adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Yanvar 2022 11:33
1261
MÜSAHİBƏ

Şəkidə 30 yaşlı ali təhsil ocağı

Müsahibimiz ADPU-nun Şəki filialının direktoru dosent Rafiq Rasulovdur

 

 

Məlum olduğu kimi ölkəmizin bəzi bölgələrində də ali təhsil ocaqlarımızın filialları fəaliyyət göstərir. Onlardan biri də ADPU-nun Şəki filialıdır. Bugünlərdə filialın 30 yaşı qeyd ediləcək. Bununla bağlı bu ali təhsil ocağına rəhbərlik edən dosent Rafiq Rasulov ilə görüşüb onunla müsahib olduq. İndi həmin müsahibəni diqqətinizə təqdim edirik:

- Rafiq müəllim, mümkünsə Şəkidə ilk ali təhsil müəssisəsinin nə vaxt və necə yaranması haqqında oxucularımıza qısa məlumat verərdiniz?

- Bu gün Şəkidə fəaliyyət göstərən ADPU-nun filialı Azərbaycan SSR Nazirlər Kabinetinin 30 sentyabr 1991-ci il tarixli qərarı əsasında BDU-nun filialı kimi yaradılmışdır. Ölkənin digər regionlarında olduğu kimi, Şimal-Qərb bölgəsində də yüksək ixtisaslı pedaqoji kadrlara olan ciddi ehtiyac bu təhsil müəssisəsinin açılmasını bir zərurətə çevirmişdi. Bildiyiniz kimi onda Azərbaycanın müstəqilliyə yeni qədəm qoyduğu bir dövr idi. Ölkə iqtisadiyyatını dirçəldərək inkişafına nail olmaq üçün isə birinci növbədə elm və təhsilin inkişafına diqqəti artırmaq lazım gəlirdi.

BDU-nun Şəki filialının 10 illik fəaliyyəti dövründə 1200-ə yaxın gənc müvafiq ixtisaslar üzrə təhsilini uğurla başa vurmuşdur. Bu gün fəxrlə qeyd etmək olar ki, bu ali məktəbdə təhsil almış onlarla gənc pedaqoji fəaliyyətini, elmi-tədqiqat işini uğurla davam etdirir və müxtəlif elm ocaqlarında, həmçinin bu ali təhsil müəssisəsinin özündə də uğurla çalışırlar.

- Sizin dediklərinizdən məlum olur ki, öncə BDU-nun filialı olan bu təhsil müəssisəsi sonradan Azərbaycan Müəllimlər İnstitutunun tərkibinə verilib...

- Azərbaycanda təhsilin inkişafı, bu sahədə qlobal islahatların həyata keçirilməsi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar bu gün də ölkəmizdə ardıcıl surətdə davam etdirilir. Belə islahatlardan biri də Ulu Öndər Heydər Əliyevin “Təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə həyata keçirilmişdir. Şəkidəki ali təhsil ocağı da həmin Fərmana əsasən yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun filialı kimi fəaliyyətini davam etdirmişdir. Filial bakalavr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması istiqamətində də fəaliyyət göstərmişdir.

- Maraqlılır. Bu gün isə sizin rəhbərlik etdiyiniz filial Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibindədir...

- Qeyd etmək istəyirəm ki, 30 yaşlı bu təhsil ocağının tarixində 2015-ci ildən sonra xüsusi bir mərhələ başlamışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əli-yevin 26 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmuş, filialları isə ADPU-nun filialları

hesab edilmişdir. Respublikanın 100 yaşlı, özünəməxsus tarixi və şərəfli inkişaf yolu olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması filialımızın tarixində çox mühüm bir hadisə idi. Regionda mövcud olan bir filialın 100 yaşlı qocaman ali təhsil müəssisəsinin tabeliyində fəaliyyət göstərməsi bu elm ocağının qazandığı zəngin təcrübədən bəhrələnmək üçün geniş imkanlar açmışdır. Onu da demək yerinə düşər ki, Azərbaycanda elm və təhsilin inkişafında misilsiz xidmətləri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində son illərdə təhsilin məzmun və keyfiyyət göstəricilərində, innovativ təlim-tədris texnologiyalarından istifadə, beynəlxalq əməkdaşlıq sahəsində əldə edilən uğurlar, dünyanın 53 nüfuzlu ali təhsil ocağı ilə bağlanılan müqavilələr, 34 xarici universitetlə, o cümlədən ABŞ-ın Vaşinqton şəhərində yerləşən Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı üzrə əməkdaşlıq universitetin çox böyük nüfuzundan xəbər verir. Bu gün ADPU ölkə universitetləri arasında innovasiyaların öyrənilməsi, tətbiqi və təbliği mərkəzi kimi tanınır, universitetin rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar onun nüfuzunu durmadan artırır. Şəki filialı da universitetin malik olduğu bütün imkanlardan, qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla, öz fəaliyyətinitədris prosesində məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində qurur.

