adalet.az header logo
  • Bakı -°C
31 Iyul 2026 11:28
92
ANALİZ
A- A+

Yaxın Şərqin Yeni Geosiyasi Memarlığı: Türkiyənin Regional Liderlik Vizyonu

Hörmüzdəki böhran təkcə neft axınını deyil, Yaxın Şərqin geosiyasi xəritəsini də dəyişdirir. İraq yeni çıxış istiqamətləri axtardığı bir vaxtda, ABŞ enerji və ticarət dəhlizləri vasitəsilə bölgədə yeni nizam formalaşdırmağa çalışır. İraqdan Suriyaya, Bəsrədən Ceyhana qədər uzanan strateji ixrac xətləri Ankaranı yeni Yaxın Şərq memarlığının əsas dayaq sütununa çevirirmi?

Türkiyənin Yaxın Şərqdə təsiri getdikcə artan regional güc kimi yeni geosiyasi düzənin formalaşdığı prosesin mərkəzinə çevrilir. ABŞ isə bölgədəki nüfuzunu qorumaqla yanaşı, əvvəlki dövrün hərbi və siyasi xərclərini azaltmağa hesablanmış yeni regional memarlıq qurmağa çalışır.

İraq neftini Hörmüz boğazından asılı olmadan dünya bazarlarına çıxaracaq yeni ixrac xətləri də gündəmdədir. Bu baxımdan ABŞ-nin Körfəz üzrə geosiyasi tarazlığı dəyişdirməyə çalışdığı aydın şəkildə görünməktədir. Çünki Körfəzin enerji ehtiyatları əsasən Çin başda olmaqla Cənubi Asiya bazarlarına yönəlib. Vaşinqton bununla həm Qərb, həm də Asiya enerji bazarlarında təsir imkanlarını genişləndirməyi hədəfləyir.

İraqın neft ixracının böyük hissəsi Bəsrədəki terminallar vasitəsilə həyata keçirilir. Bu isə ölkəni Hörmüz boğazından ciddi şəkildə asılı vəziyyətə salır. Dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neft gəlirlərinin təhlükə altına düşməsi Bağdadı alternativ ixrac xətlərini inkişaf etdirməyə sövq edir.

Bu vəziyyət İraqın bölgədə inteqrasiyaedici rolunu daha da gücləndirir. Türkiyə və Suriya üzərindən yeni ixrac xətlərinin axtarılması müvəqqəti böhran tədbiri deyil, uzunmüddətli strateji yanaşmadır. Bağdad neft coğrafiyasını yenidən formalaşdırmağa çalışır.

Birinci ixrac xətti Kərkük və İraq Kürd Bölgəsinin nəzarətində olan neft yataqlarından başlayaraq Türkiyə üzərindən Ceyhan Limanına uzanır. İkinci ixrac xətti isə İraqın cənubundakı yataqlardan Kərkük və ya Hadisə vasitəsilə Suriyanın Baniyas Limanına çatması nəzərdə tutulur. İordaniyanın Əqəbə Limanı da alternativ ixrac xətləri sırasında qiymətləndirilir.
Digər tərəfdən, Rəbiə–Yərubiyyə sərhəd-keçid məntəqəsinin yenidən açılması yeni marşrutun artıq praktik mərhələyə keçdiyini göstərir. İraq mənşəli yanacağın Baniyas üzərindən ABŞ-yə göndərilməsi bu ixrac xəttinin strateji əhəmiyyətini artırmaqdadır.

Ankara yalnız tranzit ölkə deyil, enerji, nəqliyyat və rəqəmsal infrastrukturu vahid dəhlizdə birləşdirən regional mərkəz rolunu oynayır.

Türkiyə İraqla siyasi əlaqələri, Ceyhan enerji infrastrukturu, Avropaya uzanan qaz şəbəkəsi və inkişaf etmiş nəqliyyat sistemi ilə Bəsrə körfəzi, Aralıq dənizi, Qara dəniz, Qafqaz və Avropa arasında strateji körpü rolunu oynayır.

Bununla belə, Bağdad–Ərbil münasibətləri, Suriyadakı təhlükəsizlik problemləri, «Terrorsuz Türkiyə» prosesi, İranın reaksiyası və yüksək maliyyə tələbatı layihənin əsas riskləri olaraq qalmaqdadır.

Yeni Yaxın Şərq nizamı artıq hərbi bazalarla yanaşı limanlar, ixrac boru xətləri, sərhəd-keçid məntəqələri, dəmir yolları və fiber-optik şəbəkələr üzərindən qurulur. Bu düzəndə İraq mərkəzi ölkə, Suriya Aralıq dənizinə açılan qapı, Türkiyə isə regionu Avropa ilə birləşdirən əsas geosiyasi aktordur. 

Məhz buna görə Türkiyə formalaşmaqda olan yeni Yaxın Şərq memarlığının ən güclü dayaq sütunu kimi ön plana çıxır.

Fikrət Əkbərli,

Türkiyə üzrə araşdırmaçı-yazar