27 Oktyabr 2024 11:00
177
AVTOMABİL

Yolda qalan avtomobillər...

Heç kimə sirr deyil ki, Bakıda səhər və axşam saatlarında  nəqliyyat vasitələrinin  hərəkətində sıxlıq yaranır, bu da  tıxacların baş verməsinə gətirib çıxarır.

Tıxaclar isə o deməkdir ki, sürücülər saatlarla yollarda qalır,onlar əlavə yanacaq yandırır və psixoloji sarsıntı keçirirlər. Elə bir gün olmaz ki, sürücülər belə anlar yaşamasın.  Digər bir problem isə  nasaz avtomobillərin xarab olub, yolun ortasında qalmasıdır. Bax həmin vaxtı hərəkət intensivliyi artır və yenidən yollarda tıxaclar yaranır. Hələ bu da hamısı deyil. Belə ki, yolda xarab olub qalmış avtomobil qəzaya səbəb olur.

Bir də görürsən ki, sürücü qəza işığın yandırsa da , arxadan gələn nəqliyyat vasitəsini idarə edən diqqətsizlik edir və xarab olub yolda qalmış maşını vurur. Hətta belə anlarda zəncirvari qəzalar da baş verir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, texniki cəhətdən  nasaz avtomobillərin yolun hərəkət hissəsində qalması böyük təhlükə mənbəyidir.

Onu görə də yol polisi çalışır ki, belə avtomobilləri vaxtında yoldan çıxarsın ki, qəza baş verməsin. Ümumiyyətlə, hər bir sürücü anlamalıdır ki, nasaz avtomobillə mənzil başına getməsin. Çünki belə vəziyyətdə nəqliyyat vasitələri həm qəza törədə bilər, həm də atmosferə normadan artıq zərərli qazlar atar. Bir sözlə, sürücülərə tövsiyə edirik ki, yol hərəkəti qaydalarına əməl etsinlər, avtomobildəki  mövcud texniki nasazlığı  vaxtında aradan qaldırsınlar və yarıyolda qalmasınlar!

Emil Faiqoğlu