adalet.az header logo
  • Bakı -°C
02 Oktyabr 2026 16:59
67
GÜNDƏM
A- A+

Teymur Musayev TDT-nin səhiyyə nazirlərinin VI iclasında iştirak edib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin VI iclasında iştirak edib.

Adalet.az xəbər verir ki, iclasda Qırğızıstan, Türkiyə, Qazaxıstan və Özbəkistanın səhiyyə nazirliklərinin rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.

Teymur Musayev çıxışında Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinin, rəqəmsal həllərin tətbiqinin və qarşılıqlı məlumat mübadiləsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən TURKTRANSPLANT Vahid Məlumat Platformasının yaradılması təşəbbüsünün irəli sürüldüyünü bildirib. O, həmçinin Azərbaycanın səhiyyə sistemində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, cari ilin iyun ayında “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdim olunduğunu diqqətə çatdırıb.

İclasda Türk dövlətləri arasında vahid tibb-elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibb təhsili və elektron səhiyyə standartlarının müəyyənləşdirilməsi, eləcə də davamlı tibbi təhsilin təmin edilməsi məsələləri müzakirə olunub.

Tədbirin yekununda “TDT Səhiyyə Nazirlərinin 6-cı Toplantısının Birgə Bəyannaməsi” imzalanıb. Sənəddə dərman vasitələrinin təhlükəsizliyi və əlçatanlığı, tibbi kadrların peşəkarlığının artırılması, səhiyyədə süni intellektdən məsuliyyətli istifadə, qeyri-infeksion xəstəliklərlə mübarizə, səhiyyə infrastrukturu və əczaçılıq sənayesinə investisiyaların təşviqi kimi istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi əksini tapıb.

Tərəflər, həmçinin TURKTRANSPLANT təşəbbüsü çərçivəsində əməkdaşlığın davam etdirilməsi, ümumi tibbi turizm şəbəkəsinin inkişaf etdirilməsi, dərman vasitələri və tibbi avadanlıqların birgə satın alınması mexanizminin hazırlanması və TürkEMT təşəbbüsünün inkişaf etdirilməsi barədə razılığa gəliblər.

İclas çərçivəsində TDT-nin Baş katibi Kubanıçbek Omuralıyev, Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov və Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə ikitərəfli görüşlər keçirilib.

Səhiyyə nazirlərinin VII iclasının Türkiyədə keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində Bişkekdə yerləşən Qırğız-Türk Dostluq Xəstəxanasına da səfər edilib.