Türkiyənin Energetika Nazirliyi: Suriyadakı sabitlik Avropaya qaz nəqlinə imkan verəcək
Suriyadakı sabitlik Avropaya qaz nəqlinə imkan verəcək.
Adalet.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Bayraktar Suriyada sabitliyin təmin edilməsi şərti ilə Qətərdən təbii qazın Suriya və Türkiyə vasitəsilə Avropaya nəqlinin mümkünlüyünü açıqlayıb.
“Qətər qazı mövcud boru kəməri infrastrukturundan istifadə edərək, müqavilələr əsasında Avropaya tədarük edilə bilər və bunun üçün bizə sabit Suriya və sabit bölgə lazımdır”, - nazir deyib.
Yanvarın 1-dən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinin dayandırılmasına gəldikdə isə, Bayraktar qeyd edib ki, Türkiyə Avropa ölkələri müvafiq siyasi iradə nümayiş etdirərsə, hər il qitəyə 10 milyard kubmetrədək qaz tədarükünə hazırdır.
Xatırladaq ki, Qətər-Türkiyə qaz kəmərinin Səudiyyə Ərəbistanı, İordaniya və Suriya ərazisindən çəkilməsi imkanları 2009-cu ildən müzakirə edilir. Layihənin icrası Suriyanın əvvəlki hakimiyyətinin müqaviməti səbəbindən təxirə salınıb. Dəməşqə yeni hakimiyyət orqanlarının gəlməsi ilə məsələ yenidən aktuallaşıb.