23 Fevral 2022 10:03
346
ANALİZ

Soyqırım siyasətinin ən qanlı səhifəsi -XOCALI

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin növbəti mərhələsini təşkil edən, erməni millətçiliyinin terrorizm və şovinizm mahiyyətini göstərən və bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın hər yerində, o cümlədən dünyanın bir çox dövlətlərində müxtəlif tədbirlər keçirilir, soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etmişdir. Şəhəri tərk edən əhali pusquya salınmış, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirilmiş, ya da əsir götürülmüşdür. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. 487 nəfər Xocalı sakini şikəst edilmiş və onlardan 76 nəfəri uşaqlardan ibarət olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir. Eyni zamanda, o dövrdə bir sıra xarici nəşrlərdə yer almış təkzibolunmaz faktlar da Xocalıda ermənilərin törətdikləri dəhşətləri bütün çılpaqlığı ilə gözlər önünə sərmişdir. Fransada nəşr olunan "Valer aktuel" jurnalının 14 mart 1992-ci il sayında, "Le Mond" qəzetinin 1992-ci il 14 mart tarixli sayında, İngiltərənin "The Sunday Times" qəzetinin 1992-ci il 1 mart tarixli sayında, 1992-ci il fevralın 28-də "Washington Post" (ABŞ), martın 8-də "The Sunday Times" (London) qəzetlərinin və martın 25-də "Krua l`Eveneman" (Paris) jurnalında, Rusiyanın "İzvestiya" qəzetinin 1992-ci il 13 mart tarixli sayında və bir sıra xarici dövri nəşrlərin səhifələrində yer alan məlumatlarda şahidlərə istinadən bildirilmişdir ki, ermənilər Xocalıda yüzlərlə ailəni qətlə yetirib, qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış meyitlər aşkarlanmış, insanlar diri-diri yandırılmışdır. "Hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü", - deyə bu nəşrlərdə qeyd ounmuşdur.

O dəhşətli gecədə tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, yerlə yeksan edilmiş, xarabalığa çevrilmişdir. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində şəhərdə 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi tamamilə dağıdılmış, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmış, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinmişdir.

Bu faktlar bir daha ermənilərin tarix boyu azərbaycanlılara qarşı yürütdüyü mənfur siyasətin, Xocalıda baş verənlərin soyqırımı siyasətinin mühüm tərkib hissəsi olduğunu təsdiqləyir. Ona görə də həm bu, həm də sadalanan digər faktlar sübut edir ki, erməni qəsbkarları tərəfindən törədilən və qəddarlığı, amansızlığı ilə xüsusi fərqlənən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilib. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onu genosid aktı kimi qiymətləndirməyə tam əsas verir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.

Təəssüf ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımı faktına həmin dövrdə ölkəmizə rəhbərlik edən siyasi qüvvələr layiqli qiymət verməyib, bu faciənin dünya ictimaiyyətinə dolğun və obyektiv çatdırılması üçün iş görülməyib. Yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli soyqırımının əsl mahiyyətini açıqlayıb, 1994-cü ilin fevralında Ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2002-ci il fevralın 25-də Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərərək bildirib ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı haqqında danışarkən deyib ki, bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.

Birmənalı şəkildə deyə bilərik ki, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Hazırda bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və hadisəyə layiqli hüquqi qiymətin verilməsi istiqamətində tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycan Prezidentinin göstərişi ilə hər il Xocalı soyqırımının ildönümü ilə bağlı genişmiqyaslı tədbirlər keçirilir. Bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində deyilir: "Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir".

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Qeyd edək ki, Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xidmətləri xüsusilə təqdirəlayiqdir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə fondun təşkilatçılığı ilə keçirilən tədbirlər, mühüm elmi-praktik konfraslar, nəşr olunan kitab və bukletlər Xocalı soyqırımı haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rola malikdir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Leyla xanım Əliyeva demişdir: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik”.

Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Beləliklə, Xocalı soyqırımı ermənilər tərəfindən uzun müddət planlaşdırılaraq ən qəddar üsullarla həyata keçirilən, konkret məqsədlərə xidmət edən böyük cinayətdir. Ermənilər Xocalıda dəhşətli faciələr törətməklə Azərbaycan xalqını sarsıdaraq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirərək bədnam "böyük Ermənistan" ideyasını reallaşdırmaq niyyəti güdmüşlər. Həmin soyqırımına rəhbərlik edən, sonradan Ermənistanda hakimiyyəti ələ keçirmiş kriminal ünsürlər də bir çox media orqanlarına müsahibələrində və çıxışlarında bunu etiraf etmişlər. Britaniyalı jurnalist Tomas de Vaalın "Qarabağ - Qara bağ" kitabında əks olunan bəzi faktlar, o cümlədən azərbaycanlıların qırğınında iştirak edən Ermənistanın keçmiş prezidenti - terrorçu xunta rejiminin rəhbəri Serj Sarkisyanın söylədikləri dediklərimizi bir daha təsdiq edir. "Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmağa nail olduq", - deyən Sarkisyan Xocalı soyqırımı ilə bağlı suala "biz bu barədə bərkdən danışmamağı üstün tuturuq" cavabını vermişdir.

Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Bu gün Azərbaycan xalqının haqlı tələbi bundan ibarətdir ki, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olmuş, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, bu qeyri-insani əməlləri törədənlərə qarşı zəruri cəza tədbirləri tətbiq edilməlidir.

Kərimova Tamilla Hüseynbala qızı,

Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu