08 Fevral 2024 14:58
1813
MƏDƏNİYYƏT

   “XƏYANƏT” SERİALI MİLLİ ƏXLAQİ DƏYƏRLƏRİMİZƏ XƏYANƏTDİR… - Vaqif TANRIVERDİYEV yazır 

və ya müasir teleseriallar ailə-məişət ənənələrimuzə  tuşlanmış havayı güllədir

Milli mənəmliyimizin ən qədim və  müasir   etiketlərindən  biri də   ailə dəyərlərimiz, əxlaqi-etik normalarımızdır. Bu, təkcə əsrlərlə formalaşan həyat tərzimizin, əxlaqımızın   ən vacib  və həyati  örnəyi deyil,  həm də  bədii əsərlərimizin,  kinomuzun  daim   müraciət etdiyi   müqəddəs  mövzudur. Həyat bütün çalarları ilə gözəldir,  onun epizodik  mahiyyət daşıyan, çox tez unudulan  müəyyən neqativ halları  var, amma bədii sənət  nümunələr, sanballı  ekran əsərləri   əsasən yüksək  milli-əxlaqi keyfiyyətlərin ümumiləşdirilmiş bədii ifadəsi olmalı,  uğurlu ekran  həlli  ilə diqqəti cəlb etməli, həm də əbədiyyət hüququ qazanmaqla nəsildən-nəslə ötürülməlidir.
Son dövr  televiziya kanallarımizda ailə-məişət mövzusunda  ekranlaşdılımış  bir sıra  yüngül,  milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan  seriallara güclü meyl yaranıb.   İnsanlarımızı maqnit kimi özünə çəkən, hadisələrin cazibəsində  saxlayan (əgər belə demək mümkündürsə) bu filmlərə  düşkünlük kütləvi hal alıb.  Atanın  əxlaqı qüsurlu, oğul əyyaş, bacı  “ər dəlisi”, yeznə arvad yaxasından “asılmış zınqrov”, qardaşların ortaq məhəbbəti  və daha  nələr, nələr... teleekranları zəbt edib. Tanıdığım adamlarla  söhbətlər  göstərir  ki, bu serialları günlərlə, həftələrlə səbirsizliklə gözləyənlər var.

Müstəqillik dövrü  beynəlxalq aləmə genış qapılar açdı, xüsusilə  Türkiyə ilə  içtimai-siyasi, mədəni və əxlaqi  sahədə, adət-ənənələrimizdə sürətli yaxınlaşma, sıx  əməkdaşlıq başladı, sənətin müxtəlif sahələrində qarşılıqlı bəhrələnmə geniş vüsət aldı.  Bir sıra oxunaqlı  tarixi əsərlər, maraqlı  filmlər  yarandı. 

Bu  yaxınlaşma çoxəsrlik ənənələrə söykənir.  Türklərdə görüb-götürməli keyfiyyətlər çoxdur. Türklər kimi  öz vətənini sevən və onun yolunda canından belə keçməyə hazır olan ikinci bir millət tapmaq çətindir. Böyük Atatürkün dünyaya  peyğəmbərcəsinə səsləndiyi  “Yurdda sülh, cahanda sülh”  çağrısı,  Prezident Ərdoğanın dünyanı başına götürən  haqq səsi, ən mötəbər beynəlxalq kürsülərdən ədalətə çağırış nidaları Türk  sülhsevərliyinin  bariz  nümunəsidir.   

Yəqin yadınızda olar. Hələ Tansu Çillərin Baş nazirliyi dövründə  yunanlar türklərə məxsus,  insan yaşamayan kiçicik bir adaya bayraqlarını sancmışdılar.  Bu,  Türkiyə üçün sanki günəşli  gündə  çaxan ildırım təsiri yaratdı,  iqtidar, müxalit, məmur-sənətkar, ….oğru-doğru  bir səs kimi car çəkdi:  “Bayraq enər, yunan gedər”.  Və bayraq endi, yunan da getdi. Türklərin vətənsevərliyi haqqında belə fakt çoxdur. Türk var-dövlətindən,  canından keçər, amma torpağından keçməz … Bu keyfiyyətlər də Türk kinosunun başlıca mövzusu olub və bir sıra beynəlxalq kino festivallarında bu mövzuda çəkilmiş filmlər yüksək mükafatlara layiq görülüb.     

