoyum?!-
Mən də bu oyundan çıxıram daha..
Yaddaşda pis nə var, silib-pozuram,
qorxma, mən qəbrə də çoxdan hazıram.
Bir daşın üstündə adı yazılan,
gözünün altında çuxuram daha...
Digər Xəbərlər

“Bir qara tale də həp bizi seçər...” - Esmira İsmayılova yazır

"Ulduz"lu görüşlər"in növbəti qonağı Mətanət Vahid olub - Fotolar

Qəzetlər niyə bütün dünyada oxunur, Azərbaycanda yox - Hamar Quluzadə yazır
