05 Mart 2025 15:58
212
ƏDƏBİYYAT

SIFIRIN DƏYƏRİ... - Eldəniz Quliyev yazır

və ya Mingəçevir qaranlıqları)

Tənqidi məqalə yazmağı xoşlamıram... Amma hərdən elə hadisələrlə rastlaşırsan ki, matın-qutun quruyur, istəyirsən var səsinlə çığırıb-bağırasan, söyəsən, təhqir eləyəsən...

Sizə, şahidi olduğum iki hadisə haqqında söhbət açacam.

Məzmunu və fabulası fərqli olsa da, mahiyyətcə eynidir.

Beləliklə... 
 

Birinci ƏHVALAT. Vaqe olur Mingəçevir şəhərində.

...Hələ o vaxt VƏTƏN adlı internet televiziyamız  fəaliyyətini dayandırmamışdı. Belə informasiya daxil oldu ki. Mingəçevir şəhərində danabaş, daha dəqiqi, yzunqulaq bir sahibkar (böyük restoran və şadlıq sarayı sahibi) elə bir qələt, elə bir əbləhlik eləyib ki... sadə məntiqlə bunu başa düşmək, həzm eləmək qeyri- mümkündür. 

Deməli, həmin o vələdüzna sahibkar şəhid ailəsini və şəhid ruhunu özünəməxsus tərzdə, əxlaqsızcasına alçaldıb təhqir edib...

... Şəhid atası oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə, yol kənarında kiçik bir sahədə, öz əlləriylə ŞƏHİD BULAĞI abidəsi inşa edir. Bununla o, qəhrəmancasına vuruşub şəhid olmuş nakam oğlunun xatirəsini əbədiləşdirmək,  övlad dərdindindən alışıb yanan ürəyini, az da olsa ovutmaq istəyir... BULAĞın baş tərəfinə Azərbaycan  bayrağının və oğlunun şəkilini vurur. Ətrafında  güllər-çiçəklər əkir; hər səhər də gəlib abidəyə qulluq edir... 
Kiçik bulağın qonşuluğunda isə, yuxarıda qeyd etdiyim sahibkarın böyük bir restoran-şadlıq sarayı fəaliyyət göstərir. 

Günlərin bir günü həmin sahibkarın nəfsi bütün insani, mənəvi, əxlaqi, humanist və s. dəyərlərin hamısına güc gəlir... Və o,  ŞƏHİD BULAĞI-nı restoranın ərazisinə qatmaq eşqinə düşür. Bunun üçün, əlbəttə ki, ilk növbədə BULAĞI dağıdıb məhv etmək lazımdır. Niyyətini həyata keçmək üçün o, heç şeytanın da ağlına gəlməyən,  tükürpədici və çox alçaq bir plan qurur: gecə yarısı iki uzunqulağ gətirib bulağın düz mərkəzində bağlayır.(???!!!) Uzunqulaq da uzunqulaqdlr, - onunçün örkəninin hara bağlandığının nə fərqi... Səhərə qədər  ŞƏHİDİN xatirəsi üçün əkilmiş gül-çiçəyi, otları-yaşıllığı ye ki, yeyəsən, - yemədiyini isə əzib zay edir...

Bu hadisədən xəbər tutanda, sözün doğrusu inanmadım...Yəni şəhidin müqəddəs ruhuna, oğul dərdindən həyatı alt-üst olmuş ahıl bir şəhid atasına bunca hörmətsizlik, bunca əclaflıq nümayiş etdirmək hansı qudurğan məxluqun əməli olar?.. Görən, ümumiyyətlə belə bir şey eləmək mümkündürmü heç?!

Tənbəllk eləmədim, durub bir başa Mingəçevrə yollandım. Kaş ki, heç getməyəydim... Məlum oldu ki, hadisə eynən sizlərə nəql etdyim kimidir... 
Şəhid Bulağını da, şəhidin atasını da ziyarət etdim. Atanın göz yaşları ürəyimi göynətdi... Qonşuluqdakı bərrkgedən restoranın sahibi isə ilim-ilim itdi...
Deyirəm, yaxşı ki, o vaxt bu hadisədən Mingəçevir İcra hakimiyyəti xəbərdar oldu və heç gözləmədiyim halda, çox tez bir zamanda məsələ həllini tapdı. Çox sevindim. Deməyəsən, icra strukturları lazım gələndə operativ, vicdanlı və ədalətli ola bilirmişlər... Bərkgedən sahibkar, necə lazımsa layiqli cavabını aldı - onun pul qoxusundan başqa heç bir iy bulməyən dimdik burnu ovuşdurulub yastılandırıldı, eləcə də uzun, çoox uzun şələ qulaqları lazımınca burulub bir az da uzandı...

