adalet.az header logo
  • Bakı -°C
17 Dekabr 2025 12:31
71
SİYASƏT
A- A+

“Prezidentin Birləşmiş Ərəb Əmirliyinə səfəri iki ölkə arasındakı münasibətlərin...” 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Azərbaycan ilə BƏƏ arasında siyasi və  iqtisadi əlaqələrin son illər daha da dərinləşməsi müşahidə olunur. İki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub”. 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, 2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 dəfə artasa da mövcud rəqəm potensialı tam əhatə etmirdi: 

“Bu ilin ilk 10 ayında iki ölkə arasında ticarət dövriyyəsi 147 milyon 490 min dollara çatıb. Bu isə o deməkdir ki, Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi bu ilin ilk 10 ayında bütövlükdə 2024-cü ilə nisbətən 66 faiz artıb. BƏƏ ilə ticarətdə Azərbaycan 40 milyon dollarlıq müsbət saldoya malikdir. Bu isə BƏƏ-nin qeyri-neft ixracatımızda yeni destinasiyalardan birinə çevrilməkdə olduğundan xəbər verir. Dövlətlər arası münasibətlərin dərinləşməsinin növbəti illərdə ticarət dövriyyəsində daha çox artımlar ilə müşahidə olunacağı gözlənilir. Qeyri neft-qaz ixracat bazarlarının şaxələndirilməsi baxımdan sözügedən ölkə ilə əməkdaşlıq olduqca vacibdir. Bu ilin ilk 10 ayında 2 milyard 988 milyon dollarlıq qeyri-neft qaz ixracatının 3.1 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb. Bununla yanaşı, BƏƏ Azərbaycanda yaşıl enerjiyə sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir. Tərəflər arasında innovativ sahədə əməkdaşlıq daha güclənməkdədir”. 

V.Bayramovun sözlərinə görə, son illər Azərbaycan yaşıl enerji sektoruna 1 milyard dollardan çox sərmayə yönəldib:

“Bu investisiyaların əhəmiyyətli hissəsi körfəz dövlətlərinin payına düşür. Bu baxımdan, alternativ mənbələrdən enerji istehsalında Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın daha da güclənəcəyi gözlənilir. BƏƏ Azərbaycanın işğaldan azad olunan ərazilərinə sərmayə yönəltməkdə maraqlı olan dövlətlərdəndir. Bu sahədə də əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. Bu Qarabağın iqtisadiyyatın inkişafı və re-inteqrasiyası prosesində BƏƏ-nin rolunu daha da artıra bilər. Bütövlükdə, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliyinə səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq”.

Vasif ƏLİHÜSEYN