adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Iyun 2022 11:51
1303
ƏDƏBİYYAT

ŞİRİN MİRZƏYEV – QEYRƏT, PAKLIQ VƏ QƏHRƏMANLIQ MÜCƏSSƏMƏSİ

Qarabağ savaşı tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunmuş bir ad var: Şirin Mirzəyev!

Bu ad təkcə Azərbaycan xalqının tarixinə deyil, bütövlükdə türk dünyasının qəhrəmanlıq salnaməsinə şan-şöhrət gətirib. Qeyrət təcəssümü olan bu insan tək doğulduğu Şuşa rayonunun Mirzələr kəndinin, məzunu olduğu N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin, Xankəndi şəhərinin, Qarabağın deyil, o taylı-bu taylı Azərbaycanın qürur mənbəyidir.  

...Qəhrəmanlıq insan həyatının zirvəsidirsə, 30 il öncə şəhidlik zirvəsinə ucalmş Şirin Mirzəyev qəhrəmanlığın zirvəsi, paklıq mücəssəməsi idi. Uca Allahın bəyəndiyi bütün əməllər onun parlaq simasında cəmləşmişdi. Vətənə sevgi və nəfsinə qalib gəlmək bacarığı onun əzəzmətli şəxsiyyətini möhtəşəm edir, tamamlayırdı.

Şirin Mirzəyev əsl sərkərdə idi – əsgərlərdən irəlidə getməyi və əsgərləri ardınca aparmağı bacaran vətənpərvər bir sərkərdə. Və bir də ona görə əsl sərkərdə idi ki, əsgərini övladı kimi sevirdi. Dil pəhləvanı deyildi. Qəhrəmanlıq Şirin Mirzəyevin varlığında, əməlində, əxlaqında, vətənə sevgisində, dövlətçiliyə sədaqətində idi...

Şirin Mirzəyev 1947-ci ildə Şuşa rayonunun Mirzələr kəndində dünyaya göz açıb. 1954-cü ildə N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin birinci sinfinə daxil olub.  

Şirin Mirzəyev elə uşaqlıqdan təmiz, vicdanlı, özünə qarşı tələbkar, böyüklərə hörmətlə yanaşan bir şagird kimi diqqəti cəlb edib, fəal ictimaiyyətçi kimi tanınıb. Sərgilər hazırlamaqla, səhnəciklər göstərməklə, konsert proqramları tərtib etməklə digər şagirdlərdən fərqlənib, istedadlı gənc kimi müəllim və şagird kollektivi tərəfindən sevilib.

O, ədəbiyyata, incəsənətə böyük maraq göstərir, aktyor olmaq arzusu ilə yaşayırdı. Hələ orta məktəb illərindən dostluğa sədaqətli olmağı, düzlüyü ilə seçilir, yaşıdlarını əyri yoldan çəkindirirdi. Ən yaxın dostları Ramil Usubov və Rəfael Teymurov idi.  

Şirin Mirzəyev orta məktəb illərindən həm də vətənpərvərliyi ilə fərqlənirdi. Onda azərbaycançılıq məfkurəsi hələ uşaqlıq illərindən formalaşmışdı. Müəllimləri – Vaqif Əliyev, Cəmil Xudiyev, Eldar Quliyev və başqaları istedadlı şagird kimi Şirin Mirzəyevin simasında gələcəyin parlaq bir şəxsiyyətini görürdülər.

Şirin Mirzəyev 1965-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, əsgərliyini SSRİ DİN-in Daxili Qoşunlarında keçirib və 1967-ci ildə SSRİ DİN-in Ali Siyasi Məktəbinə göndərilib. Beləliklə, incəsənətə meyl göstərən Şirin Mirzəyev ömür yolunu hərb sənətinə bağlayib

1971-ci ildə Şirin Mirzəyev SSRİ DİN-in Ali Siyasi Məktəbini bitirərək 20 il Daxili Qoşunlarda xidmət edib. 1991-ci ilin iyun ayından isə Sovet Ordusunda xidmət etməkdən imtina edib. Çünki onu Azərbaycanın – Qarabağın taleyi narahat edirdi. Vətənin qeyrətli oğlu öz yerini doğma Qarabağda – savaş meydanlarında görürdü. O, bu amalla Ağdama gəlib.

