17 Iyun 2023 23:33
2084
MÜSAHİBƏ

Psixoloq Elnur Rüstəmov: “Psixoloqa getsəm məxfilik qorunmayacaq” - MÜSAHİBƏ

Psixoloqlar insan həyatının qaranlıq tərəfləri ilə işləyir

17 İyun Səhiyyə işçilərinin peşə bayramıdır. Elə budəfəki müsahibim də, doğum günü bu ərəfədə olan, hamımızın sevimlisi psixoloq Elnur Rüstəmovdur. Belə ki, onunla olan səmimi müsahibəni diqqətinizə çatdıraq.

-Mümkünsə aydınlıq gətirərdiniz, çünki bəzən insanlar bu peşələri qarışdırır. Psixoloq, psixoterapevt və psixiatr. Əsas fərq nədən ibarətdir?

Bəli, düz vurğuladınız. Bu gün doğrudan da cəmiyyətdə bununla bağlı müəyyən çaşqınlıq var. Psixiatr daha çox psixiartik problemi (klinik problemi) olan insanlarla məşğul olur və müraciət edən şəxsi psixiatrik diaqnostika edir, ona uyğun olaraq dərman müalicəsi təyin edir. Psixoterapevt isə daha çox şüuraltı ilə işləyir. Psixoloq isə daha çox psixiki sağlam insanlarla məşğul olur.

-Kimlər psixoloqa müraciət etməlidir?

Həyatının hansısa dönəmində stress, narahatlıq yaşayan istənilən yaşda olan insanlar psixoloq dəstəyi ala bilər. Biz buraya təşviş-həyəcan pozuntusu, sosial fobiya, panik atak, motivasiyasının aşağı olması, yuxu və s. problemləri daxil edə bilərik. Qeyd etdiyim və etmədiyim bu kimi problemlər insanın həyat keyfiyyətini aşağı salır, sonrakı dövrlərdə isə daha dərin problemlərin yaranmasına yol açır. İnsan həyatında bir fərqindəlik yaratmaq üçün, daha keyfiyyətli həyat yaşamaq üçün psixoloq dəstəyi alır. İnsanlar həyat keyfiyyətlərini artırmq üçün bu gün psixoloji, yaxud da fərdi inkişafla bağlı kitablar oxuyur, internet üzərindən hər hansı bir psixoloji maariflənmə ilə bağlı video – rolik izləyirlər. Çünki, heç kimə sirr deyil ki, çağdaş dünyamız psixologiya ilə idarə olunur. Bugün psixologiya artıq cəmiyyətin ictimai praktikasına çevirilib.

18 yaşınadək fərd əksər hallarda valideyn, yaxud qəyyumluğa götürülən insan tərəfindən psixoloqa müraciət edir, 18 yaşdan sonra isə insan özü müstəqil şəkildə psixoloqa müraciət edir. Şübhəsiz ki, müraciət edənlər bəzən öz istəyi, bəzən də yaxınlarının tövsiyəsi ilə müstəqil şəkildə psixoloqa müraciət edir. Müasir dövrdə təhsil fasiləsiz mərhələyə keçdiyi kimi, psixoloji dəstək də bu gün dünyada, eləcə də Azərbaycanda fasiləsiz bir mərhələyə keçib. 07 dekabr 2018-ci ildə Cənab Prezident tərəfindən Psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunub. O qanuna diqqət etsək görərik ki, psixoloji yardım bütün yaş qruplarını və bütün kateqoriyadan olan insanları əhatə edir.

-Pasiyentləriniz arasında tanınmış simalar varmı?

