adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7
28 May 2022 14:10
1693
MÜSAHİBƏ

"Tibb yaxşılaşdıqca, təbiət də yaxşılaşır..." - MÜSAHİBƏ

Sağlıqlı yaşam hər insan üçün misli bərabəri olmayan və dünyada ən mühüm nemətlərin birincisidir. Bunun üçün insan qismən də öz həkimi olmağı bacarmalıdır. Beləliklə bu günkü mövzumuz yenə də tibb elmidir. Müsahibimiz həkim – pediatr Elza Məhərrəmovadır.

 
   
 - Lütfən haqqınızda və fəaliyyətiniz barədə məlumat verəsiniz!
 
   
 - Mən Məhərrəmova Elza 1996 – cı ildə Tibb Universitetinin Pediariya fakültəsinin məzunu olmuşam. 1997 – ci Bakı şəhəri 3 nömrəli şəhər xəstəxanasında rezidentura təhsili almışam. Və o zamandan  bu  günə qədər əvvəllər 31 nömrəli indi isə 24 nömrəli Birləşmiş şəhər xəstəxanasında pediatr olaraq çalışmışam.  Və bununla  həkimlik fəaliyyətimi bəzi özəl klinikalarda da davam etdirmişəm. Hazırda Turan klinikasında  öz həkimlik fəaliyyətimi davam etdirirəm. Bu müddət ərzində daim çalışmışam ki, öz peşəmdə daha da kamilləşim.  Tibb aləmində olan yeni məlumatlarla mütəmadi tanış oluram. Bir çox konfranslarda iştirak etmişəm.  Uşaqların qidalanması, inkişafı,  uşaqlarda davranış pozuntuları, uşaqlarda kovid 19 – un gedişi və bu kimi bir çox konfranslarda iştirak etmişəm.
 
   
 - Fəsil dəyişikliyi zamanı uşaqlar üçün həssas dönəmlər sayılır. Bir pediatr olaraq sizcə uşaqların sağlığının qorunması üçün yaz mövsümündə hansı qabaqlayıcı tədbirləri görmək vacibdir?
    
- Məlumdur ki, uşaq orqanizmi böyüməkdə və inkişafda olan orqanizmdir.  Və hələki onların orqanizmlərindəki böyümə prosesləri tam baş çatmadığı üçün uşaqlar fəsli dəyişikliklərə böyüklərdən daha çox reaksiya verirlər.  Hazırda yaz fəslində olduğumuz üçün xəstələnmə və ya yoluxma artır.  Bunların ən birinci səbəbi, mövsümü dəyişiklik və havanın dəyişməsi ilə əlaqədardır.  Məsələn bir gün ərzində bir insan bir neçə tempraturda ola bilir.  Bununla əlaqədar tempratur dəyişikliyi uşaqların orqanizminə çox təsir edir.  Belə problemlərdən ən birincisi tənəffüs sistemi ilə  bağlı olur. Uşaqlarda boğaz ağrısı, öskürək burun axtınsı və bu kimi əlamətlər ola bilər.  Başqa bir problem mövsümlə əlaqdar problemlərin olmasıdır.  Xüsusilə də yaz aylarında  bitkilərin tozlanması və s. uşaqlarda allergiya yaradan bir faktordur. Beləliklə hava amili və bitkilərin təsiri uşaqlardan yan keçmir.  Əgər uşağın irsində allergik adamlar varsa həmin uşaqlarda da allergiya olur və onlar daha həssas olur.  Bu isə uşaqlarda daha ağır formada özünü göstərir.  Məsələn allergik rinit, allergik bronxit, bronxial astma və. s. Ona görə də tövsiyyəm odur ki, analar  uşaqlarını maksimum qorusunlar. Və hətta allergik faktorlardan birini də deməliyəm. Bu da yeni meyvələrlə bağlıdır.  Misal üçün gübrələr vasitəsi ilə çiyələyin yetişdirilməsi allergiyaya səbəb ola bilir.  Ona görə valideynlər uşaqlara meyvə verərkən birinci çalışmalıdırlar ki, təbii yetişmiş meyvələr olsun və həm meyvələri yaxşı yuyub təmizlədikdən sonra uşağa verməlidirlər.  
 
 
  
  -  Uşaqlarda görülən mövsümü xəstəliklər hansılardır ?
 
   
- Mövsümi dəyişikliklərlə əlaqədar olaraq deyim ki, valideynlər çalışmalıdırlar ki, onlar uşaqlarını allergiya verən faktorlardan mütləq uzaq tutsunlar.  Məsələn çox tozlu və bitkilərin tozlandığı yerlərdə olmasınlar.  Əgər uşaqlarda allergiya varsa xüsusilə  diqqətli olsunlar. Hətta uşaqların geyiminə də allergik elementlər düşə bilər. Yaxşı olar ki, uşaqlar havada gəzdikdən sonra üzləri və əlləri yuyulsun və ya yüngül şəkildə çimizdirilsin.
 
    
- Bir həkim olaraq fikrinizcə yeni doğulmuş körpələrə qalın paltar geyindirmək nə dərəcədə düzgündür? 
 
  
- Doğulduğu gündən 28 gün ərzində uşaq yeni doğulan uşaq sayılır. Bu zaman maksimum otaqda + 24 dərəcə tempratur olmalıdır.  Ona görə ki, yeni doğulan uşaqların bədənində tempratur tez çoxalır və tez də soyuma baş verir.  Bu o demək  deyil ki,  otağı isti edib qapı – pəncərəni bağlamaq lazımdır.  Uşağın otağının havası dəyişdirilməlidir. Həmin vaxt uşağı başqa otağa aparmaq lazımdır. Öz otağının havası dəyişdikdən sonra uşaq yerinə qaytarılmalıdır.  Bir aydan sonra tempratur + 20 və 22 dərəcə olmalıdır. Otaqda həm rütubət həm də quruluq normal olmalıdır.  Otağı isidən vasitələrə diqqət etmək lazımdır. Çünki hava otaqda uşağın sağlığı üçün stabil qalmalıdır.
 
- Elə olur ki, ana südü yetərincə olmaya bilir. Ana südü kifayət etmədikdə körpəyə əlavə qida verilə bilərmi və ya bu prodedur necə olmalıdır?

- Təcrübədə belədir ki, bir ana uşaq dünyay gətirirsə demək ona süd verə bilmək imkanı da var. Lakin bəzən analar kifayət qədər məlumatlı olmadığı üçün və ya həkimlərin səhvi ucbatından analar uşağına öz südünü vermir.  O analar elə bilir ki, südü azdır. Və beləliklə də uşağa süni qidalar verirlər.  İlk növbədə ana olan şəxsi inandırmaq lazımdır ki, sənin südün körpəyə kifayət edəcəkdir. Ana südü elə bir xüsusiyyətə malikdir ki, körpə ana südü içdikcə beynə siqnallar ötürülür. Uşağın tələbatı artdıqca orqanizm daha aktiv işləyir.  Burda kifayət qədər incə məqamlar var. Ana yetərincə dincəlməlidir. Bir mif yaranıb ki, ana südünün yetərincə yağlılığı yoxdur. Ona görə də süni qidalanmağa ehtiyac var.  
  
  -  Təcrübənizə əsasən yetkin adamlarla uşaqlar arasında virusun gedişatı zamanı hansı oxşarlıq və fərqlər var?
 
 - Təbii ki, uşaq orqanizmi ilə böyük adamın orqanizmi çox fərqlidir.  Dərmanların dozası, təsiri və bədənə reaksiyası çox fərqlidir. Yəni deyə bilərəm ki,  pediatr uşaqlarla bərabər böyükləri də müalicə edə bilər. Lakin digər həkimlər heç biri uşağı müalicə etməyə səlahiyyətli deyil.   Viruslarla da bağlı vəziyyət müxtəlifdir. Uşaqlarda viruslara qarşı reaksiya böyüklərlə müqayisədə daha həssas olur.  Misal üçün bir ailədə hamı virusa yoluxursa və ya adi qızdırma keçirirsə onlardan ən pisini körpələr keçirir.   Bəzən yetkin adamlar virusa yoluxanda öz üzərlərində bir növ təcrübə aparırlar. Yəni özləri özlərini bildikləri üsullarla müalicə edirlər. Lakin böyüklər əsla uşaqlarla bağlı bu məsələdə yalnız həkimlərlə məsləhətləşməlidirlər.
 
 - Sonda valideynlərə və cəmiyyətə bir həkim kimi demək istədikləriniz!
 
 - Cəmiyyətə,  valideynlərə, nənə - babalara mesaj vermək istərdim ki, həmişə həkimlərlə əlaqələrini saxlasınlar. Adətən bəzi valideynlər türkəçarə və ya el arasında yayılmış tibbi müalicə üsullarına üstünlük verirlər. Bizə elə gəlir ki, bitkilərlə müalicə daha təhlükəsizdi. Lakin bitkilərlə müalicə həddən artıq risklidir və allergiyalara səbəb olur.  Buna görə də hamılıqla çalışmalıyıq ki, sağlığımızla bağlı hər zaman peşəkar həkimlərə müraciət edək. Çünki yalnız və yalnız düzgün müayinə və müalicə ilə yekunda müsbət nəticə əldə etmək olur. Hər kəsə sağlıqlı həyat arzu edirəm.
 
- Maraqlı müsahibə üçün sizə təşəkkür edirəm. Həkimlik fəaliyyətinizdə daha çox uğurlar arzu edirəm.
 
- Mən də sizə təşəkkür edirəm. Sağ olun.
 
Söhbətləşdi: Bünyamin Bünyadzadə