28 Sentyabr 2023 22:10
40
GÜNDƏM

XALQA VƏ DÖVLƏTƏ SƏDAQƏTLƏ XİDMƏT ETMƏK NÜMUNƏSİ

İctimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə öz fəallığı ilə həmişə diqqət mərkəzində olan Azərbaycan polisi cəmiyyətin ən çox inanıb etibar etdiyi mükəmməl dövlət strukturu kimi indi yeni bir mərhələdədir. Xalqına və dövlətinə sədaqətlə xidmət anlayışı Azərbaycan polisinin həyat amalına çevrilib. Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bütün görüş və çıxışlarında polisin xalqa və dövlətə arxalandığını vurğulayır. Dövlətçiliyə və xalqa xidmətində fədakarlıq nümunəsi göstərən doğma polisimiz ictimaiyyətin rəğbətini məhz bu istiqamətdə əldə etdiyi nailiyyətlərlə möhkəmləndirir. Bu xüsusda bir fakt ayrıca vurğulanmalıdır: Azərbaycan Respublikası sabitliyin və ictimai asayişin qorunması reytinqinə görə keçmiş SSRİ məkanında birincilər sırasındadır. 

Cinayətkarlığa qarşı mübarizədə qazanılan uğurların ən vacib məqamlarından biri, şübhəsiz, polisin xalqla daha da yaxınlaşması, xalqdan dəstək almasıdır. Məhz bunun nəticəsidir ki, polisin gündəlik dinamik fəaliyyətində profilaktik və əməliyyat-axtarış istiqamətli tədbirlərin effektliyi daha da yüksəlir, əldə olunan nailiyyətlərdə öz əksini tapır. 

Bu baxımdan Göyçay Rayon Polis Şöbəsində də uğurlu nəticələrə yönəlik tədbirlər davamlı olaraq həyata keçirilir. Rayonun hüquq-mühafizə orqanları asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə həlledici rol oynayan birgə fəaliyyətə xüsusi həssaslıqla yanaşır, tədbirlərin effektliyini təmin edirlər. 

Bu mənada polisin fəaliyyəti daha çox diqqət mərkəzindədir. Camaatla daha çox təmasda olan, yerlərdə keçirilən görüşlər zamanı daha çox suallar, istəklər ünvanlanan Göyçay polisi özünün adekvat münasibəti ilə sakinlərin inam bə rəğbətini qazanır. Vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması, o cümlədən DİN-in  102 xidmətindən daxil olan müraciətlərə dərhal əməli reaksiya verilməsi işi gündəlik nəzarətdədir.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan Respublikasının Konstitusiyasını, Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, DİN-in kollegiya qərarlarını, DİN rəhbərliyinin əmr və göstərişlərini rəhbər tutaraq xidməti ərazidə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyət göstərərək etimadı doğrultmağa çalışırlar. 

Ən mühüm məsələlərdən biri də budur ki, vətəndaşların şöbə rəhbərliyi və aidiyyəti əməkdaşlar tərəfindən mərkəzdə və polis sahə məntəqələrində vaxt məhdudiyyəti qoyulmadan müntəzəmliklə qəbulu və müraciətləri üzrə qanuni tədbirlər görülməsi yüksək səviyyədə təmin edilir. Elə DİN rəhbərliyinin də tələb və istəyi belədir: ölkə vətəndaşlarının hər bir müraciətinə həssaslıqla yanaşılmalıdır. Müxtəlif profilaktiki tədbirlərin və cəmiyyət-polis mövzusunda aparılan işlərin fonunda aldığımız məlumatlar bu məsələlərin Göyçay Rayon Polis Şöbəsində xüsusi önəm daşıdığını bir daha təsdiqləyir. Xüsusilə, şöbənin rəisi, polkovnik Müqabil Abdıyevin bu istiqamətdə nümunəvi iş üslubu əməkdaşların da fəaliyyətində ciddi xarakter alır. Polis şöbəsinə müraciətlər edən, qəbullara gələrək prinsipial və səmimi rəislə, əlaqədar əməkdaşlarla təmasda olan onlarla sakinin razılıq və təşəkkür dolu sözlərini eşitmişik. Polisə üz tutan hər hansı bir rayon sakini qanunların tələb etdiyi səviyyədə dinlənilir və istisnasız olaraq hamıya köməklik göstərilir. 

