Yeni qaydalar sosial ödənişlərin məbləğinə necə təsir göstərəcək? - AÇIQLAMA

"Baş nazir “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nı təsdiq edib. Yeni qaydalar sosial ödənişlərin elektron təyinatı sistemini daha da gücləndirir və qaydaların 3-cü bəndi sosial ödənişlərin proaktiv təyinatı ilə bağlıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, qaydalara əsasən, "Sosial ödənişlər" altsisteminə şəxsin sosial ödəniş almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində təyinat aparılır:
"Bu müddət övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin proaktiv təyinatı zamanı cəmi 5 iş günüdür. Bütün bunlar ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət və həmin uşaqlara mövsümi geyimin alınması üçün müavinət yalnız proaktiv təyin edilir. Yəni, həmin müavinətlər yalnız elektron qaydada tətbiq olunur. Bu sosial ödənişlərə əlçatanlığın gücləndirilməsinə və proseduraların ciddi şəkildə sadələşdirilməsinə xidmət edir".
Onun sözlərinə görə, sənəd həmçinin sosial ödənişlərin proaktiv təyinatının aparılmasının mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı qaydalarını müəyyən edir:
"Bu halda hər bir sosial müavinət üçün tələb olunan sənədlərin siyahısı ayrıca olaraq qeyd olunub. Qaydalara əsasən, sosial ödənişlər plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Yəni, nağd şəkildə sosial ödənişin verilməsi qadağandır. Sənəd eyni zamanda, sosial ödənişlərin ödənilməsinin dayandırılması qaydalarını da müəyyən edir. Təbii ki, əsas istiqamətlərin biri müddətli təqdim olunan təqaüd və kompensasiyaların ödənilmə vaxtının bitməsidir. Digər tərəfdən, dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi halı baş verəndə, təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric ediləndə, şəhidin, o cümlədən vəfat etmiş “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin həyat yoldaşı yeni nikaha daxil olanda, “Elektron məhkəmə” informasiya sistemində övladlığa götürmə ləğv olunanda və s. bir sıra digər hallarda ödənişlərin verilməsi dayandırılır. Sosial ödənişlərin məbləğinə gəldikdə, bu qaydalar ödənişlərin təyin olunması, verilməsi və dayandırılması şərtlərini dəqiqləşdirdiyindən məbləği müəyyənləşdirmir. Sosial ödənişlərin məbləğləri ya cənab Prezident tərəfindən imzalanan sərəncamlar, ya da birbaşa qanunla müəyyənləşir".
Digər Xəbərlər

Azərbaycanla Çin arasında imzalanmış sənədlərin detalları açıqlanıb

"Enerji effektivliyi fondunun yaradılması işləri başa çatmaqdadır" - Nazir müavini

Aprel ayında baş verən təbiət hadisələri istehsalçılara bu qədər ziyan vurub

Mərkəzi Bank inflyasiya proqnozlarını yenilədi

Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşdı

Azərbaycanda unun qiymətləri il bağlı MÜHÜM XƏBƏR
