adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Mart 2023 09:29
495
ƏDƏBİYYAT

Uşaq bağçamızın binasını buldozerə verəcəklər...- Vasif Əlihüseyn yazır

Beş yaşım var idi, onda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus ordusu yüzlərlə insanı Bakıda qanına qəltan etmişdi. Nə baş verdiyini anlamasam da, televizorda göstərilənlərdən bilirdim ki, nəsə yaxşı şey baş verməyib.

Kəndimizdə uşaq bağçamız var idi. Özümdən iki yaş kiçik olan qardaşımla bağçaya gedirdik. Atam bir tikə çörək qazanmaq üçün Rusiyaya getdiyinə görə bizi bağçaya anam aparırdı. Yay aylarında bizim kəndimizdə kişisiz evlərin sayı daha çox olurdu. Çünki yayda kəndin kişiləri işləmək üçün ya paytaxt Bakıya, ya da Rusiyaya üz tuturdular. Ona görə də yay aylarında evlərin böyük uşaqları özlərini evin kişisi saydığından daha məsuliyyətli olurdular. Yeddi yaşında evin kişisi olan uşaqlardan biri də mən idim. Elə “Kəndimiz” şeirimdə yazdığım kimi:

Bu ildə qar yağdı,

Bu ildə,

İsinməyə ümüd gəzdi

kəndimiz

Aldatdılar...

Qaz da çəkmədilər

kəndimizə.

Babamdan yadigar,

“Tut” ağaclarının,

budaqlarını qırdıq,

yenə də

bacalar tüstülədi göylərə,

soyuqdan.

Ərləri xaricə

çörək dalıyca getmiş,

gəlinlər,

Bir toyuq başı kəsdirməyə,

kişi tapmadılar.

sünnət olunmamış uşaqlara,

“Bismillah” deməyi,

bir də “Qiblə”ni göstərdilər.

Beləcə hər qış,

kəndimiz neçə ağac

yandırıb

çəkdi ciyərlərinə.

Ümüdləri

bir az daha çox

qırıldı gəlinlərin

toyuq başı kəsən uşaqların

sayı artıqca.

 

1992 – ci ilin sentyabr ayında kənd orta məktəbinin birinci sinfinə daxil oldum. İbtidai sinif müəllimim rəhmətlik Hüseynəli müəllim həm atamın, həm rəhmətlik anamın və indi də mənim müəllimim idi. Belə müəllimlərim bir neçə nəfər idi məktəbdə: həm valideynlərimin, həm də mənim müəllimim oldular. Məktəbə getdiyimə görə qardaşım uşaq bağçasına tək getməli oldu.

Məktəbin həyətində oynayanda gördük ki, kəndimizə adam və ev əşyaları ilə dolu maşın karvanları gəlir. Nə baş verdiyini anlamadığımıza görə müəllimlərimizdən soruşduq ki, bunlar kimdi? Müəllimlərimiz dedi ki, onlar müharibənin qurbanı olan, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızdır.

Kəndimizə işğal olunmuş rayonlarımızın bir çoxundan pənah gətirən, ayağını don vuran uşaqları və qadınları bizim uşaq bağçasında yerləşdirdilər. O hadisəyə belə bir şeir yazmışam:

Ağlama, oğul!

Bu il də bağçaya

gedə bilməyəcəksən.

Şeir öyrətməyəcək sənə

qonşudakı müəllimə.

Bu il də boynunu bükəcəksən

qapı ağzındakı oturacaqda.

Yenə donduracaq səni

dondurma satan oğlanın

“dondurma var” sözləri.

Burnunu qoluna siləcəksən.

Qaçacaqsan velosiped sürən

uşaqların arxasınca.

Yenə boynunu bükəcəksən

bağça qapısında.

maşın- maşın gələn ailələri,

ayağını “don” vurmuş

tay-tuşlarını görəcəksən.

Qaçacaqsan qucağıma:

- Ata, onlar hardan gəlir?!

- Onlar ölümdən gəlirlər, oğlum!

Ondan sonra kənd uşaqlarımızın bağça arzusu da məhv oldu. Müharibə həm bizim kənd uşaqlarının, həm də öz yurd – yuvalarından didərgin düşmüş uşaqların arzusunu ürəyində qoydu. Bundan sonra kəndimizin bir çox uşaqları bağçaya gedib öz tay – tuşları ilə dostluq edirdilər. Çünki onlar yatdıqları çarpayını öz qardaş və bacılarına vermişdilər. İndi kəndimizdəki uşaq bağçasından bir çox sakinlər şəhərciklərə köçüb. Amma uşaq bağçasında kəndimizdən olan bir neçə evsiz ailələr yaşayır. Müharibə beləcə neçə – neçə uşağı şikəst elədi. Həmişə kəndimizə gedəndə uşaqlığımı xatırlayıram.

Bu gün də kəndimizdəyəm, yenə o xarabalığa çevrilən uşaq bağçamızın binasının qarşısından keçirəm. Elə bil buranı da düşmən darmadağın edib. Amma bir arzum var ki, binanı təmir etsinlər və küçədə oynayan uşaqlar bağçaya gedib şeir, dövlətimizin himnini, bayrağımızın rəngini öyrənsin.

Amma başqa sözlər eşidirəm. Dostlar deyir ki, uşaq bağçasının həyətinə göz dikənlər çoxdu. Dövlət buranı satsa, həmin gün alarlar, amma burda yaşayan ailələrə görə çarəsiz qalıblar. Axı uşaq bağçasının ərazisini satsalar, məcburdular ki, ordakı ailələri evlə təmin etsinlər. Kim bilir nə vaxtsa buranı kimsə alacaq və indi qapısız, pəncərəsiz divarlarına tamaşa etdiyim bu iki mərtəbəli uşaq bağçamızın binasını buldozerə verib yerlə-yeksan edəcəklər. Amma bircə o günü görmək istəmirəm.