30 Aprel 2025 13:52
124
MƏMLƏKƏT

Yenidən qurulan Ağdama Böyük Qayıdış təntənəsi 

Bəli, bu gün biz Ağdama qayıdırıq. Azərbaycan  Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 il məcburi köçkün adını daşıyan həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratdı. 

19 iyul 2022-ci il tarixindən etibarən Qarabağa Böyük Qayıdış prosesinə start verildi. Vandalizmin qurbanı olmuş Ağdamda da Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən bərpa və yenidənqurma işləri ölkə rəhbərliyinin təyin etdiyi xətt üzrə aparılmağa başlanıldı. 

Və üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin noyabr ayının 20-də Azərbaycana qaytarılan Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi  27 mart 2025-ci il tarixində keçmiş köçkünlərin sərəncamına verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev: “Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”.

Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Xüsusi qeyd olunmalıdır ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının damında günəş panelləri quraşdırılıb. 
Qeyd edək ki, Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb. Hazırda Sarıcalı kəndinə köçürülənlərin sayı 767 nəfərə (184 ailə) çatıb.

Qeyd edək ki,  birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Bununla yanaşı “İmarət” Kompleksi, Natəvanın qəbri bərpa olundu, Xaçınçay su anbarı yenidən quruldu, Ağdam Muğam Mərkəzi inşa edilir. Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb. 

İşğaldan azad olunan Ağdam şəhərinə isə  bu ilin oktyabr-noyabr aylarında ilk köçün həyata keçirilməsi planlaşdırılır. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq. 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri inşa olunacaq. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub. 

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun mətbuata verdiyi açıqlamaya görə, yaxın vaxtlarda rayonun Xıdırlı və Kəngərli kəndlərinə də ilk köç olacaq: "Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilib. Bundan başqa, bütün qeyri-yaşayış obyektlərinin də tikintisi başa çatıb. Tamamlanma işləri görülüb. Tezliklə o kəndlərin sakinlərini qəbul etməyə hazırıq. Ağdam şəhərində isə 5 məhəllənin inşası nəzərdə tutulub. Onlardan birinin tikintisinə başlanılıb. Şəhərə oktyabr-noyabr aylarında ilk köç planlaşdırılır. İlin sonunadək 5, gələn il 10, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub " 

Hazırda Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə start verilib. Ağdamdan Xankəndiyə qədər 27-28 kilometr olacağı gözlənilən dəmir yolu xəttinin artıq podratçı şirkəti seçilib. Mobilizasiya işləri davam etdirilir. Bərdə-Ağdam dəmir yolu xəttinin isə Əsgəran rayonuna qədər uzadılması planlaşdırılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir.

Hazırda inşası davam etdirilən Ağdam şəhər 1 nömrəli tam orta məktəbi bunun daha bir nümunəsidir. Bu orta təhsil müəssisəsi Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək.

Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı mövcuddur.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır. 

Göründüyü kimi, Ağdamda tikinti-quruculuq işləri sürətlə gedir və görülən işlərin miqyası böyükdür.

 Bütün bu fəaliyyət isə onu deməyə əsas verir ki, Qarabağın bütün bölgələri tezliklə dirçələcək, Qarabağımızda həyat əvvəlki vəziyyətinə qayıdacaq. Sözsüz ki, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusunun, qəhrəman əsgər və zabitlərimizin və bu yolda canlarından keçən şəhidlərimizin sayəsində.

Nicat Novruzoğlu