adalet.az header logo
  • Bakı -°C
21 Oktyabr 2026 23:10
75
DÜNYA
A- A+

ABŞ-Rusiya-Ukrayna xəttində təcili danışıqlar - Əbu-Dabi variantı gündəmdə

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdən sonra Oslonun “Gardermoen” hava limanında təyyarəsinin göyərtəsində Norveçin Baş naziri Yonas Qar Störe ilə təcili görüş keçirib.

Adalet.az Norveçin NRK kanalına istinadən xəbər verir ki, bir saatdan çox davam edən danışıqlardan sonra Uitkoff ABŞ-yə yola düşüb.

ABŞ-nin xüsusi elçisi Putinlə aparılan danışıqların yekunlarını Störe ilə bölüşmək üçün Osloda qısa fasilə verib. Görüşdən sonra Uitkoff sosial şəbəkə hesabında paylaşım edib:

“Qarşıda hələ vacib işlər dursa da, Prezident Donald Tramp müharibəni dayandırmaq əzmindədir”.

Norveçin Baş naziri Yonas Qar Störe isə bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında yeni üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub:

“Bu görüşdə müharibə başa çatdıqdan sonra ölkələr arasında təhlükəsizlik sistemi müzakirə olunacaq. Hesab edirəm ki, bu, məqsədə doğru atılmış vacib bir addımdır”.

Störe son həftələrdə bu təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpası planı üzərində iş aparıldığını, Uitkoffun məhz bu layihələrlə Putinlə görüşə getdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Kremldən də yeni danışıqların mümkünlüyü təsdiqlənib və bu görüşün noyabrın 10-u ərəfəsində baş tuta biləcəyi qeyd olunub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin üçtərəfli məsləhətləşmələri bərpa etməyə prinsipcə hazır olduğunu və görüş yeri kimi Əbu-Dabi şəhərinin təklif edildiyini bildirib.

Norveçin xarici işlər naziri Espen Bart Eide isə bu danışıqlarda Avropanın da iştirakının vacibliyini xüsusi vurğulayıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl Stiv Uitkoff Vladimir Putinlə keçirdiyi üç saatlıq görüşün nəticələrini müsbət qiymətləndirmişdi.