adalet.az header logo
  • Bakı -°C
04 Dekabr 2025 14:56
66
MARAQLI
A- A+

Elm itlərə olan sevgimizi necə izah edir?

Canavarlardan bugünkü ailə yoldaşlarına qədər minilliklər boyu davam edən bir səyahət.

Bəs itlər necə əhliləşdirilib və niyə onlarla bu qədər güclü bir əlaqəmiz var?

Bəzən inanmaq çətindir, amma bütün itlərin, hətta Çihuahu cinsi olan itlərin də əcdadlarının canavarlar olduğu bildirilir. 

Onların qədim əcdadlarının artıq nəsli kəsilib və ən yaxın qohumları boz canavarlardır. Boz canavarlar isə bu gün də vəhşi təbiətdə gəzən güclü yırtıcılardır.

Bəs canavarlar bizə bu qədər yaxın yaşamağa hansı məqamda başladılar və niyə itlər dünyada bu qədər sevilir?
İtlərin insanlar tərəfindən əhliləşdirilən ilk heyvanlar olduğuna inanılır.

Qədim it DNT-si üzərində 2017-ci ildə aparılan bir araşdırma  onların çox güman ki, 20.000 ilə 40.000 il əvvəl Avropadakı tək bir nöqtədən təkamül keçirdiklərini müəyyən edib. Əvvəllər itlərin minlərlə kilometr aralıda yerləşən iki ayrı canavar populyasiyasından təkamül keçirdiyi düşünülürdü. Lakin ilk itlərin canavarlardan necə əhliləşdirildiyi hələ də tədqiqat və müzakirə mövzusudur. Bununla bağlı çoxsaylı nəzəriyyələr mövcuddur.

İlk nəzəriyyələrdən biri insanların canavarlar balalarını saxlayaraq və böyüdərək əhliləşdirdiyidir. Bu nəzəriyyəyə görə, daha az aqressiv balalar ovçuluğa kömək etmək üçün seçilib yetişdirilirdi.

Başqa bir nəzəriyyədə isə canavarların özlərini əhliləşdirdiyi deyilir. Bu nəzəriyyəyə görə, daha az ehtiyatlı canavarlar yemək tapmaq üçün insan məskənlərinə yaxınlaşırdılar. Onda isə bir anda insanlar bu münasibətin hər iki tərəfə fayda verdiyini anlayıblar.

Min illərdir insanlar ovçuluq və çobanlıq kimi müəyyən xüsusiyyətlərdən istifadə etmək üçün itləri selektiv şəkildə yetişdirirlər. Onlar bələdçi itlərdən tutmuş hava limanlarında şübhəli bağlamaları iyləməyə qədər müxtəlif sahələrdə çalışırlar.

İnsan müdaxiləsi sayəsində bu gün yüzlərlə fərqli it növü mövcuddur.

Nyukasl Universiteti tərəfində 2020-ci ildə ev heyvanları qəbiristanlığı daşları üzərində aparılan bir araşdırma ilk ev heyvanları qəbiristanlığının 1881-ci ildə açılmasından bəri itlərə münasibətimizdə əhəmiyyətli bir dəyişiklik olduğunu aşkar etmişdir. Tədqiqata görə, 19-cu əsrin böyük hissəsini əhatə edən Kraliça Viktoriyanın hakimiyyəti dövründəki məzar daşlarında ev heyvanları dost və yoldaş kimi təsvir edilmişdir. Lakin, sonrakı dəfnlərdən qalan məzar daşlarında heyvanlar ailə üzvləri kimi xatırlanmağa başlamışdır. Bu münasibət İkinci Dünya Müharibəsindən sonra daha da güclənmişdir.

Vasif