Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard ABŞ dollarından çox həcmdə investisiyanın cəlb edilməsinə ehtiyac var, eyni zamanda yatırımların prioritet istiqamətləri dəmir yolu şəbəkələri, dəniz limanları və giriş yollarıdır.
Adalet.az Report-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının "İnteqrasiya: Transxəzər Nəqliyyat Marşrutu boyunca yüksək səviyyəli ticarət logistikası" adlı hesabatında bildirilib.
"Ən əhəmiyyətli investisiya layihələrinin böyük hissəsi dəhliz üzərində yerləşən dövlətlərdə hazırda icra mərhələsindədir və ya hazırlığın qabaqcıl mərhələsindədir. Eyni zamanda, rəqabət qabiliyyətinin davamlı yüksəldilməsi, yükdaşıma həcminin artırılması və iqtisadi təsirin gücləndirilməsi dəhlizin effektivliyinin artırılmasını, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini və bütün iştirakçı ölkələrdə institusional islahatların aparılmasını tələb edəcək. Bundan başqa, təxminən 30 milyard ABŞ dolları dəhlizi milli iqtisadiyyatlara qovuşduran birləşdirici avtomobil və dəmir yolları, yük hərəkətini sürətləndirmək məqsədilə logistika qovşaqları və daxili terminallar, eləcə də bütün nəqliyyat şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin edən logistika avadanlıqları - hərəkət heyəti (lokomotivlər və vaqonlar), yükləmə-boşaltma texnikası və rəqəmsal platformalar da daxil olmaqla, "təminedici" investisiyalara sərf olunmalıdır", - hesabatda vurğulanıb.
Bankın məlumatına görə, dəhlizin son nəticədə uğuru sərhəd keçidlərində gecikmələrin minimuma endirilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması, nəqliyyat qovşaqlarının fəaliyyətinin koordinasiyası və sabit xidmətin göstərilməsi üçün ölkələrin və operatorların birgə əməkdaşlığını nə qədər səmərəli təşkil etməsindən asılı olacaq.
"Hökumətlər, nəqliyyat operatorları və özəl sektor arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi marşrutun etibarlılığının yüksəldilməsi, kapital investisiyalarının cəlb edilməsi və dəhlizin genişmiqyaslı iqtisadi artım platformasına çevrilməsi üçün zəmin yaradacaq", - bankın ekspertləri hesab edir.
Hesabatda dəhlizin idarə edilməsinin və istismarının yaxşılaşdırılması üçün dörd əsas istiqamət müəyyən edilib: pərakəndə kağız sənəd dövriyyəsini nəqliyyat, tranzit və ticarət məlumatları üçün "vahid pəncərə" ilə əvəz etmək üçün nəzərdə tutulan dəhlizin vahid rəqəmsal platformasının yaradılması; konteyner və dəniz xidmətlərinin birbaşa əlaqələndirilməsini təşkil etmək üçün inteqrasiya olunmuş, bazara yönəlmiş birgə müəssisənin - konteyner dəmir yolu və Xəzər dənizi daşımaları operatorunun formalaşdırılması və ya səlahiyyətləndirilməsi; səmərəlilik göstəricilərinin monitorinqi, dar sahələrin aradan qaldırılması və birgə həll yollarının işlənib hazırlanması üçün bütün marşrut səviyyəsində koordinasiyanın gücləndirilməsi; dövlət dəmir yolu, liman və gəmiçilik şirkətlərinə daha çox kommersiya prinsipləri əsasında fəaliyyət göstərməyə imkan verən korporativ idarəetmənin təkmilləşdirilməsi, maliyyə dayanıqlığının təmin edilməsi və tənzimləyici dəyişikliklər vasitəsilə dəhliz operatorlarının modernləşdirilməsi.
"Dəhlizin tam potensialının üzə çıxarılması dövlət sərhədlərindən yüklərin daha sürətli, proqnozlaşdırıla bilən və rahat hərəkətini təmin edəcək praktik addımlardan asılıdır. Daha yaxşı inteqrasiya olunmuş dəmir yolları, limanlar, logistika mərkəzləri və rəqəmsal sistemlər ölkələr və operatorlar arasında dərinləşdirilmiş koordinasiya ilə birlikdə TBNM-i biznes üçün rəqabətqabiliyyətli marşruta və regional inkişafın dayanıqlı platformasına çevirməyə qadirdir", - deyə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə regional direktoru Çarlz Kormye bildirib.
Digər Xəbərlər
28 Sentyabr 2026 17:22
Gələn il minimum əməkhaqqı nə qədər arta bilər?
28 Sentyabr 2026 11:14
“Kredit bitməmiş kasıbın ömrü bitir”
28 Sentyabr 2026 10:37
“Bir müştərinin eyni bankda hətta 6-7 və ya daha çox kartının olması mümkündür”
28 Sentyabr 2026 10:10


Bakı -°C

