18 Sentyabr 2024 06:39
48
ANALİZ

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün

Prezident İlham Əliyev: “Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər”

Cənubi Qafqaz regionunda və bütün dünyada sülhün və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi önəmlidir. Etibarlı tərəfdaş, sözü əməldən ayrı düşməyən, planetdə sülhün və əmin-amanlığın bərqərar olmasına mühüm töhfə verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda tamamilə yeni reallıqlar yaratdı. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın regionda sülhün bərqərar olması prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər həm region dövlətləri, həm supergüclər, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri digər dövlətlərin də inkişafına, xalqların rifahının yaxşılaşmasına xidmət edir. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı.

Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət edərək bildirib ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe bu gün beynəlxalq iqtisadi və siyasi platformaların marağındadır. Xüsusən hazırda ölkəmiz çox mühüm beynəlxalq dəniz avtomobil dəmiryolu qovşağı rolunu oynayır. Artıq Azərbaycan şimal-cənub, şərq-qərb dəhlizlərinin ən aparıcı ölkələrindən biridir. Azərbaycanın sabitliyi və etibarlı tərəfdaşlığı bu nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin edir. Çünki, təhlükəsizliyik qorunmasa heç bir ölkə yüklərinin daşınmasına maraqlı olmaz. Bu gün Azərbaycan özündə dünyada sabitlik imicin yaradıb. Ona görə də beynəlxalq nəqliyyat qovşaqları layihələri çox asan reallaşır. Xüsusən Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra ölkəmizlə bu istiqamətdə əməkdaşlıq etmək istəyən ölkələrin sayı çoxalıb. Artıq Azərbaycan torpaqlarının işğaldan azad olunub, separatçılar ölkəmizdən qovulub suverenliyimiz bərpa olunub. Çox müsbət haldır ki, işğaldan azad olunan ərazilərdə beynəlxalq nəqliyyat dəhlizlərində cəlb olunması üçün işlər aparılır. Bu gün Ermənistandan başqa bütün region dövlətləri bunda maraqlıdır.

Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır. İnanırıq ki, Ermənistanla sülh razılaşması əldə edildikdən sonra regionda nəqliyyat yük daşınmaların həcmi artacaq. Eyni zamanda kommunikasiyaların bərpa edilməsi regionun hər bir ölkəsinin iqtisadi inkişafına müsbət təsir edəcək. Burdan da göründüyü kimi, Ermənistan sülhdən yayınmaqla özünə və region ölkələrinə iqtisadi zərbə vurdu. Bütün regional layihələrdən kənarda qalan Ermənistan özünü Qərbdən iqtisadi və siyasi olaraq asılı vəziyyətə salıb. Mövcud rəsmi İrəvanın heç bir siyasi dayağı qalmayıb. Hakimiyyət bir sıra Qərbin inhisarçı və müstəmləkəçi ölkələrinin oyuncağına çevrilib. Buna görə də Ermənistanın regionda imici yoxdur.

Səyavuş Qasımov, 

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, 

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent