29 Oktyabr 2024 22:15
422
SİYASƏT

Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib - YENİLƏNİB

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə çıxış edib.

Adalet.az xəbər verir ki, spiker Sahibə Qafarova əvvəlcə Türkiyə Respublikasının Cümhuriyyət Bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırıb.

Milli Məclisin sədri, çıxışında bildirib ki, 101 il öncə qəhrəman Türkiyə xalqı Qazi Mustafa Kamal Atatürkün öndərliyində vahid amal ətrafında sıx birləşərək, istiqlaliyyət uğrunda sönməz mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elan edilməsi məhz həmin sarsılmaz iradənin qəti və yekun zəfəridir.

Spikerin sözlərinə görə, Türkiyə Respublikası qurulduğu andan etibarən bütün çətinlikləri və maneələri dəf edərək, öz dövlətçiliyinin qorunub saxlanması və gücləndirilməsi, müstəqil milli inkişafının təmin olunması yolunda inamla addımlayır. Xüsusən son iyirmi ildə Türkiyənin əldə etdiyi nailiyyətlər nə dərəcədə böyük məsafə qət edildiyinin aşkar sübutudur. Prezident Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi altında Türkiyə siyasi, iqtisadi, hərbi, elmi, texnoloji və digər sahələrdə möhtəşəm tərəqqiyə nail olub.

Bu gün qlobal miqyasda gedən proseslərə həlledici təsir göstərən, sülhə və sabitliyə böyük töhfələr verən Türkiyənin haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən biri olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, öz istiqlalının ikinci yüzilliyində də Türkiyə davamlı inkişaf yoluyla addımlayacaq, daha da böyük uğurlar və qələbələr qazanacaq.

Spiker qeyd edib ki, Türkiyənin hər bir nailiyyətinə Azərbaycanda bizlər olduqca sevinir və fəxr hissi keçiririk. Bu da təbiidir. Bu reallıq məhz ortaq tarix, köklər, milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirir. Müasir Azərbaycan-Türkiyə münasibətləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamının parlaq təcəssümüdür. Sahubə Qafarovanın sözlərinə görə, bu münasibətləri səciyyələndirən ən böyük xüsusiyyət ölkələrimizin və xalqlarımızın həm sevincli, həm də kədərli günlərdə bir yerdə olması, bütün məsələlərdə bir-birini qeyd-şərtsiz və tərəddüdsüz dəstəkləməsidir.

Qeyd edilib ki, Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı haqlı mübarizəsinə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi Azərbaycan-Türkiyə birliyi və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri tarixi dövrünü yaşayır. Dövlət başçılarımızın iradəsi və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə çatıb. Üç il öncə imzalanmış Şuşa Bəyannaməsi yalnızca müttəfiqlik münasibətlərimizin gələcək inkişaf istiqamətlərini və hədəflərini müəyyən edən Yol xəritəsi deyil. Bu, həm də Azərbaycan-Türkiyə qardaşlığının, birlik və həmrəyliyinin əbədi və dönməz olduğunun bir ifadəsidir. Spiker vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu qardaşlıq münasibətləri həm də ümumi rifaha və tərəqqiyə xidmət edir.

Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müttəfiqlik ruhuna uyğun olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf etdiyini söyləyən Sahibə Qafarova əlavə edib ki, birgə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti, iqtisadi-ticari göstəricilərin, qarşılıqlı sərmayə qoyuluşunun ardıcıl surətdə artması, hərbi, texnoloji, nəqliyyat, enerji və digər sahələrdə sıx əməkdaşlıq dövlət başçılarımızın müəyyən etdiyi hədəflərin uğurla reallaşmasının nəticəsidir. O cmlədən, vurğulanıb ki, humanitar əlaqələrimiz – elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığımız qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Bu gün Azərbaycan və Türkiyənin beynəlxalq miqyasda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdiyini də diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, reallaşdırılmış birgə layihələr, irəli sürülmüş təşəbbüslər daha geniş regionda sabitliyə, təhlükəsizliyə və inkişafa böyük töhfələr verir.

Eyni ailənin üzvü olduğumuz digər türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının institusional cəhətdən gücləndirilməsi istiqamətində atılan addımlar isə Türk dünyasının daha da sıx birləşməsinə imkan yaradır.

Milli Məclisin sədri çıxışının sonunda Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin, birlik və həmrəyliyinin daim inkişaf edəcəyinə və yeni-yeni zirvələrə yüksələcəyinə əminliyini ifadə edib.

19:20

Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib.

Adalet.az xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan ziyafətdə qonaqlar sırasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, hərbi attaşelər, ictimai-siyasi xadimlər, Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla, parlament üzvləri, media nümayəndələri də yer alırlar.