Tərlanə Yaqubqızının ŞEİRLƏRİ

Güllələndilər
Demə tələbəydi, demə şagirddi,
Hamısı qəhrəmandı, hamısı igiddi.
O qanlı gecədə Allah şahiddi,
Say- seçmə igidlər güllələndilər.
Əlləri silahsız, əlləri yalın
Çıxdı qarşısına qorxmadan tankın.
Şəhid şairləri Azərbaycanın-
Cavadlar, Ülvilər güllələndilər.
"Günah"ı xalqına sədaqət oldu,
Azadlıq hissinə məhəbbət oldu.
Ay Allah, bu necə şəhadət oldu?
Arzular, ümidlər güllələndilər.
Düşmən yeriklədi insan ətinə,
Axtardığı fürsət düşdü əlinə.
Heç fərq də qoymadı milliyyətinə,
Gəlmələr, qəriblər güllələndilər.
Anam Azərbaycan matəm saxladı,
Uğrunda öldüyü torpaq ağladı.
Deməyin bu yara qaysaq bağladı.
O gecə təbiblər güllələndilər.
Şəhidlər
İgid Koroğlunun nəvələriydi,
Hərəsi bir evin ümid yeriydi.
Hələ toy libası geyinməliydi,
Əyninə kəfəni seçdi şəhidlər.
Yersizlər yerliyə meydan oxudu,
Yeridib tankları, guya qorxutdu.
Götür-qoy etməyə zaman yox idi,
Şirin canlarından keçdi şəhidlər.
Cismi torpaqdaykən, özləri sağdı,
Haqqın dərgahında üzləri ağdı.
Ruhları Vətəni qoruyacaqdı!
Millətə qüvvədi, gücdü şəhidlər.
Daha köləlikdən yorulmuşdular,
Namusa, qeyrətə boğulmuşdular.
Bu xalqın içində doğulmuşdular,
Bu xalqın qəlbinə köçdü şəhidlər.
Yeddi oğul
Yeddi igid oğul var, bir lövhədən boylanır,
Bir məktəbdə oxuyub, boya- başa yetmişlər.
Düşmən doğma Vətənə hücum etdiyi zaman
Yeddi oğul könüllü əsgərliyə getmişlər.
Stadionda, həyətdə, sinif otaqlarında
Onların şən gülüşü, səsi qalıb bəlkə də.
Neçə illər keçsə də bu məktəb yollarında
Onların ayağının izi qalıb bəlkə də.
Dərs qurtarır, hamını yola salır gözləri,
Təkcə bu yeddi oğul evinə gedə bilmir.
Doğma torpaq uğrunda şəhid olub özləri,
İndi doğma məktəbə ruhları keşik çəkir.
Digər Xəbərlər
28 Oktyabr 2025 12:13 Rəvanın otağı – susan divarların danışdığı qəhrəmanlıq dastanı
27 Oktyabr 2025 08:44 Zəka Vilayətoğlu – Yaradıcılığın Yeni Zirvəsində
25 Oktyabr 2025 13:42 Sərhat Kabaklı imzası, şeirləri və şeirlərin pozitiv aurası
24 Oktyabr 2025 10:13 "Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb"
23 Oktyabr 2025 10:10 Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü gördü
23 Oktyabr 2025 09:46 Əbülfət Mədətoğlu: GÜN KEÇDİ
22 Oktyabr 2025 16:46 “Əkinçi” qəzetinin 150 illiyi Aran filialında təntənə ilə qeyd olundu - FOTOLAR
21 Oktyabr 2025 16:33 

Bakı -°C 






