adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Mart 2023 14:21
618
ƏDƏBİYYAT

Səni görüm Ağdamda öləsən, Aqil Abbas! - Elgün Gəncimsoy yazır

Çoxları qarğış kimi qəbul edə bilər. Ancaq bunun nə demək olduğunu başda dahi Məmməd ARAZ yadigarı İradə Tuncay xanım və Aqil sevərlər çox yaxşı bilir. Onun Ağdama necə bağlı olduğu bütün yaradıcılığında özünü qabarıq şəkildə göstərir. Sözünün axırı da, əvvəli də Ağdam olub. Və olur da... Müəyyən dönəmlərdə insanlar arasında ümidsizlik yaşandı, hamı hər şeydən əlini üzdü. Buna cəmiyyətdə arzuolunmaz boşluq demək olardı. Həmin fırtına öncəsi səssizlik hökm sürəndə Aqil Abbasın qələmi roket oldu, mərmi oldu, mürəkkəbindən qan damdı... Hamını əmin etdi ki, Ağdama qayıdacağıq. Doldurdu bütün insanları "Dolu"ya... sonra isə ora ürəyindəkilərin bir qisimini dolu kimi yağdırdı... Cəsarəti də xəyanəti də çörək üzərinə yağ sürtər kimi yumuşaqca yaydı səhifələrə.

Zarafat kişi deyilee: Türkiyədə rəhmətlik Qədirin yanına gedib onu əziyyətdən qurtardı. Beyin ölümü gerçəkləşən sənətçiyə: "Qədir, gözün aydın Ağdamı aldıq"- dedi. O da rahat şəkildə köçdü. Həmin gün Qədir Rüstəmovun Aqil Abbasa hörməti tibb elmi üçün möcüzə idi. Beyni ölmüş adam reaksiya vermişdi kişinin sözünə.

Ağdamın simvolu olan adamlarla nəfəs aldı. Hərəsinin bir dərdini daşıyıb ürəyinə yük etdi. Birinin xarakterik kürlüyünə dözdü, digərinin acısına Bəxtiyar Vahabzadənin dediyi kimi hönkürdü. Səmimi deyirəm, o kişinin özü boyda ürəyi var. O ürəyin içində isə Xudu müəllim, Rəmiş, Qədir, Asif, Allahverdi və digər Ağdam adamlar yaşayır. Sizə zarafat gəlməsin Aqil Abbas olmaq. Seyid Lazım ağanın cəddi haqqı bildiklərinin hamısın danışsa nər boyda ürəyi olan kəs infarkt olar. Hər kəsə onda olan təmkini arzulayıram.

Çox şükür, Ağdam yenidən qurulur. Dünyanın ən müasir şəhərindən biri olacaq. Texnologiya və müasir arxitekturanın vəhdəti Aqil Abbasın təbliğ və təmsil etdiyi şəhəri elə onun dediyi kimi edəcək. Və biz də orada dəyərli ustadın 100 illik yubileyini qeyd edəcəyik. Hər qarıcında haqqı, hər kəndində payı olan Aqil KİŞİ, sizi heç kimə verəsi deyilik. Səni görüm Ağdamda öləsən!...

Muzey ADAM, Tarix ADAM, Kitab ADAM, Qələm ADAM, AĞDAM adam. İncimə bu arzumdan, mən sadəcə ən sonunu düşündüm...

Allah gecindən versin!