Anonimlik bizim üçün mühüm əhəmiyyət kəsb edir və tam şəkildə qorunur. Hətta bu bizim üçün “müqəddəs vəzifədir”, deyərdim. Müraciətlər edənlər arasında hər təbəqədən olan insanlar var, bizim üçün önəmli olan peşəkar psixoloji xidmətin göstərilməsidir. Bu gün cəmiyyət insanın psixoloqa müraciət etməsini normal hal kimi qəbul edir. Əvvəllər bununla bağlı hansısa bir formada müəyyən “stiqmalar” var idi. Yəni psixoloqa getsəm, “mənə nə deyərlər”, yaxud “mənə necə baxarlar”. Bugün cəmiyyətdə aparılan maariflənmə işi nəticəsində artıq bu “stiqma” demək olar ki, arxada qalıb. Sualınıza cavab olaraq qeyd edim ki, əslinə baxanda psixoloji dəstək daha çox tanınmışlara lazım olur. Çünki, onlar iş həyatında daha çox stresli hallarla rastlaşırlar ki, həmin məqamda onlara psixoloji dəstəyin göstərilməsi vacibdir. Əvvəllər tanınmış insanlar Azərbaycanda psixoloq dəstəyi almaqdan çəkinirdilər. Bunun da səbəbi vardı. Səbəb də məxfiliyin nə dərəcədə qorunması ilə bağlı idi. Bu səbəbdən də xarici ölkələrə üz tuturdular. Bugün artıq onların böyük bir qismi Azərbaycanda psixoloqlara rahat şəkildə müraciət edirlər.

-Hər gün müxtəlif problemlərlə qarşılaşırsınız, bunlar şəxsi həyatınıza yansıyırmı?

Bəli, həftənin bütün iş günlərini çalışıram və müxtəlif növ psixoloji problemlərlə bağlı müraciət edən insanlarla görüşürəm. Bilirsiz ki, psixoloqlar daha çox insan həyatının qaranlıq tərəfi ilə işləyir. Bu səbəbdən də onlar emosional yanma sindromu yaşaya bilər. Bu da onların həm iş fəaliyyətinə, həm də şəxsi həyatına mənfi təsir edə bilər. Bundan qorunmaq üçün hər bir psixoloq psixoloji seanslar aparmaqla yanaşı davamlı olaraq özünü inkişaf etdirməli, müxtəlif təlimlərdə, kurslarda, konfranslarda iştirak etməli, yaxınları, doğmaları ilə keyfiyyətli zaman keçirməlidir. Belə olan təqdirdə peşəkar fəaliyyət psixoloqun şəxsi həyatına neqativ təsir etmə ehtimalı az olur. Bu istiqamətdə özümü bir qədər şanslı hesab edə bilərəm. Çünki, psixoloji seanslar aparmaq yanaşı, rəhbərlik etdiyim Psixologiya Elmi Tədqiqat İnstitutunda elmi fəaliyyətlə də məşğul oluram.

“Mənim elə problemim var ki, heç kim həll edə bilmir”

-Elə problem demişkən, hansı psixoloji problemlərlə rastlaşırsınız?

Öncəki vaxtlarda bunu demək bir qədər rahat idi. Amma indi vətəndaşlar müxtəlif psixoloji problemlərlə bağlı müraciət edirlər və mən onları konkretləşdirməkdə çətinlik çəkirəm. İxtisaslaşmam ailə ilə bağlı olduğu üçün daha çoxailə və yeniyetmələr tərəfdən müraciətlər olur.

-İnternetin sürətlə yayıldığı dövrdə psixoloqlar da onlayn konsultasiyaya keçid edib. Əyani konsultasiyanın yerini verə bilirmi?