İKİNCİ HADİSƏ

Bu əttökən hadisə yenə də Mingəçevir şəhərində vaqe olur və deyilənə görə günü bu gün də davam etməkdədir... Amma bu  əhvalata keçməzdən əvvəl ərz eləyim ki, insanlar da sıfır kimidir - qarşısına rəqəm yazılmasa heç kim və heç nə olmaqdan yaxa qurtara bilmirlər. Onlar, bir qayda olaraq, həmişə nəfərlə yox, dənəylə sayılırlar. Yəni, ömür boyu mənəvi aləmə və əxlaq normalarına çəp baxan, empatiya hissindən bixəbər yaşayan, hər hansı bir dəyər, ya mental keyfiyyət daşıyıcısına çevrilməyən belə ikiayaqlılar, mahiyyətcə dördayaqlılardan fərqlənmirlər!..
Təəssüf ki, gündəlik həyatda belə "SIFIRLAR" itinə tök qədərdi...

Yeri gəlmişkən, qeyd edim ki, mənəviyyat anlamının dəqiq sərhədi olmur. O, əxlaqın bütün spektrini, insanın ruhi zənginliyini və xeyirxah xüsusiyyətlərini, o cümlədən, insanlar arasında yazılmamış səmimi ünsiyyət qaydalarını şərtləndirir. Mənəviyyatsızlıq və qeyri-etik yaşayış tərzi isə, nə yazıq ki, bu qaydaların tam əksini ehtiva edir...

Beləliklə... İkinci əhvalat.

Deməli, şanlı ordumuz Qarabağda yağı düşmənlə ölüm-dirim savaşı apardığı bir zamanda, sən demə, elə fürsətcil, əliəyri "sıfırlar" olub ki, ancaq öz şəxsi xeyri üçün vuruşub -  qazanmaq, çırpışdırmaq, qamarlamaq, nəyin bahasına olursa-olsun,   varlanmaq, zəngin olmaq istəyiblər.  Sən demə, bizlər döğma ərazılərimizi, əzəli torpaqlarımızı düşmən caynaqlarından  xilas edəndə, bunlar arxa cəbhədə parça-parça torpaq sahələri satıb, xımır-xımır ərazi alveri edirlərmiş...

Belələrindən birisi şəhərin keçmiş Bələdiyyə sədiri vəzifəsində işləyirmiş və: "-Araz aşığımdan, Kür topuğumdandı!" deyib, onlarla  ticarət, iaşə obyektlərini, həyətyanı torpaq  sahələrini və sairəni dədə mall kimi satıb, özü üçün kef eləyirmiş. Əslində və səd heyif ki, burada qeyri-adi  bir şey yoxdur, - yəni bəzi bələdiyyə sədrlərinin bu sayaq alverə qurşanmasını, dərəbəyliyə baş vurmasını bilməyən yoxdur. Ancaq haqqında söhbət açılan zat orjinal üsuldan istifadə edirmiş. Sənəd-sünəd düzəldəndə də, alış-veriş edəndə də yanında bir pəzəvəng psevdo-cangüdən gəzdirirmiş. Kimlə nə söhbət edirsə, nə sövdələşmə yapırsa, yanındakı buyruqqulu aparılan danışığın səs yazısını yazırmış. Əlbəttə, məxfi şəkildə. Özü də, sədr söhbəti elə qururmuş ki,  tərəf müqabili mövcud hakimiyyəti tənqid eləsin, aşağılasın, hətta mümkünsə, söysün, təhqir eləsin... Lap keçən əsrin otuzuncu illərində olduğu kimi...(?!)

Nə vaxtsa, nə üçünsə satıcı-alıcı arasında bir problem yaranarsa...(və o problemlər indiyəcən də yaranır), səs yazısı kozur karta çevrilib "şappadan" ortaya qoyulur və təbii ki, bir çox hallarda şantaj vasitəsi kimi istifadə edilir...

Gülməli və sadəlövh görünsə də, bu sayaq hiyləgər "əməliyyat" planları müəyyən nəticə verirmiş. Nəticə isə, şübhəsiz ki, küllü miqdarda rüşvət,  qazanc, gəlir, pul deməkdir!..