- Rafiq müəllim, bu günlərdə ADPU-nun 100 və Şəkidə ali məktəb ocağının fəaliyyətə başlamasının 30 illiyi təntənə ilə qeyd edilir. Mümkünsə filialən uğurları barəsində oxucularımıza məlumat verərdiniz.

- Ali təhsil müəssisəsinin yubiley tədbirinin keçirilməsi ötən dövr ərzində görülmüş işlər, əldə edilmiş uğurlara baxış və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından da önəmlidir. Filialın əldə etdiyi nailiyyətləri, son illər görülmüş işləri qısa da olsa, diqqətinizə çatdırmaq istəyirəm.

Fəaliyyət göstərdiyi bu illər ərzində filial özünün maddi-texniki bazasını və kadr potensialını müasir tələblər səviyyəsində formalaşdırmışdır. İlk dəfə 75 nəfər tələbə ilə fəaliyyətə başlayan Şəki filialında 30 il ərzində 5000-dən çox ali təhsilli pedaqoji kadr hazırlanmış, 6000-dən çox müəllimin ixtisasının artırılması və təkmilləşdirilməsi həyata keçirilmişdir. Hazırda filialda 9 ixtisas üzrə 912 nəfər tələbə təhsil alır, professor-müəllim heyətinin tərkibində 86 nəfər çalışır. Fəaliyyət göstərdiyi ilk illərdə burada tədris prosesi ilə məşğul olan alimlərin böyük əksəriyyəti paytaxtdan və ətraf rayonlardan dəvət olunduğu halda indi professor-müəllim heyətinin tərkibi yalnız yerli kadrlardan ibarətdir. Əməkdaşlardan 3 nəfər elmlər doktoru, 14 nəfər fəlsəfə doktorudur, 26 nəfərisə bu filialın öz məzunudur, onlardan bir nəfəri fəlsəfə doktorudur və elmlər doktoru proqramı üzrə təhsilini davam etdirir, bir çoxu doktorantura və dissertanturada təhsil alır. Ümumilikdə, filialda hazırda 3 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi çalışır, 7 əməkdaş elmlər doktoru, 30-a yaxın müəllim isə fəlsəfə doktoru proqramı üzrə təhsil almaqdadır. Bu isə yaxın gələcəkdə Şəki filialında elmi dərəcəli kadrların sayının sürətlə artacağından xəbər verir.

“Ənənələrə sadiq, yeniliklərə açıq!” devizini fəaliyyətinin əsas prinsiplərindən hesab edən ADPU-nun qazandığı təcrübədən faydalanmaqla, sürətlə inkişaf edən cəmiyyətdə rəqabətədavamlı kadrlar yetişdirməyi biz də qarşımıza əsas məqsəd olaraq qoymuşuq. Paytaxtdan bir qədər uzaqda olsaq da, daim qocaman universitetlə qurulan sıx əlaqə və müntəzəm əməkdaşlıq qarşıya qoyduğumuz bu məqsədə çatmağımız üçün münbit şərait yaradır.

- Bu gün Şəkidə fəaliyyət göstərən ali təhsil müəssisəsinin daha da genişləndirilməsi və günün tələbləri səviyyəsinə qaldırılması üçün hansı tədbirlər görülür?

- Öz müstəqilliyinin 30-cu ilində mətin addımlarla irəliəyən Azərbaycan dövləti möhtərəm cənab prezidentimiz İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti nəticəsində dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə ölkəmizin hər bir bölgəsində həyata keçirilən tikinti və quruculuq işləri, Azərbaycanın birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın “yenilənən Azərbaycana yeni məktəb” layihəsi əsasında inşa edilən yeni məktəb binaları ölkəmizdə təhsilin daha da yaxşılaşdırılması və ümumi inkişafını şərtləndirən amillərdəndir.

