Yasamalda “ölüm yolu"na əncam çəkən yoxdur: SOS

Bakıya heyran qalan əcnəbi blogerlər bu küçədəki vəziyyəti görsələr, fikirlərini dəyişərlər
Dəflərlə yazılıb, deyilib, eşidən, baxan yoxdu. Nə icra hakimiyəti hərəkətlənir, nə də FHN. Hamının gözü qarşısında yenə eyni mənzərə yaranıb, yenə ölüm saçan vəziyyətdir. Baş verən hadisələrdən, həbslərdən də dərs çıxarmırlar. Gərək kimsə ölə? Gərək kimsə əzizini itirə? Burada hərəkət edən insanların, həyətdə oynayan uşaqların həyatı ipdən aslıdır. Hər an bir qara xəbər yayıla bilər. Burası Yasamaldı, özü də şəhərin ən mərkəzi küçərindən biri...
Paytaxtın Yasamal rayonunda antisanitar və təhlükəli vəziyyət hələ də davam edir. Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın arxasında bir neçə il əvvəl “Sevinc MTK” inşaat işlərinə başladı və sıx məskunlaşma olan ərazidə “Melisa Park” yaşayış massivi salındı. Binaların bir-birinə sıx tikilməsi, ətrafdakı binaların mənzillərinin gün işığına həsrət qalması, küləyin sirkulyasiya edə bilməməsi bir yana, ərazidə qalaqlanıb qalan zibillik ətrafa üfunət yayır. Sakinlər məişət tullantıları ilə dolu sellofan paketləri hara gəldi atır, nəticədə “zibil dağı” yaranır. Zibillik “dizə çıxır”.
Ciddi problemlərdən biri də ərazidə təhlükəli vəziyyətin yaranmasıdır. Tikinti başa çatsa da, MTK rəhbərliyi ərazidə yaranmış dərin çökəkliyi hasara almağı lazım bilməyib. MTK rəhbərliyi buna əhəmiyyət vermir, laqeyd yanaşır. Halbuki çökəkliyin kənarı ilə, kiçik dar yolla daim gediş-gəliş var. “Melisa Park”ın sakinləri gediş-gəliş üçün məhz bu dar cığırdan istifadə edir. Binanın həyətində oynayan, əylənən uşaqlardan birisi çökəkliyin kənarından keçsə, ayağı sürüşüb yıxılasıdı. Bura gediş-gəliş üçün əlverişsiz və təhlükəlidir. Bunun məsuliyyətini necə daşıyacaq MTK rəhbərliyi?
Bina tikmək yaxşıdır, qazanmaq da yaxşıdır, bəs sakinlərin təhlükəsizliyi, ekoloji vəziyyət? Bunları, təəssüf ki, düşünən yoxdur. Bakıya gələn qonaqlar, turistlər, paytaxtın təmizliyinə (hansısa ərazilərdə - M.R.) heyran qalan əcnəbi blogerlər Həsən bəy Zərdabi küçəsindəki vəziyyəti görsələr, fikirləri əks istiqamətə dəyişəcək. Yasamal Rayon İcra Hakimiyyəti ərazidəki vəziyyətlə maraqlansa, yaxşıdır.
Hələ buranın başqa bir dərdi də var. Binada yaşayan 120 mənzilin sakinlərinin Prezidentə, Birinci vitse - prezidentə və ən yuxarı insatansiyalara şikayəti hazırlanır. //sherg.az
Digər Xəbərlər

Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA

Heyvan bazarlarının bağlanması ətin qiymətini bahalaşdıra bilər - İqtisadçı

Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA
