adalet.az header logo
  • Bakı -°C
10 Iyul 2026 09:00
73
LAYİHƏ
A- A+

YENİ GÜNƏŞLİDƏ ŞAM AĞACLARI QURUYUR?

Deyirlər ki, yaşıllıqlar təbiətin «ağ ciyəridi». Təbii ki, bu sözdə böyük həqiqət var. Ən azından ona görə ki, ağac, gül-çiçək və yaşıllıqlar olmayan yerdə həyat çox darıxdırıcı görünür. Çünki insan gözünü açıb ətrafında torpaq, hava, su və yaşıllıqlar görüb. Düzdür, dünyada yaşıllıqlar olmayan səhralar da var. Amma  o səhrada da hardasa bir ağaca rast gəlmək mümkündür. O bir ağacın da  kölgəsinə çox canlılar can atırlar. Yəni yaşıllıq, ağaclıq və gül-çiçək insanların ən çox sevdiyi bir məkandır. 

\Bakıda sanki yaşıllıqlara kimlərsə qənim kəsilib. Harda bir boş yer, üç-dörd ağac və yaşıllıq gördülər, o dəqiqə iş adamları hərəkətə gəlir, müxtəlif yollarla həmin yerlərdə tikinti aparmaq  üçün sərəncamlar alır və  bir müddətdən sonra həmin ünvanlarda ya restoran, ya kafe, ya da çoxmərtəbəli binalar tikilir. Heç kim  restoranın, kafenin və binaların tikilməsinin əleyhinə deyil. Biz onun  əleyhinəyik ki, 30-40 ilin ağaclarını doğrayıb onun yerində yüksək mərtəbəli binalar inşa edirlər. 

Deyirlər Bakı ekoloji cəhətdən ən əlverişsiz şəhərlərdən biridir. Bu sözdə böyük həqiqət var. Çünki Bakıda atmosferə istehsalat sahələrindən, müəssisələrdən, fabrik və zavodlardan və eləcə də  müxtəlif nəqliyyat vasitələrindən hər gün normadan artıq zərərli qazlar atılır. Bu zərərli qazların atılması isə birmənalı olaraq paytaxtın ekoloji tarazlığını pozur, müxtəlif  fəsadlar yaradır. Bunun qarşısını almaq üçün isə təbii ki, dövlət proqramı  mövcuddur. Buna da uyğun Bakıda böyük yaşıllıqlar zolağı, parklar, xiyabanlar, ağaclar və güllər-çiçəklərlə zəngin məkanlar istifadəyə verilir. Amma bir də görürsən ki, həmin yerlərdə hansısa mənzil-tikinti kooperativi peyda oldu və o ünvanda yüksək mərtəbəli binalar tikdi. 

Heç çox uzağa getməyək, son illər Yeni  Günəşlidə ayrı-ayrı tikinti kooperativləri tərəfindən çoxlu sayda ağaclar olan yerlərə sərəncam alınıb və orada yüksək mərtəbəli evlər tikilib, 30-40 ilin ağacları  məhv edilib. Bəzi mənzil-tikinti kooperativlərin rəhbərləri deyirlər ki, biz o ağacları  çıxarıb başqa yerə  aparıb basdırmışıq. Bu nə dərəcədə doğrudur, doğru deyil, onlar özləri bilər. 

Bax, Kərpic zavodunun sol tərəfində bir neçə yüksək mərtəbəli bina inşa edilib.  Hasara alınmış yeni məkanda isə təzə binanın özülü qoyulur və orda da çoxlu sayda ağaclar mövcuddur. Hələ ki onları qırıb məhv etməyiblər, amma bir müddətdən sonra görəcəyik ki, o ağaclar yoxdu. Onda yenə deyəcəklər ki, biz o ağacları çıxarıb başqa yerə köçürmüşük. Təki deyilən düz olsun. Kor nə istər iki göz – biri əyri, bir düz.