Göründüyü kimi, vətəndaşların qəbulu, ərizə və şikayətlərə həssaslıqla yanaşılması,yerlərdə aparılan görüş və söhbətlər polisi xalqla daha da yaxınlaşdıran, qarşılıqlı hörmət və inam yaradan gözəl xüsusiyyətlərdir. 

Göyçay polisinin fəaliyyətində digər nümunəvi tədbirlər də diqqət çəkir. Cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması istiqamətində daha çox maarifləndirmə tədbirlərinə önəm verilir. Sakinlərin, xüsusilə gənclərin cəmiyyətimizə zidd əməllərdən çəkindirilməsi məqsədilə rayon icra hakimiyyətinin müvafiq qurumlarının, rayon prokroluğunun, təhsil şöbəsinin rəhbər vəzifəli əməkdaşları, rayonun tanınmış ziyalılarının və müharibə veteranlarının iştirakı ilə çoxsaylı görüşlər keçirilmiş, müxtəlif mövzularda mühazirələr oxunmuş, disputlar təşkil edilmişdir. Təkcə bu ilin ötən altı ayı ərzində (təhsil müəssisələri yay tətilinə buraxılan müddətə kimi) rayon ərazisindəki məktəblərdə narkomaniyanın bəşəriyyət üçün ciddi bəla olması, faciələrə yol açması, baş verən digər bir sıra cinayət hadisələrində rol oynaması əsaslandırılaraq gənclərin diqqətinə çatdırılmışdır. Ötən müddət ərzində Göyçay RPŞ-nin təşəbbüsü ilə yerlərdə 23 dəfə bu xarakterli görüşlər keçirilərək gənclərə əlavə nümunəvi məlumatlar da verilmişdir. Bu cür kütləvi-effektiv tədbirlər rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Buradaca bir vacib məqamı xüsusi vurğulamaq lazımdır ki, narkomaniyaya qarşı, ümumiyyətlə cinayətkarlığa qarşı mübarizədə bütün məsuliyyət təkcə polisin və digər hüquq-mühafizə orqanlarının üzərinə düşməməlidir. İctimaiyyətin dəstəyinə həmişə ciddi ehtiyac duyulur. Təkcə nakomaniya ilə mübarizədə deyil, bütün cinayət hadisələrinin qarşısının alınmasında.

Belədə Göyçay Rayon Polis Şöbəsi rəisinin də məsələyə münasibəti paralelliyi əks etdirir. 

Polkovnik bildirir: “Biz əgər profilaktik tədbirləri və cinayətkarlığa qarşı mübarizə üsullarını daha da təkmilləşdirməyi, müasirləşdirməyi və gücləndirməyi qarşımıza mühüm vəzifə olaraq qoymuşuqsa, bu mübarizənin anatomik xüsusiyyətlərini də dəqiqliyi ilə istiqamətləndirməliyik. Faktik bütün cinayətlər mübarizə hədəfindədir. Polisin ənənəvi peşəkarlığı və potensialı hər zaman yeniliklərə meyillidir. Biz öz gündəlik fəaliyyətimizi hörmətli nazirimiz, general-polkovnik Vilayət Eyvazovun əmr və göstərişlərinə əsasən məhz bu səviyyədə qurmağa çalışırıq. Xalqımızın və dövlətimizin də tələbi məhz belədir...” 