Son illərdə ölkəmizdə Təhsil Nazirliyi tərəfindən təhsilin məzmunundakeyfiyyət dəyişmələrinin həyata keçirilməsi ilə bağlıməqsədyönlü işlər görülmüşdür. Ali təhsil proqramlarının yenilənməsi bizim də qarşımıza mühüm vəzifələr qoymuşdur. Filialda kadr hazırlığı aparılan ixtisaslarda tədris edilən fənlər üzrə proqram və tədris vəsaitlərinin yeni məzmuna uyğun hazırlanması istiqamətindəxeyli iş görülmüşdür. Tədris prosesində İKT-nin tətbiqi işini yaxşılaşdırmaq məqsədilə 100-dən çox kompüter avadanlıqları, elektron lövhələr və s. alınmışdır. Hazırda filialda ən yeni avadanlıqlarla təchiz edilən 5 kompüter zalı müəllim və tələbələrin istifadəsində, tədris prosesinin xidmətindədir. Filialın hər iki tədris korpusunda bütün otaq və auditoriyalar əsaslı təmir edilərək ən yeni avadanlıqlarla təchiz edilmiş, filialda modul tipli istilik sistemi quraşdırlmışdır.

- Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bir filial kimi sizin başqa ali təhsil müəssisələri ilə hansı əlaqələriniz vardı?

- Şəki filialının fəaliyyət göstərdiyi bu illər ərzində professor-müəllim heyətixeylidəyərli tədqiqat əsəri – dərslik, dərs vəsaiti, metodik vəsait və monoqrafiyalar hazırlayaraq çap etdirmişdir. Yenilikləri öyrənmək və tədris prosesində tətbiqinə nail olmaq, dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsindən faydalanmaq məqsədilə filialda çalışan professor-müəllim heyətinin bir qismi ABŞ, Fransa, Portuqaliya, Türkiyədə təcrübə kurslarında iştirak etmiş, 60 nəfərdən çox filial əməkdaşı respublika və beynəlxalq səviyyəli təlimlərdə iştirak edərək öz təcrübələrini artırmışdır. Filialın iki tələbəsi mübadilə proqramlarında iştirak edərək Danimarkada təhsil almışdır.

- Məzunlarınızın cəmiyyətdə tutduğu mövqeyi haqqında nə deyə bilərsiniz? Bu sizin fəaliyyətinizin birbaşa qiymətləndirilməsidir.

- Filialımızda təhsil alan gənclərin təkcə öz ixtisasları üzrə mükəmməl kadr kimi yetişməsi deyil, onların sağlam düşüncəli, milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda yetişdirilməsi əsas hədəflərimizdəndir. Filialın Vətən müharibəsində igidliklə vuruşan və dövlətimiz tərəfindən təltif edilən məzunları bir daha təsdiqlədi ki, onlar üçün ən ali hiss Vətən sevgisi, ən müqəddəs məkan Azərbaycandır. Bu gün qürur hissi ilə qeyd etmək istəyirəm ki, filialımızın 2 nəfər tələbəsi və 23 nəfər məzunu Vətən müharibəsi zamanı ordu sıralarında igidliklə vuruşmuş, torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsində fəallıq göstərmişlər. Bu gün qalib xalqın nümayəndəsi kimi Vətən müharibəsində ordu sıralarında böyük qələbənin sevincini bizə yaşatdıqları üçün dövlət başçımız –Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna sonsuz hörmət və ehtiramımızı, dərin minnətdarlığımızı bildirir, qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Şəki filialı bu gün artıq regionun elm, tədris mərkəzinə çevrilmişdir. Şəhər və respublika səviyyəli elmi konfransların, dövlət əhəmiyyətli tədbirlərin təşkilində filial özünəməxsus rol oynayır. Burada təhsili başa vuran yüzlərlə gənc müxtəlif dövlət qurumlarında, rəhbər vəzifələrdə səylə çalışır, elmi tədqiqatla məşğul olur, ölkəmizdən kənarda vətənimizi ləyaqətlə təmsil edir.

Lakin qazandığımız bütün bu uğurlar bizi heç də arxayınlaşdırmamalıdır. “Daim yeniliyə və inkişafa doğru!” bizim fəaliyyətimizin əsas prinsipi olmalı, 30 il ərzində filialda formalaşan ənənələri davam etdirmək, sürətlə inkişaf edən cəmiyyətdə rəqabətədavamlı, ölkənin və regionun sosial-iqtisadi inkişafının tələblərinə uyğun, sağlam əqidəli, milli şüura malik, vətəninə, dövlətinə sadiq, elmə, insan hüquqlarına hörmət edən, kreativ düşüncəli mütəxəssislər yetişdirmək kimi vacib məsələlərin həlli istiqamətində fəaliyyətimizi məqsədyönlü şəkildə davam etdirməliyik.

Biz də “Ədalət” qəzeti olaraq həm filialın, həm də universitetin kollektivini yubiley münasibəti ilə təbrik edir və kollektivinizə daha böyük uğurlar arzu edirik.

 

Çingiz Ənvər oğlu,

Şəki