Ən pisi budur ki, deyilənə görə, eks bələdiyyə sədri hələ də xalqın ruzisindən çırpışdırıb qohum-əqrabasının adına özəlləşdirdiyi torpaq sahaləri və obyektləri satmaqla... quyruq kimi dalına salıb gəzdirdiyi (və olsa-olsa, sıfırdan sonra yazılan rəqəm kimi  mənasız funksiyalı) "səs operatoru" da öz ampluasında - oğrun-oğrun, gizlin-gizlun  onun-bunun səsini yazmaqla məşğuldur!..

Diqqət yetirdinizsə, mən ad çəkmədim. Hələlik çəkmədim. Ona görə yox ki, kimnənsə, ya nədənsə çəkinəcəyim var. Yox, sadəcə, düşünürəm ki, Mingəçevir İcra hakimiyyəti söhbətin kimdən və kimlərdən getdiyini bilir. Və bilir ki, nə vaxtsa saxta bələdiyyə qərarları ilə Dövlət mülküyyətinə təcavüz edən SIFIR müəllim hal-hazırda onlarla (bəlkə də, daha çox) obyektlərini, iaşə  "toçkalarını", digər torpaq sahələrini satışa çıxarıb. Və o müəllim, ya cənab  SIFIR indiyəcən hansı qanunsuzluqlar, hansı cinayyət əməlləri törədib... Bəli, zaman-zaman ayrı-ayrı məhkəmələr, o cümlıdən Korrupsiya məhkəməsi cənabi sədr müəllimin əməllərində cinayyət tərkibi olduğu qənaətinə gəlib və  haqqında müxtəlif qərarlar çıxarıblar... Amma qəhrəmanımız hər dəfə sürüşüb aradan çıxmağa bir yol tapıb...

Ümid edirəm, hətta inanıram ki,  Mingəçevir səhər İcra Hakimiyyəti

"- Məhkəmələrə "görüm-baxım" eləmişəm, işlərimi də, necə lazımsa  qurub-qoşmuşam, bir köpəyoğlu mənə gözün üstə qaşın var deyə bilməz!" (???) deyibən, xozu-xozu gəzən "sıfır" müəllimin xodunu almaqda müvafiq tədbirlər görəcək.  

Güman ki, şəhər sakinlərinin əksəriyyəti SIFIR müəllimin haram yollarla "qazandığı" və əlbəttə də ki, milyonlarla dəyərində olan cah-cəlallı mülklərini, ən prestijli yerlərdəki yüz minlik torpaq sahələrini görür, anlayırlar. Ancaq, əlbəttə ki, qəbul etmirlər, qəbul edə bilmirlər!.. Heç kim çörəyi qulağına yemir axı!.. Anlayanlar və bu kimi maxinasiyaların Dövlətçiliyimiz üçün neqativ nəticələrər verəcəyindən narahat olanlar, şübhəsiz ki, yetərincədir. Çünki  başa düşürlər ki, rüşvətxorluq cinayət əməlindən daha çox xəstəlikdir; bu ağır mərəzin simtopları özünü müxtəlif çür biruzə versə də, kökü və səbəbi eyni mikrobdan qaynaqlanır - insan nəfsindən!.. 

Son olaraq qeyd etməliyəm və yəqin dəyərli oxuculatım da razılaşarlar ki, nəyin bahasına olursa olsun, rüşvətlə qidalanan və az qala vampirə çevrilən  məmurların mənəvi deqradasiyaya uğramasının qarşısı alınmalıdır. Bunu hətta ölkə Prezidenti də öz çıxışlarında  dəfələrlə qeyd edib.

 Özgə çarə yoxdur. Əks-təqdirdə, rüşvət bəlası, eynən xərçəng xəstəliyi kimi, artan xətlə inkişaf edib, onsuz da ağır olan həyatımızın bütün sferalarına sirayət edəcək...

Bəli, belə hallardan mütləq sivrilb qurtulmalıyıq; çünki hakimiyyət piramidasını əsasını təşkil edən bəzi məkirli-nəfsli məmurların düçar olduğu merkantilizm (mənfəətpərəstlik, pulgirlik) son nəticədə ölkəmi böyük problemlər burulğanına salacaq...

P.s. Vətənimizi, Xalqımızı, Dövlətimizi sevək, qoruyaq. Bu, bizim taleyimiz, ALIN YAZIMIZDI!