Şirinin Ağdama gəlişi təsadüfi deyildi. O, peşəkar hərbçi kimi Dağlıq Qarabağ məsələsində Ağdamın çox böyük strateji əhəmiyyətə malik olduğunu yaxşı başa düşürdü. Şirin Mirzəyevi Ağdama gətirən həm də əməli-salehliyi, saf qəlbindəki mənəvi dəyərlər idi. Bu şəhərə ermənilərin təcavüzünü qəbul edə bilmirdi. Ona görə də Ağdamın müdafiəsinə qalxmağı, burda peşəkarlıqla hərbi iş təşkil etməyi özünə müqəddəs borc bilirdi. Şirin Mirzəyevə gün kimi aydın idi ki, Ağdam əldən gedərsə, Dağlıq Qarabağ bütövlükdə ermənilərin tapdağında qalacaq.

Bəli, Şirin Mirzəyev yanılmırdı. Çox yaxın keçmişimizdən məlum olduğu kimi, 1988-ci ildən başlayaraq erməni millətçilərinin növbəti Qarabağ iddialarının yeni mərhələsi başlayanda Ağdam Dağlıq Qarabağda cərəyan edən hadisələrin episentri idi. Ağdamın vətənə, torpağa bağlı yüzlərlə qeyrətli övladı erməni faşizmi ilə mübarizəyə qalxmşdı. 1991-ci il sentyabr ayının əvvəllərində artıq Ağdamın 20-yə yaxın kəndində yerli ərazi özünümüdafiə dəstələri yaradılmışdı. Ancaq bu dəstələrin hər bir üzvünün hədsiz vətənpərvərlik hissi, qəhrəmanlıq və cəsurluq duyğusu olsa da, onların heç birinin hərbi peşəkarlığı yox idi. Bu isə düşmənin qarşısına çıxarılacaq döyüşkən bir ordunun təlim və bacarıq səviyyəsinin yüksək olmasına, yaranacaq ordunun formalaşması işinə əngəl törədirdi.

​Ayrı-ayrılıqda fəaliyyət göstərən bu yerli ərazi özünümüdafiə dəstələrini vahid komandanlıq altında birləşdirmək, planlı şəkildə döyüş əməliyyatları hazırlamaq və həyata keçirmək üçün Ağdamda səriştəli zabitlərə böyük ehtiyac duyulurdu. Belə bir taleyüklü vaxtda SSRİ Daxili İşlər Nazirliyi Daxili Xidmət Qoşunlarının alayında xidmət etmiş peşəkar hərbçi - podpolkovnik Şirin Mirzəyev Ağdama gələrək qarı düşmənə qarşı ölüm-dirim savaşına atıldı.

          Azərbaycan Respublikasının müdafiə naziri, general-leytenant Valeh Bərşadlının 12 noyabr 1991-ci il tarixli əmri ilə polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev Ağdam ərazi özünümüdafiə taborunun komandiri təyin olundu. O, Azərbaycanda milli ordunun yaradılmasının təxirəsalınmaz vəzifə olduğunu dəfələrlə lazımi yerlərə bildirdi. Bu təcrübəli zabitin fikrincə, xalqının taleyini, ata-babalarımızın ulu torpaqlarının müdafiəsini ancaq milli ordu hissələrimiz öz üzərinə götürə bilərdi.

​Az vaxt keçmədi ki, rayonun bütün kəndlərindəki yerli ərazi özünümüdafiə dəstələri podpolkovnik Şirin Mirzəyevin komandanlığına tabe etdirildi. 1991-ci il noyabr ayının ilk günlərində Ağdamda ərazi özünü-müdafiə taborunun yaradılması demək olar ki, başa çatdırıldı.

