06 Yanvar 2025 11:07
233
SİYASƏT

Petrosyanın etirafları da təsdiqləyir ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın terrorçu Serj Sarkisyandan heç bir fərqi yoxdur. Özünü “demokrat”, “liberal” adlandıran Petrosyanın 1993-cü ilin yayında – Ağdamın işğalından sonra “Yerkapa” terror təşkilatının üzlvləri ilə görüşdə səsləndirdiyi etiraflarla əsl faşist mahiyyətini ortaya qoyub. Aydın olur ki, Petrosyan Azərbaycanlıların indki Ermənistanda və Qarabağda etnik təmizləməyə məruz qalmasına birbaşa dəstək verib. 

Azərbaycanlıların indiki Ermənistan və Qarabağda yaşamasını “600 illik problem” hesab edən Petrosyanın fərziyyələrinə görə, 1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması başlamasaydı, guya Ermənistan  müstəqil ola bilməzdi. O, eyni zamanda Qərbi Azərbaycanın Vardenis, Masis və Amasya rayonlarında, eyni zamanda Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etdiyini də bildirib. Petrosyanın etirafları da təsdiqləyir ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. O vaxt ermənilərin əsas qorxusu Zəngəzuru, şimal-şərq rayonları, Göyçə gölünün sahillərini qorumaqla bağlı çətinliklərin yaranması və çoxluq təşkil edən azərbaycanlılara bir neçə muxtariyyət verilməsi ilə bağlı olub. 

Petrosyan da etiraf edir ki, bu problemi “azərbaycanlılarsız Ermənistan” ideologiyasının reallaşması ilə həll ediblər. “Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ ), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir” deyən Petrosyan eyni cinayətləri Qarabağda da davam etdirdiklərini etiraf edib. 
Danışıqlar dövründə guya münaqişənin tezliklə həllinə tərəfdar olduğuna dair görüntü yaradan Petrosyan hər zaman Qarabağ məsələsinin Kipr məsələsi kimi uzanmasında maraqlı olub.  

Bu illər ərzində özünü liberal, sülhpərvər göstərməyə çalışan Petrosyanın bu etirafları erməni rəhbərlərin faşist xislətinin heç vaxt dəyişmədiyini bir daha təsdiqləyir. Təbii ki, bu cür mərkli planları Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində məhv etmək mümkün oldu. Ərazi bütövlüyü və suverenliyini öz gücü hesabına bərpa edən Azərbaycanın hədəfi Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququnu bərpa etməkdir. 

Qərbi Azərbaycana qayıdış yeni dövrün əsas hədəf və prioritetləri sırasındadır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim hədəflərimiz strateji, taktiki, qısamüddətli, həm də uzunmüddətlidir. Dəfələrlə deportasiyaya məruz qalan həmvətənlərimizin hüquqularının təmin olunması istiqamətində addımlar atılır. Ermənistanın bu məsələdə radikal mövqe tutmasına rəğmən Qayıdış konsepsiyasının bütün prinsipləri müvafiq platformalarda gündəmə gətirilir. Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizlik, bu ədalətsizliyin nəticələri heç bir halda qəbul edilə bilməz.