TAPIN VƏ «NABAT» FİLMİNƏ BAXIN
                            Fevralın 26-sı kanalların birində (deyəsən, ATV-də idi) çox maraqlı bir Azərbaycan filminə baxdım. Sözün düzü, əvvəllər bir-iki dəfə bu filmə baxmaq istəmişdim, amma dinamika olmadığına görə, yeknəsəkliyi məni sıxmışdı, sonadək baxmamışdım.
Fevralın 26-da isə Xocalı soyqırımı məni bu filmə sonadək baxmağa məcbur elədi, hərçənd ki, film çox gec başlamışdı.
Müharibə haqqında belə ciddi, maraqlı bir film çəkmək, müharibə faciələrinə tamamilə başqa bir yöndən yanaşmaq əsl rejissor işidir ki, Elçin Musaoğlu da bu işin öhdəsindən məharətlə gəlib. Filmdə dörd obraz var – gəlin, xəstə həyat yoldaşı, sürüdən ayrı düşmüş bir qurd (canavar yox, qurd. Əgər o canavar olsaydı gəlini parçalayardı, qurd isə insan yemir. Ona görə də türklər onu özlərinə totem seçiblər), bir də gəlinin Ağca adlı inəyi və ümid yeri.
Bütün kənd köçüb, yalnız gəlin xəstə həyat yoldaşını qoyub getmək istəmir. Və haçansa camaatın geri dönəcəyinə inanır. Gəlin hər axşam durub ocaqları və işıqları sönmüş kənddəki evlərin lampalarını yandırır və özü də qoyur pəncərənin qabağına ki, uzaqdan görünsün. Hətta axırda lampaların nöyütü də azalır, yenə gəlin usanmır, lampalardakı nöyütləri paylaşıb yandırır.
Filmdə belə bir kadr var, qurd həyətdəki quyuya düşür. Gəlin əvvəlcə onu tüfənglə vurmaq istəsə də sonra fikrindən vaz keçir. Şərait yaradır ki, qurd quyudan çıxsın, sonra da quyunu doldurur ki, qurd bir də ora düşməsin. Və qurd da gəlib dəfələrlə gəlini kənardan müşayiət edir.
Kinoşünas deyiləm ki, filmi təmiz detallarınadək açım, həm də filmi bütöv danışmağa həvəsli də deyiləm, tapın baxın. Görün oğullar necə film çəkib. Gəlin obrazını canlandıran Fatimə Motamed Arya xanıma da xüsusi təşəkkür düşür.
Nədənsə bu filmi izləyəndə gözümün qabağına Natiq Qasımov gəldi. O Natiq ki sona qədər ermənilərlə vuruşur və axırda məcburən əsir düşür. Amma nə qədər döysələr də əlindəki Azərbaycan bayrağını atmır. Natiqin baxışlarından bir əsər yazmaq mümkündür. Gəlinin də baxışları mənə Natiqin baxışlarını xatırlatdı.
Bu xanım da kənddəki evlərin lampalarını yandırmaqla ermənilərlə belə savaşır. Tək qalır, amma yenə də kəndi tərk eləmir. Filmin ideyası çox xoşuma gəldi.
Allah bir daha bizim lampaları sönməyə qoymasın.
Elçin Musaoğluna və filmin yaradıcı heyətinə təşəkkürlərlə:
Aqil ABBAS
Digər Xəbərlər
        
        04 Noyabr 2025 11:01
    
    Zəka Vilayətoğlu - SEÇİLMİŞ MAHNILAR
        
        31 Oktyabr 2025 18:05
    
    Xalq artisti xəstəxanaya yerləşdirildi
        
        31 Oktyabr 2025 17:22
    
    “Dünyanı uşaqlara verək!”
        
        30 Oktyabr 2025 15:21
    
    Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi - FOTOLAR
        
        30 Oktyabr 2025 08:26
    
    Leyla Əliyeva "Hirkan" filminin təqdimatında
        
        28 Oktyabr 2025 11:49
    
    Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
        
        27 Oktyabr 2025 14:05
    
    Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
        
        27 Oktyabr 2025 11:28
    
    

                                Bakı -°C
                            
    
            
            
            
            
            