​Şirin Mirzəyev öz peşəsinin kamil bilicisi olduğundan, Vətəninə, xalqına tükənməz məhəbbət bəslədiyindən millətinin iradəsini, arzu və istəyini yaratdığı taborda birləşdirə bildi.  

​Ağdama gəlişinin elə ilk həftələrindən Şirin Mirzəyevin peşəkar hərbçi, bütün varlığı, məsləki ilə Qarabağa bağlı olmağı özünü göstərirdi. Vətənin qeyrətli övladları ona inanır, ölümün gözünə dik baxaraq arxasınca gedirdilər. Bu qəhrəman sərkərdə ədaləti hər şeydən uca tutan insan, nəfsini özünə tabe etdirən bir şəxsiyyət kimi sevilir, ona bəslənən sevgi gündən-günə artırdı.

​Ağır bir şəraitdə ordu hissəsi yaratmaqla düşmənə sarsıdıcı zərbə vura bilən tabor komandirinə artıq böyük etimad bəslənilirdi. 1992- ci il martın 15-də müdafiə nazirliyi tərəfindən Ağdam ərazi özünümüdafiə alayının yaradılması haqqında imzalanan əmrlə podpolkovnik Şirin Vəli Oğlu Mirzəyev Ağdam rayonunun hərbi komissarı və alay komandiri vəzifələrinə təyin edildi. O, məsul vəzifələr daşısa da, «kabinet"i cəbhənin ön xətti idi.

Şirin Mirzəyevin döyüş yolu örnək ola biləcək bir yol idi. O, siyasi oyunlara cəlb olunmaq üçün edilən bütün cəhdləri, bir çox iyrənc oyunlarla müşayiət olunan maneələri dəf edirdi. Ağdamdakı xidməti fəaliyyəti dövründə - istər hərbi quruculuq işlərində, istərsə də Fərrux, Qazançı, Ağbulaq, Abdal-Gülablı və s. əməliyyatlarda vətənin sədaqətli əsgəri olmuş, yüzlərlə soydaşımızı erməni silahlı birləşmələrinin vəhşi caynağından xilas etmişdi. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad olunmuşdu.

Xocalının taleyi də Şirinə bir an belə, rahatlıq vermirdi. Burda baş verəcək faciəni əvvəlcədən görən Şirin Mirzəyev bu qədim yurd yerinə ermənilərin hücumunun qarşısını almaq, insanların təhlükəsiz yerlərə çıxmasını təmin etmək üçün peşəkar hərbçi kimi dəfələrlə təkliflərini verir, həyəcan təbili çalırdı. Təəssüf ki, məkrli oyunlar onun planlarını alt-üst elədi – Xocalı xocalılarla birgə şəhid oldu.  

…Və nəhayət, Əliağalı kəndi ilə Yeni Qaralar kəndlərinin müdafiə zolağına baş çəkmək, Sırxavəndə yollanmış kəşfiyyatçılarla rabitə yaratmaq və zirehli texnikanın mövqeyini müəyyənləşdirmək məqsədilə xidməti maşında düşmənin basdırdığı minaya tuş gələn Şirin Mirzəyev şəhidlik zirvəsinə ucaldı. 1992-ci il iyun ayının 18-də baş vermiş bu faciədə Şirin Mirzəyevlə birlikdə qardaşı oğlu - N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin qeyrətli məzunu Mübariz Mirzəyev və əmisi nəvəsi Araz Mirzəyev də əbədiyyətə qovuşdular.

Şirin Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Minlərlə şəhidimiz kimi bu gün Şirin Mirzəyevin də ruhu 44 günlük müharibənin zəfərləri, Qarabağın azadlığı ilə şaddır.

 

 

Hikmət Xudiyev (Cəmilzadə),

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik