01 Noyabr 2024 08:48
3719
LAYİHƏ

Vətəndaş cəmiyyətinin inkişafına xidmət edən  “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində  keçirilən iki günlük  “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”  başa çatdı. 

Forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzuları üzrə panel müzakirələri keçirildi. 

Forumda müzakirə olunan məsələlər vətəndaş cəmiyyəti institularının gələcək fəaliyyətlərinin yüksək səviyyədə təşkil olunmasına kömək edəcək, layihə mövzuları seçimində yol yoldaşı olacaqdır. İlk dəfə olaraq azad edilmiş Zəngilanda QHT-lərin forumunun keçirilməsi və orada 200-ə yaxın ictimai birliyin iştirak etməsi xüsusi vurğulanmalıdır. QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən yüksək təşkilatçılıq və peşəkarcasına keçirilən forumda iştirakçılara qiymətli məlumatlar verildi.  

Forumda Ermənistan respublikasının mineral xammal resursları dağ mədən sənayesi xəritəsinin təqdimatı olub. 3 dildə hazırlanan xəritədə Ermənistandan Azərbaycana axan çayların çirkləndirilməsi faktları öz əksini tapıb. 

Bildirildi ki, Ermənistanın Naxçıvanla sərhəddə olan zavodları hava, su mənbələri və bitki örtüyü üçün ciddi təhlükə yaradır. “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” adlı panel müzakirələrdə də iştirakçılara faydalı məlumatlar verildi. 

Forumda çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi altında QHT sektorunda aparılan islahatları yüksək qiymətləndirdilər. Bildirildi ki, QHT-lərin təşəbbüskarlığının artırılması, ictimai nəzarətin, hesabatlılığın  və şəffaflığın gücləndirilməsi üçün görülən işlər bu gün öz nəticəsini verir. Prezident İlham Əliyevin müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı dünyaya ünvanladığı mesajların böyük əks-səda doğurduğunu və Azərbaycanın bu sahədə fəal rol oynadığını xüsusi vurğuladılar. Forumda həmçinin, Azərbaycan QHT-lərinin qlobal iqlim dəyişmələri ilə mübarizəyə verdiyi töhfələrdən danışıldı.
Forumu çərçivəsində QHT nümayəndələri Zəngilan, Qubadlı və Laçın rayonlarına səfər etdilər və orada görülən işlər, həyata keçirilən yeni layihələrlə tanış oldular. Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjiyə xüsusi üstünlük verilir. 

Azərbaycanın milli maraqları ətrafında sıx birləşən QHT rəhbərlərinin Zəngilan, Qubadlı və Laçın rayonlarından paylaşımları sosial şəbəkələrdə çox maraqla izlənildi. 

Forum çərçivəsində, Silahlı Qüvvələr Günü münasibətilə 200 nəfərə yaxın QHT nümayəndəsi Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olundu. Bu tədbirdə, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan Aşur Cəmiyevin oğlu İsmayıl Cəmiyev və ədliyyə kapitanı Ruhin Xəlilovun qızı Melisa Xəlilova da iştirak edirdilər. Bu səfər  Azərbaycan ordusunun qalib ordusu kimi nüfuzunu və vətəndaş cəmiyyəti ilə hərbi qüvvələr arasında birliyin və həmrəyliyin vacibliyini vurğulamaq məqsədi daşıyırdı. Hərbi hissədə vətəndaş cəmiyyəti təmsilçilərinə silahlar və hərbi texnika nümayiş etdirildi, sərhədçilərin müşayiəti ilə poliqon ərazisində hərbi texnikada gəzinti təşkil olundu. Tədbir, ordumuzun gücü və qətiyyətini, vətəndaşların ona olan inamı və dəstəyini bir daha ifadə etdi. 

Zəngilanda iki gün davam edən  Forumun bədii hissəsi - konsert proqramı da çox maraqlı oldu. Milli ruhun, birlik və həmrəyliyin ifadəsi kimi konsert proqramında vətənpərvərliği tərənnüm edən mahnılar oxundu, musiqilər səsləndirildi. 

QHT nümayəndələrinin də iştirakı ilə oynanılan Zəngəzur yallısı birliyimizin, bütövlüyümüzün, mərdliyimizin simvolu oldu.

Ədil Ədilzadə
Yeni həyat-iqtisadi inkişaf İctimai Birliyinin sədri