Tarixin dönüş nöqtəsi
2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti və dövlətin siyasi iradəsi nəticəsində Ağdam zəfər yolu ilə azad edildi
Azərbaycanın Qarabağ uğrunda apardığı Vətən müharibəsi təkcə torpaqların azad edilməsi ilə nəticələnmədi. Bu müharibə Azərbaycanın dövlətçilik tarixində qəhrəmanlıq, birlik və milli həmrəylik nümunəsi kimi əbədi silinməz iz qoydu. Qarabağın qədim şəhərlərindən olan Ağdamın azad edilməsi isə bu zəfərin ən mühüm mərhələlərindən biri oldu.
20 Noyabr – Ağdam şəhəri günü həmin tarixi hadisənin, qələbənin və bu qələbəni təmin edən igidlərin xatirəsini yaşadan əlamətdar gündür. Bu gün Ağdamın keçmişini yada salmaq, bu torpağın Azərbaycan üçün əhəmiyyətini vurğulamaq və gələcəyinə işıq tutmaq baxımından xüsusi dəyər daşıyır. Ağdam rayonu 1930-cu ildə yaradılan sadəcə inzibati vahid deyil — bu torpaq Azərbaycanın tarixi irsinin, Qarabağın ruhunun, mədəniyyətin və Vətən sevgisinin daşıyıcısıdır.
1993-cü ilin yay ayları Qarabağ müharibəsinin ən qanlı dövrlərindən biri idi. Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində geniş hücuma keçərək, rayonu əməliyyat cəbhəsinə çevirdilər. Bütün qüvvələrini səfərbər edən Ağdamın müdafiəçiləri böyük qəhrəmanlıq göstərsələr də, ağır silah və xarici dəstək alan işğalçı qüvvələr qarşısında bölgə böyük itkilər verdi. Nəticədə 1993-cü il 23 iyul — Ağdam rayonunun 73 faizi işğal edildi. Bu işğalın miqyası və yaratdığı faciə Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri hesab olunur. Ərazinin böyük hissəsi düşmən nəzarətinə keçdi. 1094 kvadrat kilometr ərazisi olan Ağdam rayonunun 882 kvadrat kilometri, rayon mərkəzi də daxil olmaqla 90 kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bu, təkcə xəritədə bir ərazinin itirilməsi deyildi. Bu, Ağdamın bütün infrastrukturu, tarixi-mədəni irsi və əhalisinin taleyinin dəyişməsi demək idi.
İşğal Ağdamda böyük bir humanitar dəhşət yaratdı; 128 min insan öz doğma yurdundan zorla didərgin salındı. Əhali Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdırıldı. Bir göz qırpımında öz həyatı, torpağı, evi, malı, həyatı dağılan insanlar illərlə çadır şəhərciklərində ağır şəraitdə yaşamağa məcbur oldular. Bu, təkcə fiziki deyil, eyni zamanda mənəvi bir faciə idi. Ağdam təkcə yaşayış məskəni yox, həm də Azərbaycan mədəniyyətinin önəmli mərkəzlərindən biri idi. İşğal həm insanları, həm tarixi, həm də mədəniyyətin özünü hədəf aldı. İşğal nəticəsində 38 kolxoz, 12 sənaye obyekti, 74 məktəb, 271 mədəniyyət evi, 67 idarə, 99 klub, dünyada yeganə olan Çörək Muzeyi tamamilə dağıdıldı və talan edildi. Ağdam Çörək Muzeyi bəşəriyyətin ən unikal mədəniyyət nümunələrindən biri olsa da, işğalçı qüvvələr tərəfindən yandırıldı və yerlə-yeksan edildi. Bu əsl mədəni vandalizmin bariz nümunəsi idi. İnsani itkilər daha ağır idi. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan inanılmaz itkilər verdi: 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. Şəhidlər arasında hərbçilərlə yanaşı, qadınlar, uşaqlar, yaşlılar da var idi. Ağdam Azərbaycan üçün həm qəhrəmanlıq, həm də böyük ağrı yeri oldu. İşğaldan sonra Ağdamın mənzərəsi dünyada şəhər məhv edilməsinin ən dəhşətli nümunələrindən biri kimi yadda qaldı. Şəhər tamamilə dağıdılmış, evlər yer üzündən silinmiş, məscidlər təhqir edilmiş, qəbiristanlıqlar dağıdılmışdı. Bu, yalnız müharibə yox, sistematik vandalizmin nəticəsi idi.
