22 Yanvar 2023 17:34
584
ƏDƏBİYYAT

Dilini göstər... - Əhməd Orucoğlu yazır

Necə gün idi dizim mənə əziyyət verirdi. Həkimə getdim. Anam-bacım olsun, əndamı yanmış qəşəng idi. Gözləri yaşıl, yanaqları qırmızı, saçları sarı, qız deyil,  elə bil svetofordur, mən də qabağında "avariyni" işıqlarını yandırıb-söndürən  kamaz. Dedim, doktor dizim ağrıyır. Doktor dizimə baxıb dedi, dilini göstər. Dedim, doktor dizimdən dilimə nə var? Dedi, bütün bədən üzvlərini güdaza verən dildir, dilini göstər. Dilimi göstərdim, dərman yazdı. Dərman alıb içdim, dizim sağaldı.  Doktora aşiq olmuşdum.  Gecələr yuxuda görürdüm. Arvadım deyirdi gecə yuxuda doktor qışqırırdın.

Dedim dizimin ağrısındandır. Bir bəhanə ilə getdim doktorun görüşünə. Gözləri yaşıl, yanaqları qırmızı, saçları sarı, qız deyil,  elə bil svetofordur,  mən də qabağında "avariyni" işıqlarını yandırıb-söndürən  kamaz. Dedim, doktor, dizimin ağrısı keçmir. Dedi, dilini göstər. Dilimi göstərdim, dedi yalan deyirsən. Dedim, haradan bildin? Dedi, dilin yanında qırmızı zolaq olanda insan yalan danışır. İstədim deyim sənin dilini yeyim, bir yekəpər gəldi.  Doktor dedi, tanış ol, ərimdir. "Ərim" sözünü eşidən kimi dilim girdi qarnıma, gəldim evə. Arvadıma dedim, gedək anamgilə, dedi dizim ağrıyır, anangilə gedə bilməyəcəyəm.

Dedim, dilini göstər. Dedi, ay kişi, başın xarab olub? Deyirəm dizim ağrıyır, deyirsən dilini göstər?! Dedim, bütün orqanları güdaza verən dildir, dilini göstər.   Arvad dilini göstərən kimi dedim, yalan deyirsən. Dedi, düz deyirsən, anangilə getmək istəmirdim, yalandan deyirdim. Haradan bildin? Dedim, yuxuda vergi verilib mənə. Arvadım qonşu arvadlara deyib ki, bizim kişiyə yuxuda vergi verilib,  dilə baxanda kimin yalan danışdığını bilir. Səhəri bizim qapıda növbə düzüldü. Arvadlar ərlərini, ərlər arvadlarını gətirmişdilər. Mən də dillərinə baxıb, kimin yalan danışdığını deyirdim. Adambaşı on manat.    Qiymətlər qalxandan sonra mən də qaldırdım,  adambaşı iyirmi manat. Məhəlləyə çıxa bilmirdim, uşaqlar məni görcək dillərini çıxarırdılar. Telekanallarda aparıcılar həkimləri yox, məni verilişlərinə çağırırdılar. Telekanalların birində canlı yayımda bir qadın mənə sual verdi:

 - Milli Məclisdə deputatların dilinə baxa bilərsiz?

Dedim, onların dilinə baxmaq lazım deyil, ağızlarını açan kimi kimin yalan, kimin düz danışdığı o dəqiqə bilinir. İşlərim yaxşı gedirdi. İndi düz danışan var?! Hərəsinə bir diaqnoz qoyub, yola salıdım.  Müdir müavin gətirib, mənə deyirdi ki, dilinə bax gör yalan danışır? İndi düz danışan müavin var?! Dilinə baxıb deyirdim yalan danışır, müdir səhəri müavini işdən qovurdu.  Deyirəm nə qədər vaxtım var, istəyirsiz sizin də dilinizə baxım?