adalet.az header logo
  • Bakı -°C
07 Iyul 2026 09:00
95
ƏDƏBİYYAT
A- A+

Varlı olmayanlar ehtiyatlı olsunlar - Pərvanə Bayramqızı yazır

Ölkəmizdə qınayanlarla müdafiə edənlərin mübarizəsi səngimək bilmir, nə vaxt baxsaq, bir tərəfdə ittiham edənlər, digər tərəfdə isə müdafiəçilər görürük. 

Kim nəyi, kimi xoşlayırsa, elə bilir həmin şey, həmin kəs yaxşıdır, Ən pis adam  birinin xətrinə dəyməyibsə, həmin biri deyir, dünyada filankəsdən (ən pis adamdan) yaxşısı yoxdur. Çoxu özünün xoşuna gələn cılız adamı böyüdür, həqiqi zəhmətkeşləri, xoş sözə layiq olanları isə  kiçildir. 

Vəzifə-filan olmayanda, (“filan”a daxil olanları bilirsiniz də) yaltaqlanmağa, ad çəkməyə səbəb görmürlər. Əksinə adının üstündən xətt çəkirlər. 
Bəziləri yaltaqlana-yaltaqlana yaşayır, işinin xatirinə simasını tez-tez dəyişir, yeri gələndə yalvarır, alçalır, onlara yaltaqlananı saymır, çünki özünün yaltaqlanmağa məcbur olduğu daha yüksək vəzifəlilər var. 

Yanlışa yol verən vəzifəlidirsə, özü "səhv etmişəm" deyəndə də yaltaqlar deyirlər, yox, siz düz etmisiniz.

Adi vəziyyətdə boyunlarına almadıqlarına baxmayın, yaltaqların yarışı üzrə mükafat təsis edilsə, təltif olunmaq üçün çoxu xalis yaltaq olduğunu etiraf edər.

Bəzilərinin qüruru düymə ilə işləyir, lazım olanda "off"a, olmayanda "on"a toxunur. 

Səhv yazmadım ee, vəziyyəti olduğu kimi ifadə etdim.

(Bu "bəziləri" sözü var ha, sığortanın əla növüdür. Nəzərində konkret şəxsləri tutub tənqid edirsən, başının ağrımaması üçün də "filankəs" sözünün əvəzinə, "bəziləri" yazıb aradan çıxırsan.)

Sahib olduğu səlahiyyətdən, imkandan istifadə edə biləcəyi adama diqqət göstərib, beləsini görəndə özünü səni tanımırmış kimi aparan adamın rəftarının izahı yoxdur. Bunun bircə adı var: yaltaqlıq. Məşhur atalar sözündəki hərəkəti onlar tərsinə edirlər; sayanın ağası, saymayanın qulu olurlar. Belələrinin qürur hissi  sadə adamları görəndə baş qaldırır. Bundan xilas olmağın da yolu birdi — onu özü tipdə adamlarla qoyub getmək. 
Yaltağın kimisə sevəcəyinə inanmaq olmaz, onlar maraqlarının marağında olurlar. 

Yeri gəlmişkən bir şeyi də deyim, bizimkilərin pis cəhətlərindən biri də maşını və şubası olmayanları adam yerinə qoymamaqları, az qala üstündən ayaqlayıb keçməkləridir. Varlı olmayanlar ehtiyatlı olsunlar.