2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti və dövlətin siyasi iradəsi nəticəsində Ağdam zəfər yolu ilə azad edildi. Bu dəfə rayon döyüşlə deyil, siyasi qələbə nəticəsində Azərbaycana qaytarıldı. Bu qələbəni mümkün edənlər isə məhz “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunan minlərlə igid döyüşçü idi. “Ağdamın azad olunmasına görə” medalı Azərbaycan tarixində xüsusi yer tutan dövlət təltiflərindən biridir. Bu medal həm Vətən müharibəsində göstərilən qəhrəmanlığın, həm də Ağdamın azad olunması kimi strateji qələbənin əbədiləşdirilməsidir.
Uzun illər işğal altında qalan Ağdamın 2020-ci ildə azad olunması 20 Noyabrı həm də Böyük Qayıdışın başlanğıcı kimi tarixə yazdı. Bu gün Azərbaycan xalqı Ağdamın yenidən dirçəlməsini, şəhərin və rayonun bərpasını bir Zəfər nümunəsi kimi qeyd edir. Bu günün qeyd olunması Ağdamın tarixi kimliyinin qorunması, şəhərin və rayonun yenidən qurulmasının rəmzi, torpağa qayıdışın başlanğıcı və Qarabağın bərpasında Ağdamın aparıcı rolunun vurğulanmasıdır. Bu gün Ağdamda şəhərin Baş Planı həyata keçirilir, yollar, kommunikasiya xətləri, yeni yaşayış massivləri salınır, tarixi abidələr bərpa olunur. Böyük Qayıdış proqramı çərçivəsində sakinlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Ağdam artıq işğalın dağıntıları ilə deyil, dirçəlişin, quruculuğun və gələcəyə inamın rəmzi kimi qəbul edilir. Ağdam artıq təkcə tarix və mədəniyyət şəhəri deyil, gələcəyin sənaye və texnologiya mərkəzinə çevrilməkdədir. Bu bərpa prosesi həm də Ağdamın yeni dövrdə yenidən Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyinin göstəricisidir.
Ağdamda Prezident İlham Əliyevin səfərləri ilə bağlı bir çox infrastruktur layihəsi aktiv şəkildə icra olunur. Bu layihələr yalnız fiziki bərpa deyil, həm də strateji reinteqrasiya deməkdir: Ağdam nəqliyyat qovşağına çevrilir, enerji sistemləri modernləşdirilir, mədəniyyət mərkəzləri formalaşır və insanlar öz doğma yurdlarına qayıdaraq yeni həyat qururlar. Prezidentin səfərləri dövlətin Qayıdış Proqramına olan ciddi bağlılığını nümayiş etdirir: rəhbərlik işğaldan azad olunmuş torpaqların tezliklə yenidən məskunlaşdırılması, sosial və iqtisadi aktivliyin bərpa edilməsini prioritet kimi götürür. Prezident İlham Əliyevin Ağdama səfərləri yalnız rəmzi xarakter daşımır — onlar bərpa prosesinin sürətləndirilməsi, infrastrukturun yenidən qurulması və Ağdamın gələcəkdə regionun mərkəzi mədəni, iqtisadi və nəqliyyat-həyat qovşağına çevrilməsi üçün konkret addımlar deməkdir. Bu layihələr göstərir ki, Azərbaycanın rəhbərliyi işğaldan azad olunmuş torpaqlarda yalnız fiziki bərpanı deyil, həm də dayanıqlı inkişafı, insanların geri dönüşünü və Ağdamın yeni, müasir simasını qurmaqda qərarlıdır.
20 Noyabr – Ağdam şəhəri günü isə bu qədim yurdun yenidən doğuluşunu, onun əzəli sahiblərinə qayıdışını və gələcəyə inamını simvolizə edir. Bu gün həm də müzəffər Azərbaycan Ordusunun şücaətini əbədiləşdirmək üçün yaradılan xüsusi dövlət təltiflərinə işıq salır. Ağdam dünənin şəhəri olduğu kimi, bu günün qüruru, sabahın isə parlaq ümididir. Ağdam bir daha sübut edir ki, bu torpaqların sahibləri geri döndü və burada həyat yenidən çiçəklənəcək.
Aybəniz Rüstəmova,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


Bakı -°C

