23 Dekabr 2024 17:03
112
SİYASƏT

Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi -YENİLƏNİB

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.

XİN-dən Adalet.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.

Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç, COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.

***16:01

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Məlumata görə, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, əlaqə, humanitar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə edilib.

Ceyhun Bayramov regionda münaqişədən sonrakı bərpa və sülh səyləri ilə bağlı son yeniliklər barədə məlumat verib.