Amma təəssüf doğuran cəhət  odur ki,  son dövr bizium  bir sıra ekran əsərlərimizdə,  xüsusilə də teleseriallarımızda  türklərin   vətənsevərliyi,  torpaq sevgisi  kimi yüksək insani  keyfiyyətlər  kənarda qalıb,  çox təəssüf ki,  kinematoqrafiyamız  “aşırı” qadın sevgisini, idmana  fanatik  “vurğuluğu”, musiqi düşkünlüyünü və  alqı-satqı  “xəstəliyini”   daha hərisliklə   əxz edir,   milli mənəmlikdən uzaq,  əxlaqi-etik normalarımızla bir araya sığmayan  “qərbsayağı” filmlər ekranlarımızı doldurur.  
Son dövr  ailə-məişət mövzusunda  çəkilmiş filmlərimizin böyük əksəriyyətində  sağlam bir ailə modelini görməzsiniz,  bizim teleseriallardakı    ər-arvad, ata-oğul, bacı-qardaş, yeznə-qayın  münasibətlərindəki  açıq-saçıq,  heç bir  əxlaqi  normaya sığmayan  neqativ halların   ekran həllinə    dünya və Avropa kinematoqraflarının   ən son modern filmlərində belə rast gəlməzsiniz. Təəssüf ki, belə    teleseriallar   telekanallarımızı zəbt edir və  böyük əksəriyyət də  ekranlara kilidlənir. 

Söhbət təkcə “Xəyanət”dən  getmir,  son dövr  teleseriallarımızda  müqəddəs ailə modelinə, nümunəvi  ər-arvad,  irətamiz  ata-oğul,  təəssübkeş qardaş və cəfakeş bacı, təmiz sevgi,  canıyanan qohum, yaxşı qonşu  münasibətlərinə  rast gəlməzsən.

Ərin  əyyaşlığı, arvadın ərinə laqeydliyindən doğan sönük ər-arvad münasibəti, qızların  yelbeyinliyi, qardaşların ortaq  sevgi macərası, bic doğulan uşaqların analarının  “ərköyünlüyü” ikrah hissi doğurur,  yaşlı kişidən xəlvəti uşaq peydahlayan  məşuqənin və  belə bir qız böyütmüş ananın  hegemonluğu  acı təəssüf doğurur.

Özü də bu neqativ hallar  adi həyat norması kimi təqdim olunur. Belə yüngül əxlaqlı teleseriallara  böyük  həvəslə  yer ayrılması ucuz reytinq “yarışmasının”  acı nəticəsidir.  Teleseriallarımızda  xalqımızın qədim  köklərə malik adət-ənənəsi, yüksək əxlaqi dəyərləri, müqəddəs qadın-kişi münasibətləri, qarşılıqlı sevgi hissi, örnək  ata-oğul ləyaqəti  reytinqə qurban verilir.  Sağlam ailə modelimizə  güllə kimi tuşlanan bu seriallara  “dur”  deyən  olacaqmı? Bəlkə rəsmi qurumlar,  yaradıcılıq təşkilatları  öz qəti sözünü deməlidir?  

Belə yüngül seriallara  ötəri həvəslə məsələ  bitmir,  o meşşan düşüncə, yüngül həyat tərzi insanları  maqnit kimi özünə çəkir, suçəkənə düşmüş su damlası kimi   beyinlərə hopur, tamaşaçılar, xüsusilə də gənclər    belə yüngül, şirnikləndirici, milli etik-əxlaqi  normalardan uzaq əsərlərin (əgər “əsər” demək mümkündürsə) aldadıcı “cazibəsinə” qapılır,  bayağı  hissin toruna düşürlər. Yüngül tamaşaçı axını teleserial müəlliflərini və telekanalları şirnikləndirir və belə seriallar   yağışdan sonra çıxan köbələk kimi artıb çoxalır.  

Belə çoxseriyalı  yüngül  teleseriallar     çox tez unudulur, amma  sadəlövh tamaşaçıda, xüsusilə böyüməkdə olan gənc nəslin şüurunda, yaddaşında pozulmaz iz buraxır, həyat tərzində ağ ləkəyə çevrilir. 

Bu barədə düşünməyə dəyər.
                                

Vaqif TANRIVERDİYEV  

Gəncə