21 Oktyabr 2025 15:49
128
MƏMLƏKƏT

Heyvan bazarlarının bağlanması ətin qiymətini bahalaşdıra bilər - İqtisadçı

Xəbər verdiyimiz kimi, oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.

Bəs heyvan bazarlarının bağlanması ətin qiymətinin bahalaşmasına təsir edəcəkmi?

Adalet.az-ın sualını iqtisadçı Xalid Kərimli cavablandırıb. 

İqtisadçı bildirib ki, əlbəttə, heyvan bazarlarının bağlanması ətin qiymətini bahalaşdıra bilər:

“Ölkəyə iribuynuzlu heyvanların 65 faizi Rusiyadan, 10 faizi Qazaxıstandan, 21 faizi isə Gürcüstandan gətirilir. Ölkəyə xırdabuynuzlu heyvanların 88 faizi Gürcüstandan, 10 faizi Rusiyadan gətirilir. Yəni bu iki ölkə ölkəyə gətirilən xırdabuynuzlu heyvanların təqribən 98 faizini təşkil edir. Təbii ki, burda logistikanın və qonşu dövlət olmanın üstünlükləri var”. 

İqtisadçı bildirib ki,  təzə soyudulmuş iribuynuzlu heyvan ətinin əsas istiqaməti Belarusdır: 

“Belarus Azərbaycan bazarında təzə soyudulmuş mal-qara ətinin təqribən 97 faizini təmin edir. Dondurulmuş iribuynuzlu heyvanlar məsələsinə gəldikdə isə burda Ukraynanın payı 70, Braziliyanın isə 24 faizdir. Yəni dondurulmuş şəkildə ölkəyə gətirilən mal-qara ətinin əsasən 94 faizi bu iki ölkənin payına düşür. Təzə soyulmuş qoyun ətinə gəldikdə isə burda Monqolustan liderlik edir. Təqribən ölkəyə gətirilən 91 faiz qoyun və keçi ətinin istiqaməti bu ölkədir. Təbii ki, baxanda görürük ki, bu ölkərdən ölkəmizə gəlişinin əsas səbəbi logistikanın yaxşı olması və bu sahədə lider olmalarıdır. Yəni Monqolustan əhali adambaşına düşən qoyun sayına görə dünyada birinci ölkədir. Ona görə də qoyun idxalının bu ölkədən gətirilməsi daha məqsədəuyğun olur, çünki qiyməti ucuzdur”. 

Ekspert bildirib ki, ölkəyə gətirilən kəsilmiş və dondurulmuş ətlərin qiymətinin ucuz olmasının səbəbləri var:

“Burda əsas səbəb odur ki, əhali arasında yeni kəsilən yerli ətlər daha yaxşı hesab olunur və yüksək qiymətləndirilir. Bu qiymət tavanının təyin etdiyinə görə idxalçılar bu qiymətə baxaraq alıcıların yeni kəsilmiş heyvan ətinə daha çox üstünlüyünün olduğunu görərək hesab edirlər ki, gətirdiyimiz ət yeni kəsilmiş ətdən daha ucuz olarsa, onun idxalının bir mənası var. Bu baxımdan əhalinin yeni kəsilən ətlərə üstünlük verməsi, onları premium hesab etməsi, onlara görə daha çox ödəniş etməyə hazır olması qiymət fərqi arasındakı səbəbi izah edən əsas amildir”.

Vasif ƏLİHÜSEYN