Pandemiya dövründən sonra bütün müstəvilərdə olduğu kimi, psixologiyada da onlayn psixoloji dəstək geniş vüsət aldı. Bu normaldır, əvvəllər də online psixoloji seanslar keçirildi. Xüsusən, xaricdə yaşayan vətəndaşlar online psixoloji seans almağa üstünlük verirdilər. Ancaq son dövrlərdə bu hal daha da artıb. Bu gün artıq rayonlarda yaşayan, işi ilə bağlı əyani psixoloq dəstəyi ala bilməyən insanlar online seanslara üstünlük verirlər. Bunu da normal qəbul edirəm. Elm, texnologiya inkişaf edib, bu gün artıq süni intellektin köməyindən belə istifadə edənlər var. Əsas psixoloji dəstəyin əlçatan olmasıdır. Insanın lazım olan məqamda bu dəstəyi ala bilməsidir. Bir mütəxəssis kimi onu qeyd edə bilərəm ki, psixoloji dəstək zamanı canlı ünsiyyət daha faydalıdır.

-Sizə müraciət edənlər könüllü olaraq gəlir, ya necə deyərlər, əlindən tutub gətirirlər?

Psixoloqa müraciət könüllüdü, məcburi deyil. İnsan istədiyi zaman psixoloq dəstəyi ala bilər, yaxud da psixoloq dəstəyi almaqdan imtina edə bilər.

-Sağalmaya meyli olmayan kəslərdə necə motiv yaradırsınız?

Bəli, bir qism insanlar var ki, onlar mütəmadi olaraq fərqli psixoloqlara müraciət edirlər. Yaxud da insan var ki, mütəmadi olaraq fərqli həkimlərə müraciət edir. Sadəcə bu tip insanlarda məqsəd çox zaman sağalmaq yox, daha çox “mənim elə problemim var ki, heç kim həll edə bilmir” düşüncəsi olur. Diqqəti özlərinə yönəltmək üçün şüuraltı bu yanaşmanı ortaya qoyurlar. Əlbəttə bu tip insanlarla psixoloji dəstək prosesində mütəxəssisdən peşəkarlıq tələb olunur.

-Əgər gizlədilmiş nə isə varsa, simptom yanlış təyin olunarsa, bu halda nə baş verə bilər?

Çox gözəl sualdır. Əgər gizlədilmiş nə isə varsa, əlbəttə diaqnostika yanlış olacaq və müdaxilə yanlış istiqamətdə gedəcək. Bu gün bununla bağlı ciddi problemlərimiz var. Biz hər hansı bir psixoloji simptomu ortaya çıxararkən klinik müsahibə ilə parallel diaqnostik testlərdən, proyektiv metodlardan istifadə edirik. Məsələ burasındadır ki, bu testlərin böyük bir qismi Azərbaycana dilinə adaptasiya olunmayıb. Bu bizim ciddi problemimizdir. Inanıram ki, yaxın gələcəkdə bu problem öz həllini tapacaq. Testlərin adaptasiya olunmaması eyni zamanda elmi tədqiqat işlərinin aparılmasına da mane olur. Çünki, beynəlxalq indeksli jurnallar adaptasiya olunmayan testlərlə aparılan tədqiqat işlərini qəbul etmirlər. Psixologiya Elmi Tədqiqat İnstitutu olaraq biz bu gün bu problem üzərində çalışırıq. Artıq adaptasiya etdiyimiz testlər var və proses davam edir.

-İndiki zamanda psixologiya təhsili olmayan, lakin sosial aləmdə tanınan sima çoxdur. Və reklama görə də pasiyentlər həmin şəxslərə daha çox üz tutur. Səbəbi nədə görürsünüz?

Bəli, belə hallar var və bunu normal qəbul etmirəm. Səbəbini də texnologiyanın inkişafı ilə əlaqələndirirəm. Sadəcə hər insanın seçim etmək hüquqi və imkanı var. Bu psixoloji dəstək almaq prosesində mütəxəssis seçimində də keçərlidir.

- Psixologiya Elmi-Tədqiqat İnstitutundan hansı yeniliklər gözləyə bilərik?

Yeniliklər çoxdu. Sadəcə bir qismini istərdim Sizin diqqətinizə çatdırım. Təkcə bu ilin 6 ayı ərzində bizim 2 tədqiqat işimiz beynəlxalq indeksli jurnallarda çap olundu. Aprel ayında “Azərbaycanlı yeniyetmələrin nümunəsində psixoloji dözümlülük, imtahan narahatlığı və məktəb məmnuniyyəti arasında əlaqələr” (Relations among psychological resilience, exam anxiety, and school satisfaction in a large sample of Azerbaijani adolescents) adlı tədqiqat işimiz “Scopus”, eləcə də “ERIC”, “EBSCO”, “Index Copernicus”, “DOAJ” kimi beynəlxaq indeksli elmi bazalarda yer alan “European Journal Educational of Research” junalının 12-ci sayında dərc edilib. Eləcə də“Emosional intellektin müəllimlərin iş məmnunluğuna təsiri: Psixoloji narahatlığın vasitəçi rolu” (The Impact of Emotional Intelligence on Teachers’ Job Satisfaction: Mediating Role of Psychological Distress) adlı tədqiqat məqaləmiz Web of science elm platformasında yer alan “Beynəlxalq təhsil elmləri” jurnalının (International Journal of educational Sciences) may ayında çap olunmuş 41-ci sayında dərc edilib.

Eyni zamanda bu il Qardaş Türkiyə respublikasının mütəxəssisləri ilə birgə apardığımız “Nigahda şüurlu fərqindəlik, cinsi məmnunluq və emosional intellekt evlilik harmoniyasının prediktivləri kimi” adlı tədqiqat işimizin təqdimatı 16-19 mart 2023-cü il tarixində Qardaş Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Cinsel Sağlıq Konfransında təqdim edildi. Hazırda həmin araşdırma məqaləmiz beynəlxalq indeksli jurnala çapa göndərilib.

Bu ilin may ayının 18-20 də Türkiyənin İstanbul şəhərində keçirilən “IX Beynəlxalq Türkcess 2023 Təhsil və sosial elmlər konfransı”nda bizim 2 tədqiqat işimiz təqdim olundu. İnstiut olaraq tədqiqatların aparılması, onların üzərindən modelləmə işlərinin həyata keçirilməsi bizim üçün vacib məqamdı. Eyni zamanda keçən ilin dekabr ayında Psixologiya Elmi Tədqiqat İnstitutunda Beyin və Davranış laboratoriyamız yaradıldı. Bu gün laroratoriyada həm tədqiqat işləri aparılır, həm də psixoloji xidmət verilir. Asılılıqla bağlı apardığımız bir tədqiqat işi artıq yekunlaşıb.

İndiyə qədər bizim bir çox kitablarımız, metodik vəsaitlərimiz, tərcümə ədəbiyyatlarımız çap olunub. Hazırda həm İnstitut əməkdaşları, həm də Qardaş Türkiyə Respublikasının prof və dosent heyəti ilə birgə məktəb psixoqları üçün böyük bir metodik vəsait hazırlayırıq.

Təhsil sahəsində biz bir çox xarici ölkələrlə əməkdaşlıq edirik. Qardaş Türkiyə Respublikasının Yıldız Teknik Universteti ilə birgə keçən il 495 saatlıq “Ailə psixologiyası” ixtisasartırma kursunu, eyni zamanda Amerikanın Albert Ellis İnstitu Türkiyə yetkili Merkezi ilə birgə CBT kursunu həyata keçiririk. Əsas məqsədimiz peşəkar kadr hazırlığını həyata keçirməkdi. Bütün müstəvilərdə olduğu kimi bu sahədə də biz bir millət iki dövlət olaraq Qardaş Türkiyə Respublikası ilə bərabər yol gedirik. Elm əməmkdaşlıq tələb edir. Elmi araşdırmalarda əməkdaşlıq vacib bir məqamdı. Akademik və praktik psixoloqların bugün bərabər çalışması bizi sevindirir. Bunun özü yeni reallıqdır. İnstitut olaraq bizim əsas vəzifəmiz bu reallığa adekvat olmaqdır.

Şəlalə Camal