adalet.az header logo
  • Bakı -°C
09 Noyabr 2026 12:34
76
SİYASƏT
A- A+

Azərbaycan Bayrağı – dövlət suverenliyi və milli həmrəyliyin təcəssümü

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamla təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunmasını rəsmiləşdirib. Bu tarixin seçilməsi təsadüfi deyil. Məhz 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə Azərbaycanın üçrəngli Dövlət Bayrağı qəbul edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayraq xalqımızın müstəqil dövlət qurmaq iradəsinin və milli özünüdərkinin rəmzinə çevrildi. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutuna baxmayaraq, üçrəngli bayrağımız xalqın yaddaşından heç vaxt silinmədi.
70 ildən sonra Azərbaycan dövlətçilik tarixində mühüm hadisə baş verdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımız yenidən qaldırıldı. Bu qərar milli dövlətçilik ənənələrinin bərpası və Azərbaycanın gələcək müstəqilliyinə aparan yolun mühüm siyasi hadisələrindən biri idi.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul edildi. Həmin il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi təsdiqləndi, onun dövlət rəmzləri, o cümlədən üçrəngli bayrağı bərpa olundu.

Beləliklə, üçrəngli bayrağın yenidən dövlət rəmzi kimi qəbul edilməsi Azərbaycan xalqının tarixi dövlətçilik iradəsinin, milli azadlıq mübarizəsinin və müstəqil yaşamaq əzminin siyasi ifadəsi idi.

Azərbaycan Dövlət Bayrağının hər bir rəngi dərin ideoloji məna daşıyır. Əslində, burada Şərq və Qərb mədəniyyətlərinin, milli ənənələrlə müasir inkişafın, tarixi köklərlə gələcək hədəflərin vəhdəti öz əksini tapır.

Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş 300-dən çox yaşayış məntəqəsində ucaldı. Bu mənzərə Azərbaycan xalqının onilliklər ərzində gözlədiyi tarixi ədalətin təntənəsi idi. Vaxtilə işğal nəticəsində endirilmiş bayrağımızın yenidən doğma torpaqlarımızda dalğalanması milli qürur və tarixi yaddaş baxımından misilsiz əhəmiyyət daşıyırdı. Dövlət Bayrağı Gününündən 1 gün öncə- 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunduğunu və üçrəngli bayrağımızın şəhərdə ucaldıldığını bəyan etdi.

2023-cü il sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltdı. Beləliklə, üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində dalğalanır.

Bu gün Azərbaycan Bayrağı beynəlxalq arenada da müstəqil və güclü dövlətin rəmzi kimi tanınır. 

Xüsusilə, Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəltməsi daha böyük mənəvi məna daşıyır. Çünki bu bayraq artıq qalib, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın rəmzi kimi dünyanın müxtəlif ölkələrində dalğalanır.

Könül Nurullayeva,

Milli Məclisin deputatı