adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2025 10:32
63
ANALİZ
A- A+

Dövlətin əsas məqsədi xalqın rifahıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni təyin olunan icra başçıları ilə görüşü ölkənin idarəetmə sistemində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Bu cür görüşlər təkcə inzibati xarakter daşımır, həm də dövlət başçısının bölgələrin sosial-iqtisadi inkişafına, yerli idarəetmənin məsuliyyətli və şəffaf fəaliyyətinə verdiyi böyük önəmi bir daha nümayiş etdirir. Prezidentin çıxışında vurğulanan əsas məqamlar yeni icra hakimiyyəti başçılarının fəaliyyət istiqamətlərinə, vəzifə məsuliyyətinə və xalqla sıx təmasda olma zərurətinə dair mühüm göstərişlər idi.

Dövlət başçısı qeyd etdi ki, icra başçıları dövlətin yerlərdəki simasıdır və onların hər bir addımı xalq tərəfindən yaxından izlənilir. Bu səbəbdən əsas məqsəd vətəndaşlara xidmət etmək, onların sosial rifahını yüksəltmək, yerli problemlərin həllinə operativ yanaşmaq olmalıdır. Prezident vurğuladı ki, korrupsiya və yerli səviyyədə sui-istifadə hallarına qarşı barışmaz mövqe tutulmalı, idarəetmədə şəffaflıq, məsuliyyət və hesabatlılıq prinsipləri əsas götürülməlidir.

Görüş zamanı Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, bölgələrin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində görülən işlər ölkənin ümumi tərəqqisinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm təsir göstərmişdir. Yeni təyin olunan icra başçılarına bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirmək, yerli resurslardan səmərəli istifadə etmək, kənd və şəhərlərdə infrastrukturun yenilənməsi, məşğulluğun artırılması kimi məsələlərdə fəallıq nümayiş etdirmək tapşırılmışdır.

Bu görüşün ictimai əhəmiyyəti, ilk növbədə, dövlət və xalq arasında birbaşa əlaqənin möhkəmlənməsi ilə bağlıdır. Prezidentin açıq şəkildə qarşıya qoyduğu məqsədlər göstərir ki, mərkəzi və yerli idarəetmə orqanları arasında koordinasiya gücləndirilməli, hər bir qərar xalqın mənafeyinə xidmət etməlidir. Bu, həm də cəmiyyətin dövlətə olan etimadının artmasına, vətəndaş iştirakçılığının genişlənməsinə şərait yaradır.

Digər tərəfdən, belə görüşlər dövlət qulluqçularında məsuliyyət hissini daha da gücləndirir. Prezidentin verdiyi tövsiyələr və tapşırıqlar icra başçılarının fəaliyyətində yeni mərhələnin başlanğıcını qoyur. Artıq hər bir yerli rəhbər anlayır ki, onların fəaliyyəti konkret nəticələrlə – bölgənin inkişaf göstəriciləri, əhalinin məmnunluğu və şəffaf idarəçilik prinsiplərinə əməl olunması ilə ölçüləcəkdir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin yeni təyin olunan icra başçıları ilə görüşü ölkədə idarəetmənin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna əsaslanan dövlət siyasətinin daha səmərəli həyata keçirilməsi baxımından böyük ictimai əhəmiyyət daşıyır. Bu görüş həm də Azərbaycan dövlətinin əsas məqsədini – xalqın rifahına, milli həmrəyliyə və davamlı inkişafa xidmət edən, ədalətli və məsuliyyətli idarəetmə sisteminin formalaşdırılmasını bir daha təsdiqlədi.

Əminə Ağazadə

Milli Məclisin deputatı