Göründüyü kimi digər cinayət hadisələri ilə yanaşı, rayonda narkomaniya cinayətlərinə qarşı da ciddi mübarizə aparılır. Biz bunu bir sıra tədbirlərin, görüşlərin timsalında göstərdik də. Bütün mənəvi-əxalqi baxışlarla yanaşı, təbii ki, əsas məsələ profilaktik tədbirlərin effektliyi və bu istiqamətdə aparılan güzəştsiz mübarizədir. Məhz belə ciddi mübarizənin nəticəsidir ki, təkcə bu ilin ötən 8 ayı ərzində bütövlükdə 52 nəfər olmaqla hər biri 8 nəfərdən ibarət 4 qrup halında birləşmiş cinayətkar dəstə zərərsizləşdirilmişdir. 

Keçən ili bütövlükdə, bu ilin isə ötən dövrünü müqayisələrlə təhlil edib bir sıra nəticələrə diqqət yetirsək məsələyə daha ciddi yanaşıldığının, narkomaniyaya qarşı güzəştsiz mübarizə aparıldığının şahidi olarıq. 

2022-ci il ərzində dövriyyədən çəkisi 8 kq 214,848 qram olan müxtəlif növ narkotik vasitələr, çəkisi 254,414 qram olan psixotrop maddə, ümumi sayı 300 ədəd olan 67,5 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, lakin güclü təsir edən zəhərli maddələr, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə yolu ilə 10 fakt aşkar olunmaqla ümumilikdə çəkisi 147 kq 465 qram olan 608 kol maddi sübut kimi götürülmüşdür. 
Eyni zamanda Göyçay RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi istiqamətində 2022-ci il ərzində ümumilikdə çəkisi 1 ton 255 kq olan 2495 ədəd yabanı halda bitmiş kol aşkar edilərək məhv edilmişdir. 2023-cü ilin 8 ayında isə ümumilikdə çəkisi 1 ton 350 kq olan 1927 ədəd yabanı halda kol aşkar edilərək məhv edilmişdir. 

2023-cü ilin 8 ayı ərzində dövriyyədən çəkisi 10 kq 547,557 qram olan müxtəlif növ narkotik vasitələr, çəkisi 192,7 qram olan psixotrop maddə,ümumi sayı 1015 ədəd olan 220,325 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, lakin güclü təsir edən zəhərli maddələr, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək yolu ilə 6 fakt aşkar edilməklə ümumilikdə çəkisi 32 kq olan 44 kol maddi sübut kimi götürülmüşdür. 2022-ci il və 2023-cü ilin müvafiq dövrünə qədər 55 şəxs küllü miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə istifadə edib saxladığına görə tutulmuşdur. 

2022-ci ilin 12 ayı ilə müqayisədə 2023-cü ilin 8 ayı ərzində müxtəlif növ narkotik vasitələrin və zəhərli maddələrin qanunsuz dövriyyədən çıxarılması 2 kq 485,534 qram çəkidə çox olmuşdur. 

Aşkar edilmiş narkotik vasitələrin külli miqdarda qanusuz dövriyyəsi və satışı ilə məşğul olan 1978-ci il təvəllüdlü Şahmuradov Natiq Xamoy oğlu, 1992-ci il təvəllüdlü Qaraşov Elvin Rüstəm oğlu, 1984-cü il təvəllüdlü Babayev Rahib Maarif oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Elçin Aydın oğlu, 1996-cı il təvəllüdlü İsgəndərov Malik Mahir oğlu və 1987-ci il təvəllüdlü Abdullayev İlham Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilən şəxs qismində barələrində həbs qətimkan tədbiri seçilmişdir. 

Göründüyü kimi Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları cinayətkarlığa qarşı mübarizədə, sabitliyin və ictimai asayişin qorunması istiqamətlərində 2023-cü ili də uğurla başa vurmaq əzmindədirlər. Xüsusilə narkomaniyaya qarşı mübarizədə. 
Rayonda cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətləri üzrə tədbirlər davam edir. 

Məzahir ƏHMƏDOĞLU