Yeni Günəşlidə «Fatmeyi-Zəhra» məscidinin yanından «Ana-bala» abidəsinə qədər çoxlu sayda şam ağacları var. Və eyni  zamanda  həmin yerə tamet daşlar döşənilib, oturacaqlar qoyulub. Yəni kimsə səki ilə gedəndə yorulursa o oturacaqda əyləşib dincələ bilir. Bax, bunu yaradanlara insanlar alqış edir. Amma  tamet daşları yerə döşənəndən sonra orda 30-40 ilin şam ağacları qurumağa başlayıb. Birincisi, həmin ağaclara heç vaxt su verilmir, yəni hər şey Allahın  ümidinədir, yağış yağsa ağaclar qidalanır, yağmasa susuzluqdan quruyur. Ağacların çoxuna baxırıq, artıq baş hissəsindəki budaqlarda  quruma gedir. Oranın  sakinləri deyirlər ki, belə ağaclar yüzdən də çoxdur. Tamet daşlar yerə döşənəndən sonra sanki həmin ağaclar nəfəs ala bilmir. Amma tamet daşlar olmayan yerdə ağaclar yamyaşıldır və orda heç bir quruma hiss olunmur. 

Hər gün həmin yerdə  təmiz hava qəbul edən Məhəmməd adlı dostumuz deyir ki, mənim bu ağaclara lap yazığım gəlir. Bilmirik onlara xəstəlik düşüb, ya yox, ancaq bildiyimiz və gördüyümüz odur ki, bir il bundan qabaq səkiyə daş döşənəndən sonra bu ağaclar solmağa başladı. İndi çoxu artıq qurumaq üzrədir. Elə həmişə də bu barədə söhbət edəndə deyirik ki,  balam, görəsən əlaqədar qurumlar hara baxır, niyə bu ağaclara sahib çıxan yoxdur? Bu ağacların çox qəşəng kölgəsi var. Hər tərəfdən göydən «od yağanda» burda sərinlik olur. Bizim kimi çoxlu sayda insanlar məscidin yanından gəlib keçərək ağacların arası ilə gedir və gəlib əyləşir oturacaqda. Amma belə getsə bir-iki ildən sonra  bu ağacların çoxu məhv olub gedəcək. Hansı yerdəki tamet daşları düzülməyib orda ağaclar yamyaşıldır, birinin də budağı qurumayıb. 

Əməkdar müəllim İsfəndiyar kişi deyir ki, hökumətimiz və dövlətimiz çox sağ olsun ki, «Fatmeyi-Zəhra» məscidinin yanında gözəl bir park salıb. Burdakı ağaclar, yaşıllıqlar, güllər-çiçəklər bizə sanki yeni bir nəfəs verir. Aşağı düşüb «Ana-bala» abidəsinin yanına gedəndə isə  quruyan ağacları görəndə ürəyimiz para-para olur. Çünki bu ağaclar da canlıdır, onlar qulluq, su istəyir. Amma onlara nə qulluq göstərən var, nə də su verən. Bu qədər qurumlar var, görəsən onların birinin yadına düşmürmü ki, hər tərəfi tamet daşla əhatə olunan və bir-iki qarış yer qalan bu   məkanda həmin ağaclar necə inkişaf edə biləcək? Hansı ki təbiəti qoruyan nə qədər dövlət qurumları var. 

Biz  də həmin dövlət  qurumlarının yadına salırıq ki, dediyimiz məkanda  30-40 ilin ağacları artıq qurumaq üzrədir, onlar can verir. Əlaqədar  qurumlar zəhmət çəkib gəlib bu ağacların qayğısına qalmalıdır, xəstəlik düşübsə dərmanlamalı, susuzluqdan quruyursa qurumuş budaqları kəsməli və su verməlidirlər. Əks təqdirdə, bir neçə ildən sonra  gördüyümüz bu yaşıllıq zolağı, 30-40 ilin ağacları məhv olub gedəcək.  

Eşitdik ki, yaxınlıqdakı iki hektara yaxın sahədə  möhtəşəm bir park salınır, buna görə çox sevindik. Çünki Yeni Günəşlidə insanların parka və yaşıllığa böyük ehtiyacı var. Yüz minə yaxın əhali yeni parkın salınması xəbərini eşidib çox sevindi. Deyilənlərə görə, həmin park 2027-ci ilin iyunun 1-dək  istifadəyə veriləcək. Bu gün həmin yerdə tikinti-inşaat işləri görülür, maşın və texnika gecə-gündüz işləyir. Bunlar hamısı çox gözəldir, amma o da daha gözəl olar ki, yeni tikilən parkın yanındakı qırx ilin ağaclarını əlaqədar qurumlar qurumağa qoymaya və onlara yeni həyat, yeni nəfəs verə!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.